Əsgər Zeynalov - 70
Əsgər Zeynalov - 70
Fədakar alim, ləyaqətli ziyalı
Əsgər Zeynalovun “İrəvan ziyalıları” kitabı bir daha təsdiq edir ki, İrəvan azərbaycanlıların qədim, əzəli, köhnə yaşayış məskənlərindəndir”.
Aleksandr Anatolyeviç Sotniçenko, Sankt-Peterburq Dövlət Universitetinin professoru
Bir elm adamının, ziyalının anadan olmasının 70 illiyini qeyd etmək, onun həyatına ötəri də olsa nəzər salmaq, bu dövr ərzində onun elmi, ictimai-siyasi fəaliyyətini vərəqləmək, ona düzgün qiymət vermək lazımdır və bəlkə də vacibdir. Bu günlərdə (konkret olaraq sentyabr ayının 27-də) məşhur Azərbaycan alimi filologiya elmləri doktoru, professor Əsgər Məmməd oğlu Zeynalovun 70 yaşı tamam olur. Əsgər Zeynalov baza ixtisasına görə fransız dili və ədəbiyyatı mütəxəssisdir.
Bu sahə üzrə o, doktorluq dissertasiyası müdafiə etmiş neçə-neçə sanballı kitab və məqalə yazmış, bu dərin məzmunlu elmi-tədqiqat əsərlərini həm doğma vətənimizdə, həm də bir sıra xarici ölkədə (Rusiya, ABŞ, Fransa, Almaniya, İngiltərə,Kanada, Hindistan, İsveç, Türkiyə, İran, Serbiya) çap etdirmiş və bu əsərlər həm Azərbaycanın, həm də həmin ölkələrin elmi ictimaiyyəti tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır. Bu, Əsgər Zeynalovun genişmiqyaslı elmi araşdırmalarının yalnız bir istiqamətidir. O, fransız dili və ədəbiyyatı ilə yanaşı milli folklorumuzu, klassik və müasir ədəbiyyatımızı da araşdırmış, 1991-ci ildə Azərbaycan bayatıları mövzusunda (“Azərbaycan bayatıları Qafqaz regionunda”) namizədlik (fəlsəfə doktoru) dissertasiyasını müdafiə etmişdir (ümumiyyətlə o, 40- a qədər kitabın, 400-dən artıq elmi-publisist məqalənin müəllifidir).
Bütün bunlarla yanaşı, mən deyərdim ki, Əsgər Zeynalovun elmi-publisist yaradıcılığının zirvəsini onun əzəli torpaqlarımız olan indi Ermənistan adlandırılın Qərbi Azərbaycan - İrəvan xanlığı, Göyçə mahalı, Zəngəzur haqqında, xüsusilə də bu tarixi vətənimizin qədim tarixi, zəngin mədəniyyəti, bu torpaqlardan çıxmış ziyalılar barəsində apardığı dərin tədqiqatlar təşkil edir. Bu sahədə də Əsgər Zeynalov dərin araşdırmalar aparmış, çox qiymət əsərlər yapmışdır. Bu əsərlərdən xüsusilə, “İrəvan ziyalıları” (1999), “Hara gedir bu qatar?” (2004), “Orada bir yurd var, uzaqda” (2006), “İrəvan məktəbləri” (2011), “İrəvan xanlığı... gerçəkliyin aydınlığı” (2016) kitablarını göstərmək olar.
Milli Məclisin deputatı, professor Səməd Seyidov tədqiqatçının bu sahədə araşdırmaları barədə deyir: “Ə.Zeynalovun yaradıcılıq coğrafiyası təkcə Azərbaycan çərçivəsində məhdudlaşmır. El arasında deyildiyi kimi, “Biləcəri sərhədi” ilə bitməmişdir. Bu tədqiqatçı alimin Moskvada, İranda, Türkiyədə məqalələri, “İrəvan ziyalıları” isə Sankt-Peterburq şəhərində işıq üzü görmüşdür. Bu əsər həm də ABŞ-da ingilis dilində (“Lulu” nəşriyyatı - 2016-cı il), Rusiyada - Moskvada (2011-ci il) da rus dilində çap olunmuşdur.
Əsgər Zeynalovun Qərbi Azərbaycanla bağlı olan təqiqatlarının əlamətdar cəhətlərindən biri də ondan ibarətdir ki, bu mövzu demək olar ki, tam olaraq Azərbaycanın bugünkü ictimai-siyasi ovqatı ilə üst-üstə düşür. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgərlərimizin apardığı 44 günlük şərəfli zəfər yürüşü başa çatdı, ordumuz misli görünməmiş şücaət göstərdi, 30 ilə yaxın erməni işğalçılarının əsarətində olan Qarabağı xilas etdi. Artıq Mədəniyət mərkəzimiz Şuşa, Yuxarı Qarabağın, Zəngəzurun böyük bir hissəsi rahat nəfəs alır. Rəşadətli Azərbaycan Ordusu və qəhəman Azərbaycan xalqı mənfur qonşularımıza və onların himayədarlarına sübut etdi ki, biz heç vaxt torpaqlarımızın işğal olunması ilə barışa bilmərik.
İşğalçı qonşumuz bilsin ki, bu hələ hamısı deyil, bir gün gələcək yüz minlərlə Qərbi Azərbaycandan olan soydaşlarımız öz doğma dədə-baba yurd-yuvalarına qayıdacaq. Cənab Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev partiyanın hələ 8 fevral 2018-ci bl tarixli iclasında demişdir: “Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçədir, Zəngəzurdur”. 44 günlük qələbəmizdən sonra (14.07.2021) cənab Prezident bu fikrini daha kəskin şəkildə belə ifadə etmişdir: “Zəngəzur, Göyçə, İrəvan bizim doğma torpağımızdır, biz qayıdacağıq!”. Bu təkzibolunmaz arqument bir daha Əsgər Zeynalovun bu sahədə apardığı araşdırmaların təsadüfi olmadığını, günün ən aktual mövzularından biri olduğunu göstərir.
Əsgər Məmməd oğlu Zeynalov doğma el-obasından didərgin düşmüş, başı min bir bəla çəkmiş yüz minlərlə Qərbi azərbaycanlı soydaşlarımızdan biridir. O, Qərbi Azərbaycanın Zəngibasar mahalının Yuxarı Necili kəndində dünyaya göz açmış, orta təhsilini doğma kəndində aldıqdan sonra, Bakıda təhsilini davam etdirmiş, Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsini bitirmişdir. Azərbaycan alimi – professor M.Ə.Seyidovun və professor T.Ə.Əhmədovun rəhbərliyi altında o, «Azərbaycan bayatıları Qafqaz regionunda» adlı filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Əsgər Zeynalov bu dissertasiya işi üzərində çalışarkən Ermənistan Qədim Əlyazmalar institutunda – Matenadaranda, Ermənistan Xalq yaradıcılığı Evində, Ermənistan Ədəbiyyat və İncəsənət muzeyində dərin axtarışlar aparmış, erməni mənbələrindən 550-dən artıq erməni əlifbası ilə yazılmış Azərbaycan bayatısını aşkar etmiş, onları elmi-filoloji və nəzəri-metodoloji aspektlərdə araşdıraraq qiymətli nəticələr əldə etmişdir.
Ə.Zeynalovun vətən sevgisi və ürək ağrısı ilə qələmə aldığı “İrəvan ziyalıları” kitabı vətənpərvərlik duyğularının ifadəsi ilə yanaşı, həm də qiymətli məlumatlar mənbəyi kimi də mühüm əhəmiyyət kəsb edir. Ə.Zeynalov ilk dəfə olaraq əslən irəvanlı olan bir sıra çox görkəmli Azərbaycan ziyalıları – alimlər, ictimai-siyasi xadimlər, bəstəkarlar, yazıçılar haqqında çox qiymətli məlumatlar toplamış, onlarla maraqlı publisistik səpkidə qələmə alaraq monoqrafik formada çap etdirmişdir. Bu kitabda, o, akademik Mustafa Topçubaşov, professor Əziz Əliyev, akademik Heydər Hüseynov, professor M.Mirbabayev, bəstəkar Səid Rüstəmov, şair Əhməd Cəmil, kanorejissor Hüseyn Seyidzadə və s. haqqında ətraflı məlumatlar vermişdir.
Daima vətən eşqilə alışıb-yanan Əsgər Zeynalov, doğulub boya-başa çatdığı Qərbi Azərbaycanı – İrəvan torpaqlarını, Zəngibasar mahalını, əziz Yuxarı Necili kəndini heç cür unuda bilmir, hərdən imkan düşən zaman reallıqda, əsasən isə xəyalında bu yerləri gəzib-dolaşır, ürəyindən qara qanlar axa-axa dərin nostalji hissləri ilə yaşayır. Keçmiş günləri xatirində canlandıran Əsgər müəllim «Hara gedir bu qatar?» kitabında yazır: «Sonralar İrəvanı Yerevana çevirdilər. Az qala izi-tozu da qalmadı. Hanı Təpəbaşı, Toxmaqgöl, Şəhər, Qırmızı, Dəmirbulaq, Gedərçay məhəllələri? Bəs başı göylərə ucalan minarəli məscidlər – Göy məscid, Novruzəli məscidi, Günnüklü məscidi, Hüseynəli məscidi, Hacı Bəyim məscidi, Şəhər məscidi, Zal xan məscidi!..»
İrəvan xanlığı kimi formalaşan qədim Qərbi Azərbaycan torpaqlarında yaşayan azərbaycanlılar son bir əsrdə (əsasən 1918-ci ildən etibarən) dəfələrlə əsl soyqırıma məruz qalmış, öz torpaqlarından didərgin salınaraq deportasiya edilmiş, Azərbaycanın, Türkiyənin və İranın müxtəlif ərazilərinə köçürülmüşlər. Bu ağır, məşəqqətli yaşayış şəraiti İrəvan azərbaycanlılarının iradəsini nəinki sındırmış, əksinə onların mübarizlik ovqatına daha da yüksəltmişdir. Görünür, insanın daha yaxşı, daha samballı ziyalı olması üçün böyük-böyük sınaqlardan keçməsi lazım imiş.
«İrəvan xanlığı…gerçəkliyin aydınlığ» kitabında oxucu həm bu xanlığın tarixi, mühiti, mədəniyyəti, coğrafi şəraiti haqqında, həm də bu yerlərin igid oğulları, sərkərdələri, dövlət xadimləri, alimləri, yazıçıları, rəssamları və digər incəsənət ustaları ilə yaxından tanış ola bilərlər. Bu «İrəvan ziyalıları»nın fəaliyyət sahələrinə və dairəsinə, istedad səviyyəsinə və xidmət əmsalına nəzər salanda təəccüblənməyə bilmirsən. Bu sayaq çətin şəraitdə yaşayan, daim düşmən təzyiqlərinə məruz qalan insanlar görəsən hansı ilahi qüvvənin gücü sayəsində elmin, mədəniyyətin, incəsənətin belə uca zirvələrini fəth edə biliblər?
Bu kitabda İrəvan mədrəsələri (məktəbləri), gimnaziya, seminariya və pansionatları haqqında da məlumat verilir, bu özünəməxsus yeni tipli təhsil müəssisələrində təhsil alan gələcəyin alimləri, dövlət xadimləri, sənətkarları, ziyalıları və İrəvan gimnaziyası və Müəllimlər Seminariyası, Uluxanlı Məktəbi haqqında da ətraflı məlumat verilir. İrəvan gimnaziysından bəhs edən müəllif yazır: «Dünya şöhrətli alim Mustafa bəy Topçubaşov, akademik Heydər Hüseynov, tanınmış dilçi Miryusif Mirbabayev (hər üçü Stalin mükafatı laureatı idi), akademik Əhməd Rəcəbli, görkəmli dövlət xadimi Əziz Əliyev, Maqsud Məmmədov, Həsən Seyidov, Miribrahim Seyidov, bəstəkar Səid Rüstəmov və digər görkəmli şəxsiyyətlər İrəvan gimnaziyasının yetirmələri idilər.”
Bir sıra görkəmli şəxsiyyətlər də İrəvan Müəllimlər Seminariyasında təhsil almış, bu təhsil ocağının məzunları olmuşdur. Bunlardan biri 1898-ci ildə İrəvanda məktəb açan Haşım bəy Nərimanbəyovdur. Bu məktəb Haşım bəy məktəbi kimi tanınmışdır. Bundan başqa İrəvanın ən məşhur məktəblərindən biri də 1881-ci ildən fəaliyyət gəstərən Uluxanlı Məktəbi olmuşdur. Məlum olduğu kimi, Azərbaycanın görkəmli mütəfəkkir yazıçısı, publisisti Cəlil Məmmədquluzalə də bu məktəbdə dərs demişdir. 1918-1920-ci illərdə erməni millətçiləri İrəvan gimnaziyası, seminariyası ilə birgə bu məktəbi də bağlasalar da, 1921-ci ildən etibarən həmin məktəb yenidən fəaliyyətini davam etdirmiş, son deportasiyaya qədər (1988) mövcud olmuşdur. Bu məktəbin son məzunları haqqında Ə.Zeynalov yazır: «Respublika» qəzetinin sabiq redaktoru, filologiya elmləri doktoru, professor mərhum Teymur Əhmədov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq elmləri doktoru, professor Gülçöhrə Məmmədova, biologiya elmləri doktoru Fərrux Məmmədov, tibb elmləri doktoru, professor Maqsud Qasımov, kimya elmləri doktoru Zakir Rzayev, texnika elmləri doktoru Firudin Xəlilov, bu sətirlərin müəllifi və bir çox ziyalılar Uluxanlı Məktəbinin yetirmədləridir».
Qərbi Azərbaycanın ən etibalı tarixi salnaməsi olan toponimiyası - yer (mahal, şəhər, kənd, dağ, çay, göl və s.) adlarıdır ki, onlar da xalis türk adlarıdır, əsl türk etimologiyasının bariz nümunəsidir. İrəvan xanlığına daxil olan on beş mahalın bəzilərinin adları belədir: Qırxbulaq, Zəngibasar (Uluxanlı), Qərbibasar (Körpübasar, Əştərək), Vedibasar, Sürməli, Dərələyəz, Dərəçiçək, Göyçə mahallarını adları dediyimizə misal ola bilər.
Digərlərinin də adlırını çəkmək olar, onların hamısının adlarını sadalamağa ehtiyac yoxdur. Eləcə də burada İrəvan şəhərinin məscidləri barədə danışılır: Təbriz məscidi, Hacıbəyim məscidi, Novruzəli məscidi, Qala məscidi, Günnüklü, Hüseyünalı məscidləri və s; şəhərin məhəllələri: Yoncalı bağ, Dərə bağları, Təpəbaşı, Qırmızı məhəllə, Gedər çay və s.
İlk olaraq, müxtəlif dövrlərdə vətənlərindən didərgin düşən, qaçqınlıq taleyini yaşayan bəzi ziyalılarımız, görkəmli şəxsiyyətlərimiz haqqında söz açan Ə.Zeynalov yazır: «Təxmini hesablamalara görə Şərqi Azərbaycanda 3 milyondan artıq Ermənistan mənşəli azərbaycanlı yaşayır. Həmin torpaqlardan olan ziyalıların əksəriyyəti bu qaçqınlıq mərhələsini keçmişlər - Fars Abbas da, C.Məmmədzadə də, M.Topçubaşov da, Ə.Əliyev də, H.Seyidov da, H.Seyidzadə də, B.Seyidzadə də, Ə.Cəmil də, C.Xəndan da, S.Rüstəmov da və bir çox başqaları da.
Demək olar ki, böyük şair M. Arazın, tanınmış alim F.Hüseynovun, görkəmli kinorejissor Ş.Mahmudbəyovun, respublika Akademiyasının müxbir üzvü, xalq yazıçısı İ. Hüseynovun, AMEA-nın müxbir üzvü Nizami Cəfərovun, tanınmış tərcüməçi Sabir Mustafanın və bir çox tanınmış ziyalıların valideyinləri də 1918-1920-ci illərdə və 1948-1953 o torpaqları məcburi surətdə tərk etmişlər».
Ə.Zeynalov bu kitabında Azərbaycan elminin, mədəniyyətinin bir çox sahələrində yeni izlər açmış, çoxsaylı yeniliklər etmiş İrəvan ziyalılırı - Həsən Seyidov, dünyada analgeziya nəzəriyəsinin banisi M.Topçubaşov, Azərbaycanda ilk rəngli kino yaradan H.Seyidzadə, ilk ədəbiyyat nəzəriyyəçisi C.Xəndan haqqında də əsaslı məlumatlar verilmişdir.
«İrəvan xanlığı...Gerçəkliyin aydınlığı» kitabında Azərbaycanın İrəvan əsilli bir sıra köklü ziyalı nəsli barəsində bugünkü oxucu üçün mühüm əhəmiyyət kəsb edən məlumatlar verlmişdir. Bunlardan, xüsusilə Mirzə Qədim İrəvani, Mirbağırovlar, Mirbabayevlər, Abbas və Cabbar Məmmədzadələr, Qazıyevlər, Abbasqulu xan Erivanskilər, Muğanlınskilər, Topçubaşovlar, Əziz Əliyev, göyçəli Əfəndiyevlər, Fərəcovlar, Axundovlar, gərnibasarlı Seyidovlar (Seyidzadələr), Haqverdiyevlər, Kərimovlar, Bağırzadələr, Yusifovlar nəsli və çoxsaylı görkəmli şəxsiyyətlər - bəstəkar Səid Rüstəmov, akademik Heydər Hüseynov, şair Əhməd Cəmil, professor Gülçöhrə Məmmədova, professor Mirəli Seyidov, xalça ustası Kamil Əliyev, rəssam Cabbar Quliyev və neçə-neçə bu qəbildən olan məşhur ziyalı barəsində çox maraqlı və dəyərli tədqiqatlar öz əksini tapmışdır.
Topçubaşovlar nəsli zəngin tarixə malikdir. Akademik Mustafa bəy Topçubaşovun dediyinə görə, Topçubaşovlar nəslinin kökləri hələ XV-XVI əsrlərdə İrəvanda mövcud olmuş, sonra onların bir qolu Gəncəyə, digər qolu isə Tiflisə köçmüşdür. Peterburq Universitetinin professoru Mirzə Cəfər Topçubaşov və Azərbaycan Demokratik Respublikası Parlamentinin sədri Əlimərdan bəy Topçubaşov bu kökə mənsub ziyalılardır.
Akademik Mustafa bəy Topçubaşovun atası Ağa bəy Topçubaşov olmuşdur. Onun Mustafa bəydən başqa Rza bəy, Mehdi bəy və Məhəmməd bəy adlı daha üç oğlu olmuşdur. Onların da hər üçü yaxşı təhsil almış, ziyalı olmuşdur. İrəvanın Daşlı məhəlləsində olan pansiyonda ilk təhsilini alan Mustafa bəy Kiyev Dövlət Universitetinin tibb fakültəsində oxumuş, 1919-cu ildə təhsilini başa vurub Bakıya gəlmişdir. Ömrünın sonuna qədər Tibb Universitetində pedaqoji faliyyətlə məşğul olan, neçə-neçə yüksək ixtisaslı tibb kadrları hazırlayan M.Topçubaşov həm də görkəmli alim və əvəzsiz cərrah olmuşdur. O, 1938-ci ildə efir-yağ ağrısızlaşdırılmasını - uzun müddətli analgeziyanı kəşf etmişdir. M.Topçubaşov 1943-cü ildə elmi xidmətlərinə görə Azərbaycanda yaradılan Elmlər Akademiyasına 15 alim, mədəniyyət xadimləri və yazıçılarla (M.Mirqasımov, Y.Məmmədəliyev, H.Hüseynov, Ü.Hacıbəyov, S.Vurğun, M.İbrahimov və s.) bərabər ilk akademiyanın həqiqi üzvü seçilmişdir.
M.Topçubaşov 1950-ci ildə Beynəlxalq Cərrahlar Assosasiyasının və Ümumittifaq Cərrahlar Cəmiyyətinin fəxri üzvü seçilmiş, SSRİ Tib Elmləri Akademiyasının müxbir üzvü və Bolqarıstan Elmlər Akademiyasını həqiqi üzvü seçilmişdir. O, Sostalist Əməyi Qəhrəmanı fəxri adını və dörd dəfə Lenin (Dövlət) Ordenini almışdır. Dəfələrlə onun namizədliyi Nobel mükafatına təqdim olunsa da, məlum səbələrə görə bu mükafat ona verilməmişdir. Ümummilli lider, Azərbaycan Respublikasının o zamankı prezidenti Heydər Əliyevin Sərəncamı ilə akademik Mustafa bəy Topçubaşovun anadan olmasının 100 illik yubileyi təmtəraqla keçirilmişdir.
Əziz Məmmədkərim oğlu Əliyev görkəmli alim, tibb işçisi və dövlət xadimi olmuşdur. Məmmədkərimin Tərlan, Göyçək, Əziz, Şamama və Ziyad adında beş övladı olmuşdur. 1918-ci il qəddar daşnak deportasiyası zamanı Tərlan xanım öz ailəsi ilə birlikdə İrana getmiş və orada yaşamışdır. Göyçək xanım da tibb işçisi olmuş, onun ailəsi sonralar Azərbaycan tibb elminə Qurban Həsən oğlu Əliyev (tibb elmləri namizədi, keçmiş Təhsil naziri) vermişdir. Şamama Ələsgərova da tanınmış tibb işçisi olmuşdu. O, uzun müddət 5 saylı klinik doğum evinə rəhbərlik etmişdir. Bu nəslin ən görkəmli nümayəndəsi isə Əziz Məmmədkərim oğlu Əliyev olmuşdur. Əziz Əliyev 1932-ci ildə Azərbaycan Respublikası Xalq Səhiyyə Komissarının müavini, elə həmin ildən 1935-ci ilə qədər də Azərbaycan Tibb Universitetinin rektoru olur. Yüksək təşkilatçılıq qabiliyyətinə malik olan professor Əziz Əliyev həm də böyük alim idi və o, tibb sahəsində bir sıra maraqlı və əhəmiyyətli kitablar yazmışdır.
Əziz Əliyev həm də Azərbaycana bir-birindən dəyərli, görkəmli şəxsiyyətlər bəxş etmişdir. Onun qızı akademik Zərifə xanım Əliyeva, böyük oğlu respublikanını baş terapevti, professor Tamerlan Əliyev, qızı istedadlı musiqiçi Gülarə Əliyeva. Əziz Əliyevin digər bir oğlu akademik Cəmil Əliyev də beynəlxalq tibb aləmində öz sözünü demiş məşhur mütəxəssisdir.
Əsgər Zeynalovun «İrəvan xanlığı... Gerçəkliyin aydınlığı» kitabı da məhz elə bu məqsədlə yazılmışdır. Əslində bu kitabın janrını, istiqamətini müəyyən etmək bir qədər çətindir. Bu kitab həm tarixdir, həm coğrafiyadır, həm sosiologiyadır, həm politologiyadır, həm təbiət elmləri, həm də humanitar elməri əhatə edən mürəkkəb məzmunlu və quruluşlu bir tədqiqat əsəridir. Bir sözlə, bu kitab mövzusuna, quruluşuna görə özünəməxsus bir ensiklopediyadır. Özü də qeyri-standart, özünəməxsus bir ensikdlopediya. Elindən-obasından didərgin düşmüş insanların həyatına, yaradıcılığına, fəaliyyətinə həsr edilmiş bir ensiklopediya. Bu kitab, bu gün xalqımızın ən ağrılı məsələlərindən birinə – ata-baba yurdumuzun bir güşəsi olan, bu gün Ermənistan adlanan Qərbi Azərbaycanın acı taleyinə, onun tarixinə, ziyalılarına, başıbəlalı insanlarına həsr olunmuşdur.
Çox qədim tarixə malik olan Qərbi Azərbaycan torpaqları zaman-zaman işğallara məruz qalmış, bu ərazidə yaşayan əsl oğuz türkləri mürəkkəb bir tarixi həyat yolu keçmişdir. Təəssüflə qeyd etmək lazımdır ki, hələ bu günə qədər Qərbi Azərbaycan mövzusu tarixçilər, politoloqlar, sosioloqlar, kulturoloqlar tərəfindən lazımi səviyyədə araşdırılmamış və bu sahədə çox qaranlıq məqamlar, hələ deyilməmiş çox sözlər qalmaqdadır. Əsgər Zeynalovun bu sahədə apardığı bütün araşdırmalar bir ədəbiyyat professorunun, bir publisisitin şəxsən yaşadıqlarının, bütün şüurlu həyatı boyu apardığı müşahidələrin təsviri kimi bu problemin çözülməsi yolunda atılan uğurlu addımdır.
Əsgər Zeynalovun «İrəvan xanlığı... Gerçəkliyin aydınlığı» kitabı Azərbaycanın və bir sıra xarici ölkələrin qabaqcıq elm xadimlərinin diqqətətini cəlb etmişdir. Akademik, millət vəkili Nizami Cəfərov, «Respublika» qəzetinin baş redaktoru professor mərhum Teymur Əhmədov, Sankt-Peterburq İqtisadiyyat və Maliyyə Univesitetinin pofessoru Boris Starkov, Rusiya Elmlər Akademiyasının Şərqşunaslıq İnstitutunun şöbə müdiri, professor Rudlolf İvanov kimi tanınmış elm xadimləri Əsgər Zeynalovun bu mövzuda yazdığı əsərlərinin xüsusi əhəmiyyət kəsb etdiyini göstərmiş ona yüksək qiymət vermişlər.
Əsgər Zeynalov klassik fransız ədəbiyyatı sahəsində də peşəkar səviyyədə məşğul olan alimdir. Bu sahəyə aid onun “Fransız ədəbiyyatında Şərq” (1996 və təkmiləşmiş variantı, 1999), “Volter yaradıcılığında Şərq” (2001), “Viktor Hüqo” (2001), “O, bir əsr idi” (2010), “Viktor Hüqo və Lui Araqonun şeirlərinin tərcüməsi” (2012), “Fransız ədəbiyyatının milyarderi” (2013), “Hüqo” (2014) adlı kitabları çap olunmuşdur.
“Hüqo” kitabına daxil edilən bütün bölmələr yeni məlumatlar və maraqlı faktlarla zəngindir. Bu kitabda yer alan «Hüqo İslam dinini qəbul etmişdirmi?» ritorik sual başlığı ilə verilmiş bölmə isə həm gözlənilməzliyi, həm də əhəmiyyətliliyi baxımından xüsüsi əhəmiyyət kəsb edir.
Hüqonun dini inancı və dünyagörüşü məsələsi də onun yaradıcılığı ilə sıx bağlı olmuşdur. Məlum olduğu kimi, hələ 1859-cu ildə yazıçının «Əsrlərin əfsanəsi» adlı bir kitabı işıq üzü görmüşdür. Buraya şairin islam dini, bu dinin peyğəmbəri Məhəmməd peyğəmbər mövzusunda çox qiymətli üç poetik əsəri – «Hicrinin doqquz ili», «Məhəmməd» və «Sidr ağacı» daxil edilmişdir. Bu kitab şairin yüz illik yubileyindən – 1902-ci ildən sonra düz yüz il ərzində, 2002-ci ilə qədər heç bir yerdə çap olunmamışdır.
Məsələ burasındadır ki, son vaxtlara qədər nə fransız, nə rus, nə də digər xalqların hüqüqşünasları «Əsrlərin əfsanəsi» kitabının adını dönə-dönə çəksələr də, bu kitaba daxil olan bir mövzudan bəhs etməyiblər.
Bu, Viktor Hüqonun islam dininə münasibəti məsələsidir. Son dərəcə mübahisəli məsələ olan bu problemlə əsaslı şəkildə məşğul olan Əsgər Zeynalov fransız dilində nəşr olunmuş elmi mənbələrə istinadən belə bir qənaətə gəlmişdir ki, həqiqətən də görkəmli fransız romantiki Viktor Hüqo müsəlman olmuş, hətta özünə müsəlman adı da götürmüşdür. Ə.Zeynalov fransız dilində aşkar etdiyi bir mənbədən delə bir parça verir: «Şairlərin ən parlağı Hüqo müsəlman idi. Heç kəs bilmirdi ki, məşhur Hüqo müsəlman idi... Şübhəsiz ki, onun müsəlman olduğunu mediada (mətbuatda) demək olmurdu... Bu təkrarsız poemaların müəllifi Hüqo inam yolunu təsdiq edərək bildirmişdir ki, «Allah təkdir, onun heç bir şəriki yoxdur, Məhəmməd onun elçisidir. 1881-ci ilin sentyabr ayının 6-da onun göndərdiyi (şübhəsiz ki, Tanrı nəzərdə tutulur – Ə.Z.) Şeyx İbrahim dö Tlemcen Əlcəzairli Parisdə onun otağında (Hüqonu otağında – Ə.Z) olmuş və bunun nəticəsində fransız ədibi Əbu Bəkr Hüqo adını qəbul etmişdir. Şeyx İbrahim Parisə Hüqonu yanına gələrkən ona bir canamaz (sayyada – Ə.Z.) gətirmişdi. O, 1885-ci ildə bir müsəlman kimi dünyasını dəyişmişdir».
Qeyd olunduğu kimi Əsgər Zeynalov doktorluq disertasiyasını Volterdən yazmışdır:”Şərq Volter yaradıcılığında “ . O, bu monoqrofiyasında dahi fransa ədibinin bir romanını, 3 faciəsini və 8 cilddən ibarət “ Millətlərin adətləri və düşüncə tərzləri haqqında esse” əsərini tədqiqata cəlb etmişdir.
Təqiqatçı bu əsərində Volterin zərdüşlük baxışına, Hindistan mədəniyyətinə baxışına, Türk baxışına, müsəlman aləminə baxışına geniş şəkildə öz münasibətini bildirmişdir. Ədəbiyyatşünas alim faktlarla, fransız qaynaqları əsasında Şərq mədəniyyətinin Avropa mədəniyyətinə təsirini göstərmişdir. Əlbəttə, bu zəhmətkeş tədqiqatçının çoxşaxəli yaradıcılığı geniş araşdırmalar tələb edir.
Biz Əsgər müəllimi, bu istedadlı və məhsuldar tədqiqatçını 70 illik iş münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq.
Cəlil Nağıyev
BDU-nun Dünya ədəbiyyatı kafedrasının müdiri, professor