XƏBƏRLƏR

Oxucu mükafatı laureatı - Professor Əsgər Zeynalov - 70

23 sentyabr, 2021

Sentyabrın 27-də professor Əsgər Zeynalovun 70 yaşı tamam olur. Bu münasibətlə ADU-nun rəhbərliyi və kollektivi adından Əsgər Zeynalovu təbrik edir, ona uzun ömür, cansağlığı arzu edirik. Filologiya elmləri doktoru, professor Şahin Xəlillinin “Oxucu mükafatı laureatı” yazısını təqdim edirik.

 

Azərbaycan Dillər Universiteti professoru Əsgər Zeynalov fransız ədəbiyyatında Şərq, Azərbaycanla bağlı çox-çox gizlin həqiqətlərin sorağına düşüb daha əhatəli, geniş elmi, ədəbi-bədii düşüncə sözünün yeni cilası, rekonstruksiyası ilə fransız ədəbiyyatının görkəmli mütxəssis alimi kimi tanınmışdır.

* * *

Sentyabr ayının 27-də görkəmli alim ADU-nun Fransız dili və Mədəniyyəti Mərkəzinin müdiri, Azərbaycan Jurnalistlər  və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nyu York Elmlər Akademiyasının  üzvü, Özbəkistanın Turan Elmlər Akademiyasının akademiki, Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin üzvü, Türk Dünyası Araşdırmalar Beynəlxalq Akademiyasının akademiki, Almaniyada fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyasınının akademiki, 2019-cu ildə Türk Dünyası Araşdırmalar Beynəlxalq Akademiyasının Beynəlxalq qızıl medalına layiq görülmüş,  filologiya elmləri doktoru, professor  Əsgər Məmməd oğlu Zeynalovun 70 yaşı tamam olur. 40-a qədər  kitabın, 400-dən artıq elmi-publisistik  məqalənin müəllifi olan bu zəhmətkeş alimin əsərləri təkcə vətənində deyil, bir çox xarici ölkələrdə də nəşr edilmişdir. Onun “İrəvan ziyalıları” kitabı 2011-ci ildə Sankt-Peterburqda, 2013-cü ildə Moskvada rus dilində, “Hüqo-fransız ədəbiyyatının milyarderi” monoqrafiyası isə 2015-ci ildə Fransada fransız dilində, 2016-cı ildə Almaniyada ingilis dilində, “Hüqo”(2016) və “İrəvan ziyalıları” (2016) kitabları ABŞ-da ingilis dilində, “Hüqonun Şərq baxışı” (2016) İngiltərədə ingilis dilində, ”Volter və Hüqonun Şərq baxışı” (2016) Kanadada ingilis dilində, “İrəvan xanlığı... gerçəkliyin aydınlığı” kitabı (2016) ABŞ-da Azərbaycan dilində, “Şərq Volter yaradıcılığında” (2017) monoqrafiyası Hindistanda ingilis dilində, “Volter və Hüqonun Şərq dünyası” (2018) kitabı İsveçdə ingilis dilində çap olunmuş, onlarla məqaləsi Serbiya, İran, Rusiya və Türkiyədə işıq üzü görmüşdür.

Qərbi Azərbaycanın paytaxt şəhəri İrəvandan çox da uzaqda olmayan Zəngibasar mahalının Yuxarı Necili kəndində dünyaya göz açan Əsgər Zeynalov elə bu kənddəki səkkizillik məktəbdə oxumuşdur. Zəngibasarın Uluxanlı kənd orta məktəbini bitirdikdən bir il sonra indiki Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsində təhsil almışdır. Bir müddət təyinatla Qarabağın Ağdərə rayonunda Manikli və Xatınbəyli kəndlərində fransız dili müəllimi işləmiş, bir il keçəndən sonra isə doğma Yuxarı Necili və qonşu Dəmirçi kənd orta məktəblərində pedaqoji fəaliyyəti ilə məktəb kollektivinin və şagirdlərin sevimli müəllimi olmuşdur.

Əsgər Zeynalovun bioqrafik cizgilərini sadalamaqla qurtaran deyil. Sadəcə olaraq bir cəhəti qeyd etmək istərdim ki, onun həyat, elmi yaradıcılıq yolu nahamar, daşlı-kəsəkli olub. Min bir əzab-əziyyətlə 1988-ci ildə elliklə doğma Vətən torpağından deportasiyanın ağrı-acılarını dadan Əsgər müəllimin əvvəlcə “Azərbaycan bayatıları erməni qaynaqlarında” adlı dissertasiyası sonralar Qarabağla bağlı münaqişələrin və müharibənin qızğın çağında müəyyən bəhanələrlə “siyasi don” geyindirilərək mövzunun adında dəyişikliyin aparılıb, “Azərbaycan bayatıları Qafqaz regionunda” adı ilə Müdafiə Şurasına təqdim edilmişdir. Tamamlanmış tədqiqat işində yeni mövzunu əhatə etmək onu ikinci əzab-əziyyətli günlərin məngənəsinə salmışdır.

Namizədlik dissertasiyasının müdafiəsindən düz 12 il sonra – 2003-cü ildə Əsgər Zeynalov “Fransız ədəbiyyatında Şərq (Volterin yaradıcılığı əsasında)” adlı doktorluq dissertasiyasının müdafiəsi ilə çoxşaxəli yaradıcılığının yeni pilləsində peşəkar alimliyini təsdiq etdi.

Bir vaxtlar kənd orta məktəbində Salam Qədirzadənin “Şirinbala bal yığır” tamaşasında Universitet müəllimi, professor rolunu ifa edən Əsgər müəllim çox keçməmiş əsl professorluğunu qazandı.

Geniş və rəngarəng ədəbi, elmi yaradıcılığı ilə seçilən həmkarımızın nəşr etdirdiyi kitablar onun ədəbiyyat sahəsində uğurlara əl atdığından xəbər verir. Xüsusilə Azərbaycan, ingilis, rus dillərində çap etdirdiyi “İrəvan ziyalıları” kitabını onun yaradıcılığının şah əsəri olduğunu söyləyənlər fikirlərində yanılmırlar. “Hara gedir bu qatar?” adlı publisistik üslubda yazdığı yol qeydləri onun doğma yurd yeri İrəvana, Qərbi Azərbaycana olan sevgisinin musiqi qədər könülləri oxşayan səmimi ürək sözünün, yanğısının oxuculara məlhəm olan, birnəfəsə oxunan ədəbi simfoniyasıdır.

Rus alimi, professor B.A.Starkovun Əsgər Zeynalovun “İrəvan ziyalıları” kitabının Sankt-Peterburqda nəşr olunmuş kitabına yazdığı Ön sözdə diqqətimi çəkən belə bir məqam var: “Bu kitab İrəvan tarixi və onun azərbaycanlı sakinləri haqqındadır. Həm də müəllif hər səhifədə göstərməyə çalışır ki, İrəvan Azərbaycan şəhəridir və onun qədim bir tarixi vardır. Öz fikirlərini sübut etmək üçün müəllif ermənicə yazılmış Sovet Ensiklopediyasından bir sitat gətirir. Orada 571-ci səhifədə yazılıb ki, XIV əsrin sonlarından XIX əsrin sonunadək və 1920-ci illərdə İrəvan Azərbaycana məxsus idi”.

Şairlər, alimlər, ruhanilər şəhəri olan İrəvan (Firudin bəy Köçərli) Erivanskilər, Qazıyevlər, Mirbabayevlər, Mirbağırovlar, Makinskilər, Muğanlinskilər... kimi məşhur ziyalılar nəslinin, görkəmli ictimai-siyasi dövlət xadimləri olan Əziz Əliyevin, Maqsud Məmmədovun, Həsən Seyidovun..., bəstəkar Səid Rüstəmovun, tanınmış alimlərdən Mustafa bəy Topşubaşovun, Heydər Hüseynovun, Əhməd Rəcəblinin, Miryusif Mirbabayevin İrəvan torpağının yetirmələri olduğunu da unutmaq olmaz.

14-16 noyabr 2001-ci il tarixdə İrəvanda keçirilən “Cənubi Qafqazda təhsil problemi” adlı Beynəlxalq konfransda olan Əsgər müəllimin yol təəssüratlarında diqqətimi çəkən “su əhvalatı” ürəyimdə Vətən sevgisinin xoş duyğularına qəribə bir ovqat gətirdi. Odur ki, həmin kiçik epizodu da bu yazıya gətirmək istədim: “İrəvandan qayıdandan sonra təxminən bir aydan artıq vaxt keçirdi. Bir gün işdən qayıdanda böyük qızım Səbinə dedi ki, su bir neçə gün qalandan sonra iy verir. Mən bu gün bacımla İrəvandan gətirdiyin sudan içdik, elə əvvəlki kimi idi. “Bu Vətən suyudur, bala, Vətən suyu” – dedim”.

Rusiya Elmlər Akademiyasının şöbə müdiri, professor Rudolf İvanov Əsgər Zeynalovun “İrəvan ziyalıları” kitabı haqqında düşüncələrində müəllifin milli təəssübkeşliyini, yurd-yuvası olan doğma İrəvan torpağının hər qarışını Məkkə hesab etdiyini təsadüfən söyləmir. Həmkarımız hisslərini sadə publisistik üslubda, hava-su qədər hər bir bəşər oğluna lazım olan sözün, faktın, gerçəkliyin ətəyindən yapışıb ürəyinin istisi, alovu ilə düşüncə dünyasının süzgəcindən keçirib oxucusuna ərməğan edir. Bu səmimilik, tarixi gerçəklik o vaxt oxucu ürəyinə yol tapır ki, onu sözün sehr-cazibəsi ilə bizimlə bölüşərək Vətən sevdasının ağır savaşında qazi kimi düşmənin yalan, fitnə-fəsadlı uydurmalarına qarşı çıxır, milli kimliyin acı həqiqətlərini mərmər yazılara köçürülən sözlər kimi onları oxucu ürəyinə tiyə ilə həkk edir.

Adını çəkdiyimiz tarixçi alimin Əsgər Zeynalovun söz mülkünə verdiyi dəyərdə bir həqiqət vardır. O yazır ki: “...Ə.Zeynalovun kitabındakı qida xeyirli, keyfiyyətli qidadır, amma onu da bilmək lazımdır ki, bu qida çörəkdən də qiymətlidir... Mənəviyyatca zəngin tərbiyə almış nəsil, quldur cəmiyyət qurulmasına icazə verməyəcək. Bu, həqiqətdir. Belə nəsil öz dövründə ətrafında kiminsə quldurluq etməsinə yol verməyəcək, nə indiki Qarabağda, nə də narahat dünyanın istənilən nöqtəsində də buna bənzər hegemonluğun baş verməsinə yol verməyəcəkdir”.

Əlbəttə, Azərbaycan aliminin tarixi və ədəbi faktlar əsasında yazdığı fikir və mühakimələri tarixi gerçəkliyin tarixi yaddaşının yağış, duman-çən, çovğunla silinməyən həqiqətlərindən yoğrulmuşdur.

İndi Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın 44 günlük qanlı müharibədə geri alınan torpağı kimi İrəvanın da, gözü yollarda qalan Ağrı dağının da, Alagöz dağının da üzərində tüğyan edən duman, çən də çəkilər, öz qoynunda yurd-yuva salmış qədim soykökü, şəcərəsi ilə tanınmış heyrət, qeyrət yükünü çəkən gələcək nəsillərin muzey yeri yox, güneyi, quzeyi kimi yenidən özünün olar.

* * *

Fransız ədəbiyyatının, onun Volter və Hüqo kimi sənət fədailərinin yaradıcılığının Azərbaycan ədəbiyyatşünaslığında öyrənilib tədqiq olunması sahəsində Əsgər Zeynalovun xidmətləri ölçüyəgəlməzdir. Doktorluq dissertasiyası Volterin yaradıcılığında Şərq mövzularının araşdırılmasına həsr olunsa da, onu Hüqonun araşdırıcısı kimi Fransada yaxşı tanıyırlar.

2007-ci ildə Fransanın mətbuat orqanlarından biri olan məşhur qəzetdə bu barədə maraqlı bir yazı da çap olunmuşdu. Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin sədri Arno Laster həmkarımızın ədəbi və elmi yaradıcılığı barədə yazdığı epistolyar dialoqlarında yüksək fikir söyləmişdir.

Fransız ədəbiyyatında Hüqo və Volter yaradıcılığı barədə Əsgər Zeynalovun kitabları Azərbaycan, fransız və ingilis dillərində bir neçə dəfə çap olunmuşdur. Bu kitablar sırasında “Hüqo”, “Hüqo – fransız ədəbiyyatının milyarderi”, “Hüqonun Şərq baxışı”, “Volter və Hüqonun Şərq baxışı”, “Şərq Volter yaradıcılığında”, “Volter və Hüqonun Şərq dünyası” ədəbi-elmi auditoriyasının marağına səbəb olmuşdur. Kitabları Fransada, İngiltərədə, Almaniya ,ABŞ-da, İsveçdə, Kanadada, Hindistanda çap olunan həmkarımın dəfələrlə Dövlət Mükafatına təqdim etdiyi əsərləri onun fransız ədəbiyyatının istedadlı və işgüzar mütəxəssisi olduğundan xəbər verir. AMEA-nın müxbir üzvlüyünə namizədliyinin seçimlərində hələ ki, açıqlamalarında imzası görünməyən bu israrlı və zəhmətkeş alimin yaradıcılığına əsl qiyməti verən onun çoxsaylı oxucularıdır. İndi anadan olmasının 70 illiyi tamam olan səmimi dost, həmkarımın, istedadlı və yorulmaq nə olduğunu bilməyən alimin hələ ki, ən böyük mükafatı – oxucu mükafatıdır.