XƏBƏRLƏR

ADU-nun rektoru birinci kurs tələbələri ilə görüşüb

29 sentyabr, 2021

Sentyabrın 29-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla 2021-2022-ci tədris ilində universitetin Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinə qəbul olunmuş birinci kurs tələbələri ilə görüşüb. 

Görüşdə prorektorlar, dekanlar, kafedra müdirləri, o cümlədən professor-müəllim heyəti iştirak edib.

Rektor tələbələrlə görüşün onun üçün əlamətdar hadisə olduğunu deyib. Kamal Abdulla bu növ görüşlərin davamlı olacağını və bu görüşlərin tələbələrin qarşısına çıxacaq çətinliklərin öncədən həll olunması ilə bağlı olduğunu bildirib. Rektor universitetə yeni qəbul olunmuş tələbələri təbrik edib, onların seçimlərinin gələcək həyatlarının qurulması üçün doğru istiqamət verəcəyinə, universitetdə oxuduqları illər ərzində yiyələndikləri biliklər, topladıqları təcrübələrin ölkəmizin ləyaqətli vətəndaşları olmaları üçün imkan yaradacağına ümidvar olduğunu söyləyib: 

“Sizin həyatınızın müstəqillik dövrünün ilk addımlarıdır. Mən bu addımların uğurlu olmasını arzulayıram. Siz əlamətdar bir tarixin şahidləri olmusunuz. Zəfər ilinin tələbələri kimi Azərbaycanın şərəfli tarixini yaşamısınız. Bu xüsusi bir tarixi səhifədir. Hər birimiz şəhidlərimizin haqqını verməli, onların adına layiq işlər görməliyik. Bu gün qarşımızda duran əsas məsələlərdən biri də budur. Cənab Prezidentin yürütdüyü siyasəti layiqli şəkildə dəstəkləməli və əlimizdən gələn bütün işləri ən gözəl şəkildə həyata keçirməliyik. Arzu edirəm ki, universitet həyatına tezliklə uyğunlaşasınız, bizim kitabxanadan, auditoriyalardan səmərəli şəkildə istifadə edəsiniz, müəllimlərinizlə münasibətiniz aydın, şəffaf olsun, universitetimizin adını şərəf və ləyaqətlə daşıyasınız. Zəfər dolu bir tarixi həmişə diqqətdə saxlayın. Şəhidlərimizi unutmayın. Biz bu gün onların sayəsində rahat yaşayır və həyatımızı davam etdiririk”.

Kamal Abdulla universitetdə tələbələr üçün yaradılan şəraitdən, keçirilən tədbirlər, seminarlar, layihələr, təşkil olunan dərnək və klublardan, fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri, kitabxanalardan bəhs edib. 

ADU-nun Tədris işləri üzrə prorektoru Sevinc Zeynalova tədrislə bağlı tələbələri maraqlandıran sualları cavablandırıb. Qeyd olunub ki, dərslər pandemiya şəraitinə uyğun şəkildə keçiriləcək. Tələbələrin və müəllimlər sağlamlığının qorunması və tədrisin keyfiyyətli şəkildə keçirilməsi əsas məsələlərdən biridir.

ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Tamam Cəfərova tələbələrə universitetdə baş tutacaq layihələr, proqramlar və tədbirlər haqqında məlumat verib. Qeyd olunub ki, yaradıcılıq yönündə maraqlanan tələbələr üçün müxtəlif sosial klublar fəaliyyət göstərir. Tələbələrin vaxtlarını səmərəli keçirməsi üçün bu kimi sosial klublar əhəmiyyətlidir.

ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova universitetin beynəlxalq müstəvidə əməkdaşlığından, tələbələrin xarici ölkə universitetlərində təcrübə mübadiləsi imkanlarından danışıb. Bildirilib ki, ADU ilə bir sıra xarici ölkə universitetləri sıx şəkildə təlim və təcrübə mübadiləsi proqramlarına qoşulub. Hər bir tələbə bu mübadilə və təcrübə proqramlarında fəal iştirak etmək imkanına sahibdir.