XƏBƏRLƏR

Təhsil-2 fakültəsi Vətən müharibəsi ilə bağlı anım günü keçirib

26 sentyabr, 2021

ADU-nun Təhsil-2 fakültəsinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi  ilə bağlı anım günü keçirilib. Tədbirdə Təhsil-2 fakültəsinin dekanı dos.Salman Nuriyevlə yanaşı, dekan müavinləri, fakültənin nəzdində fəaliyyət göstərən kafedraların müdirləri və professor-müəllim heyəti, şəhid leytenant Abbasov Teymur Feyruz oğlunun həyat yoldaşı Sonaxanım Abbasova və Təhsil-2 fakültəsinin tələbələri iştirak edirdilər.

Tədbiri giriş nitqi ilə açıq elan edən dos. Salman Nuriyev öz çıxışında Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan seperatçılarına qarşı başladığı əks hücum əməliyyatlarından və əldə etdiyi möhtəşəm qələbədən bəhs etdi. Daha sonra o qeyd etdi ki, cəbhədə qazanılan zəfərlərimizin, uğurlarımızın başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin uzun müddət ərzində  həyata keçirdiyi güclü dövlət, güclü xalq və güclü ordu strategiyası idi.

Növbəti çıxış Təhsil-2 fakültəsi nəzdində İngilis dili və üslubiyyatı kafedrasının müdiri Mehriban Hüseynovanın oldu. O öz çıxışında vurğuladı ki, Azərbaycan xalqı Böyük Zəfərin ilk addım səslərini Qarabağın incisi sayılan, musiqi, mədəniyyət beşiyi olan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk anlarda eşitdi. Məhz bu qədim yurdun xilası ilə bizim qələbəmizə yol açıldı.

Daha sonra şəhid leytenant Teymur Abbasovun həyat yoldaşı Sonaxanım Abbasovanın çıxışı ilə tədbir davam etdirildi. O öz çıxışında qeyd etdi ki, qürur və kədər hissini birlikdə yaşayır. Kədərlidir ona görə ki, həyat yoldaşını itirib. Qürurludur ona görə ki, onun həyat yoldaşı Şəhidlik zirvəsinə ucalıb. O elə zirvədir ki, oradan Vətən görünür. O Vətən torpağı ki, şəhid qanı ilə yoğrulur.

Tədbirin davamında çıxış edən professor Çəmən Babaxanova, professor Arif  Hüseynov və İngilis dili leksikologiya və üslubiyyatı 2 kafedrasının müəllimi Xuraman Mirzəyeva öz çıxışlarında vurğuladılar ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişlərdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. Daha sonra qeyd etdilər ki, bu müharibənin qazananı, zəfər çalanı məhz Azərbaycan xalqı olduğu üçün çox sevincli və qürurludurlar. Tədbir tələbələrin çıxışları ilə yekunlaşdı.