“Mən heç bir tələbəni heç bir müəllimin ayağına verməyəcəm, amma heç bir müəllimi də heç bir tələbənin ayağına verməyəcəm” - Kamal Abdullanın məqalə və müsahibələri bir kitabda
Xalq yazıçısı, akademik Kamal Abdullanın yeddi cildliyinin altıncı cildi işıq üzü görüb.
“Seçilmiş əsərləri”nin VI cildinə müəllifin elmi, pedaqoji, ictimai fəaliyyəti, həmçinin dövlət xadimi kimi ölkədə həyata keçirilən siyasətlə bağlı müxtəlif illərdə yerli və xarici qəzet, jurnal, televiziya, radio və saytlara verdiyi müsahibələri, müxtəlif ədəbi-bədii, ictimai, sosial və siyasi proseslərlə bağlı yazdığı elmi, elmi-publisistik məqalələri, araşdırmaları daxil edilib.
Bu cild müxtəlif yerli və xarici ədəbiyyat, incəsənət, mədəniyyət və elm adamlarının, jurnalistlərin, idmançıların, tərcüməçilərin, tənqidçilərin, naşirlərin Xalq yazıçısı, akademik Kamal Abdullanın 70 illik yubileyi münasibətilə ona ünvanladığı 70 suala müəllifin cavablarından ibarət müsahibə ilə başlayır. Sonra isə Kamal Abdullanın son 30 ildə müxtəlif qəzet, jurnal, radio, televiziya və saytlara verdiyi müsahibələr xronoloji ardıcıllıqla təqdim olunur.
Cilddəki tarixi ardıcıllıqla verilən müsahibələr müstəqilliyimizin ilk illərindən başlayaraq ölkəmizdə həyata keçirilən mədəniyyət siyasətinin konturlarının düzgün müəyyənləşdirilməsi, mədəniyyətimizə dövlət qayğısı, Azərbaycandakı ədəbi proses və bu prosesin dünyada baş verən mövcud ədəbi tendensiyalarla əlaqələndirilməsi, müəllifin birbaşa yaradıcılığı, ayrı-ayrı şeir, hekayə, dram və xüsusən də dünyanın müxtəlif ölkələrində çap olunmuş, ədəbi mükafatlar qazanmış romanlarının ədəbi taleyi, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin məqsəd və hədəfləri, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən çoxşaxəli dövlət siyasətinin multikulturalizm və tolerantlıq prizmasından təhlili və digər məsələlərlə bağlıdır.
Kitabda görkəmli şəxsiyyətlər, ədəbiyyat adamları ilə ədəbi və ictimai problemlərə həsr edilmiş söhbətlər də öz əksini tapmışdır. Böyük Azərbaycan yazıçısı Ənvər Məmmədxanlı, türk dünyasının böyük şəxsiyyəti Cavad Heyət, Rusiyanın məşhur ədəbiyyat adamları Aleksandr Livergant, Lev Anninskiy, Aleksandr Tkaçenko, Boris Yevseyev, Alla Axundova, Lyudmila Lavrova, İnna Rastovtseva, Türkiyəli yazar İrfan Ülkü, ədəbiyyatşünas Yasemin Bayer, Böyük Britaniyalı araşdırmaçı-jurnalist Neil Vatson, “Ədəbiyyat” qəzetinin baş redaktoru, ədəbiyatşünas Azər Turan və başqaları ilə olan söhbətlər müəllifin müxtəlif problemlərə akademik yanaşmasını əks etdirir.
Bu cildə müəllifin xüsusən ölkəmizdə baş verən ictimai, sosial və siyasi proseslərə həsr edilmiş məqalələri də daxil edilmişdir. “Azərbaycan multikulturalizmi”, “Multikulturalizmə giriş” dərsliklərindən, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı dərs vəsaitindən, müxtəlif toplulardan və qəzetlərdən götürülmüş məqalələr, əsasən, Ulu öndər Heydər Əliyevin siyasi banisi olduğu Azərbaycan multikulturalizm modelindən və bu siyasət modelinin Azzərbaycana qazandırdığı böyük beynəlxalq dividentlərdən bəhs edir.
Qeyd edək ki, Xalq yazıçısının 7 cilddən ibarət “Seçilmiş əsərləri”nin 1-ci cildinə onun üç romanı və haqqında məlumat, 2-ci cildinə bir romanı, bir povesti və hekayələri, 3-cü cildinə şeirləri, esseləri, pyesləri, 4-cü cildinə “Kitabi-Dədə Qorqud” tədqiqatları, 5-ci cildinə dilçilik və poetikaya aid əsərləri, 6-cı cildinə intervyu və məqalələri, 7-ci cildinə onun haqqında ölkədə və xaricdə yazılan məqalə və kitablar, onlardan iqtibaslar və Kamal Abdullanın onlara münasibətini əks edən parçalar daxil edilib.