XƏBƏRLƏR

Təhsil 1 fakültəsi 27 sentyabr Anım günü ilə bağlı tədbir təşkil edib

26 sentyabr, 2021

Təhsil 1 fakültəsinin təşkilatçılığı ilə 27 sentyabr Anım gününə həsr olunmuş onlayn seminar keçirilib. Tədbirdə rektorun müşaviri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Anar Osmanlı, Təhsil 1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri vəzifəsini icra edən, dosent Qorxmaz Mustafayev, Təhsil 1 fakültəsi nəzdində fəaliyyət göstərən kafedraların müdirləri və professor-müəllim heyəti, tələbələr, eləcə də ADU-nun şəhid məzunu Əzim Fikrət oğlu Həsənovun anası Şəhla Həsənova iştirak edib.

Şəhid məzunumuz Əzim Həsənovun timsalında bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdikdən sonra tədbirin moderatoru Təhsil 1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov çıxış üçün sözü rektorun müşaviri Anar Osmanlıya verib. Anar Osmanlı 44 günlük Vətən müharibəsi zamanı əsgər və zabitlərin şücaətindən bəhs edərək Ali Baş Komandan cənab İlham Əliyevin bu istiqamətdə yürütdüyü siyasətin bəhrəsinə şahid olduğumuzu və Türk qardaşlarımızın Azərbaycana olan dəstəyini xüsusi olaraq vurğulayıb. O, qeyd edib ki, Universitetin tədris binalarının giriş hissəsində şəhid tələbə və məzunlarımızın əziz xatirəsinə həsr olunmuş guşənin yaradılması tələbələrdə vətənpərvərlik hissinin formalaşmasında xüsusi rol oynayacaq.

Tədbirdə iştirak edən şəhid məzunumuz Əzim Həsənovun anası Şəhla Həsənova oğlunun uşaqlığından və tələbəlik illərindən söz açıb. O, Əzimin Cəbrayıl, Hadrut, Xocavənd, Füzuli uğrunda gedən döyüşlərdə vuruşmasını və  Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində qəhrəmancasına həlak olaraq öz arzusuna çatdığını xüsusi olaraq vurğulayıb. Onun sözlərinə görə, Əzim hər zaman “mən nə edirəmsə, yaxşı insanlara görə edirəm” şüarı ilə yaşayıb və bu fikirlə də Vətənə olan borcunu yerinə yetirərək şəhidlik zirvəsinə ucalıb. 

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Qorxmaz Mustafayev tarixi faktlardan bəhs edərək I və II Qarabağ müharibəsinin gedişini müqayisəli şəkildə şərh edib. Onun dediyinə görə, biz aprel döyüşlərinin məntiqi nəticəsini sentyabrın 27-də başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində müşahidə etmiş olduq. Təhsil 1 fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı 1 kafedrasının müdiri, dosent Amil Cəfərov öz çıxışına “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı ilə başlayaraq həm 90-cı illərdə apardığımız haqq döyüşlərində, həm də 44 gün davam edən II Qarabağ müharibəsində qəhrəman oğullarımızın danılmaz rolundan bəhs edib.   

Tədbirdə iştirak edən Təhsil 1 fakültəsinin II il tələbəsi Aytac Məmmədli nitqinə I Vitse-prezident Mehriban Əliyevanın hər kəs tərəfindən sevilən şüarı –  “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin” cümləsi ilə başlayıb. O da öz növbəsində şəhid və qazilərimizin şücaətindən söz açaraq gənclərimizdə vətənpərvərlik ruhunun formalaşmasında baş vermiş proseslərin rolundan bəhs edib. Onun bu fikirlərinə qoşulan Təhsil 1 fakültəsinin III il tələbəsi Xanım Hüseynova azərbaycanlı gənclərdə Vətən sevgisinin nə qədər böyük olduğundan söz açıb.

Sonda çıxış üçün söz alan Təhsil 1 fakültəsi nəzdində Pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov şəhid analarının qarşısında baş əyərək onların gücündən və əzmindən danışıb, hər kəsi şəhid və qazilərimizlə hər zaman fəxr etməyə səsləyib.

Tədbirin yekununda səslənən fikirlərə qoşulan fakültə dekanı, professor Fikrət Cahangirov bir daha şəhidlərin ruhunun əbədi yaşayacağını söyləyərək ADU-nun şəhid tələbəsi,  milli qəhrəmanımız Ülvi Bünyadzadənin əziz xatirəsini daima  hörmətlə andığımız kimi, şəhid məzunumuz Əzim Həsənovun ruhu qarşısında da öz borcumuzu yerinə yetirməyə hər zaman çalışacağımıza əmin olduğunu diqqətə çatdırıb.