XƏBƏRLƏR

Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər ADU-ya təşəkkür edib

02 avqust, 2021

Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər Azərbaycan Dillər Universitetinə təşəkkür edib:

“Azərbaycan Dillər Universitetində Pakistan mədəniyyət mərkəzinin açılışında göstərdikləri köməyə və açılış mərasimini yüksək səviyyədə təşkil etdiyi üçün ADU-nun rektoru, akademik Kamal Abdullaya təşəkkür edirəm. Yeni açılmış mərkəz xalqlarımızın yaxınlaşmasına, iki qardaş ölkənin bir-birini daha yaxından tanımasına, tarixinə, coğrafiyasına, problemlərinə daha yaxından bələd olmasına yardımçı olacaq”. 

Eyni zamanda spiker Pakistanda açılacaq Azərbaycan dil və mədəniyyət mərkəzinin təşkilinə hər cür yardım göstərməyə hazır olduqlarını bildirib. 

Bundan başqa Pakistan mətbuatı ADU-da Pakistan Mədəniyyət Mərkəzinin açılışını yüksək qiymətləndirib, çoxsaylı xəbərlər dərc edib.

Qeyd edək ki, mərkəzin açılış mərasimi  iyulun 31-də olub. Mərasimdə Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər, Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva, Bakı Slavyan Universitetinin rektor əvəzi, Təhsil Nazirliyinin nümayəndəsi Anar Nağıyev, Azərbaycan Milli Məclisinin deputatları və başqaları iştirak edib.