ADU-nun kollektivi Anım günü ilə əlaqədar Gəncəyə səfər ediblər
Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizin, qətlə yetirilən mülki vətəndaşların əziz xatirəsini anmaq məqsədilə Azərbaycan Dillər Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, millət vəkili Tamam Cəfərova, universitetin əməkdaşları və tələbələri 27 sentyabr Anım Günü ilə əlaqədar Gəncəyə səfər ediblər. Səfər zamanı universitet heyəti Gəncə Şəhidlər xiyabanını ziyarət edib, Vətən müharibəsi günlərində ermənilərin mülki əhaliyə qarşı törətdiyi terror nəticəsində dağıdılmış evlərə baş çəkiblər.
Eyni zamanda mülki əhali ilə görüş zamanı millət vəkili Tamam Cəfərova bildirib ki, Ermənistanın Gəncəni raket atəşinə tutması həm də onu göstərir ki, işğalçı ölkə əvvəlki illərdə olduğu kimi yenə də dünya ictimaiyyətinin çağırışlarını heçə sayıb, bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozub. Bu, Ermənistan dövlətinin faşist və təcavüzkar xislətini bir daha sübut edir. Bunun isə tək səbəbi indiyə kimi Ermənistanın cəzasız qalması və işğalçı ölkəyə qarşı hər hansı bir beynəlxalq sanksiyanın tətbiq olunmamasıdır.
ADU kollektivi və tələbələr daha sonra Gəncənin raket hücumuna məruz qalması nəticəsində hər iki valideynini itirmiş 3 yaşlı Nilayla görüşüblər.
Görüşdə Gəncə şəhərinin millət vəkilləri Müşfiq Məmmədov və Pərvin Kərimzadə iştirak edib. Onlara ADU kollektivi adından təşəkkür edirik.