“44 günlük Vətən müharibəsi: milli birliyin təntənəsi” mövzusunda tədbir keçirilib
ADU-nun Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində “44 günlük Vətən müharibəsi: milli birliyin təntənəsi” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli açıb.
Beynəlxalq münasibətlər kafedrasının müəllimi, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitunun dissertantı Lamiyyə Namazova 44 günlük müharibədə qazanılan zəfərin əhəmiyyətini qeyd edərək, Qarabağın tarixi, əhalisinin etnik tərkibi haqqında müxtəlif mənbələr əsasında dövrlər üzrə məlumatlar verib, ermənilərin bu ərazilərə köçürülməsindən sonra törətdikləri özbaşınalıqların Cənab Ali Baş Komandanın uzaqgörən siyasəti, xalq-dövlət-ordu birliyi əsasında birdəfəlik məhv edildiyini qeyd edib.
Çıxış edən dosent Şəlalə Bağırova erməni saxtakarlığının, uydurma erməni dövlətçiliyinin əsas mahiyyətindən danışıb. Natiq qeyd edib ki, Vətən müharibəsi həm də həqiqətin qələbəsidir, erməni uydurmalarının dağılmasıdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni ordusunun yenilməzliyi, status-kvonun əbədi saxlanılması haqqında miflər məhv oldu. Vətən müharibəsində qələbə ilə həqiqət və ədalət zəfər çaldı.
Beynəlxalq münasibətlər kafedrasının doktorantı Rəfi Qurbanov çıxışı zamanı Şuşa bəyannaməsinin siyasi aspektlərindən söz edərək, razılaşmadakı bəndlər üzərindən müxtəlif təhlil və ümumiləşmələr aparıb.
Beynəlxalq münasibətlər kafedrasının dosenti Mətanət Əsgərova öz nitqində ermənilər tərəfindən Qarabağda törədilmiş cinayətləri xarakerizə edib, Cenevrə konvensiyası və əlavə protokollarla bağlı humanitar hüququn pozuntularını qeyd edib və Azərbaycan Respublikasının İrqi ayrı seçkiliyin ləğv edilməsi ilə bağlı konvensiyanın tələblərinin Ermənistan tərəfindən pozulması ilə bağlı BMT-nin beynəlxalq məhkəməsinə müraciət etməsindən bəhs edib.
Fəsəfə və ictimai elmlər kafedrasının müdiri dosent Ədalət Abdiyeva qeyd edib ki, Vətən müharibəsi insanların illər boyu vərdiş etdikləri həyat fəlsəfəsini dəyişdi, yeni bir təfəkkür hadisəsini - qalibiyyət fəlsəfəsini doğurdu, ordu və bayraq sevgisini həmişəlik könüllərə və zehinlərə yerləşdirdi, hər kəsə yeni həyat gücü və enerjisi bəxş etdi.