XƏBƏRLƏR

Azərbaycan Dillər Universitetində 27 sentyabr Anım Günü ilə əlaqədar tədbir keçirilib

27 sentyabr, 2021

Azərbaycan Dillər Universitetində (ADU) 27 sentyabr Anım Günü ilə əlaqədar tədbir keçirilib. Anım tədbirində universitetin əməkdaşları, müəllimləri və tələbələr iştirak edib.

Universitet rəhbərliyi Ulu Öndər Heydər Əliyevin büstünü və ADU şəhidlərinin xatirə lövhəsini ziyarət edərək, unudulmaz xatirələrini ehtiramla yad ediblər. 

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, şəhidlərin əziz xatirəsinin daima qəlbimizdə yaşayacağını bildirib:

“Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğullarının çiyinlərində yüksəlir. Torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirik!”

Azərbaycan xalqının müzəffər xalq kimi dünya xalqları içərisində seçildiyini qeyd edən rektor, bu tarixi uğura görə şəhidlərimizə, qazilərimizə, Ali Baş Komandan, Prezident İlham Əliyevə borclu olduğumuzu söyləyib. Ulu öndər Heydər Əliyevin başlatdığı siyasətin bu gün də layiqincə davam etdirildiyi bildirilib. Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən Müharibəsindəki cəsarəti, inamı və qətiyyəti hesabına bütün dünya dövlətləri haqq savaşında kimin kim olduğunu gördü. Bu uzaqgörən və müdrik siyasətin nəticəsində haqq savaşımız bir çox ölkələr tərəfindən  düzgün qarşılandı. Bu da tarixi uğur idi. Bu uğuru hər kəs öz işində, öz əməlində davam etdirməlidir.

Həmçinin ADU-nun şəhid məzunlarının qəhrəmanlığı, Vətən uğrundan canlarından keçməsi böyük qürur və fəxarətlə qeyd olunub:

“Hər bir şəhid bizim üçün əziz, xatirəsi əbədi və unudulmazdır. Şəhidlər ölməzdir, ruhları bizimlədir, onlar göylərdədir və bizi görürlər. Çalışmaq lazımdır ki, onlara layiq bir ömür sürək və Vətənəmizi qoruyaq. Bu bizim əsas və başlıca vəzifəmiz olmalıdır.”

Tədbir ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə tələbələrin hazırladığı bədii kompozisiya ilə davam edib.