ADU-nun əməkdaşı “Azərbaycanda Rektorlar Konfransının yaradılması” tədbirində iştirak edib
Bakı Biznes Universitetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı layihənin növbəti görüşü keçirilib. Tədbirdə layihəyə tərəfdaş olan 15 Azərbaycan Universitetinin layihə menecerləri bir araya gəliblər.
Təbirdə layihənin iş planına uyğun olaraq nəzərdə tutulan fəaliyyətlər, risklər, layihənin icrası ilə bağlı təşkilati məsələlər, layihə fəaliyyətinin ictimailəşdirilməsi tədbirləri haqqında geniş müzakirələr aparılıb. Yekunda menecerlər tərəfindən növbəti mərhələlərdə yerinə yetiriləcək işlər dəqiqləşdirilib və bir sıra tapşırıqlar qarşıya qoyulub.
Qeyd etmək lazımdır ki, layihənin məqsədi təhsilin milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı vasitəsilə universitetlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir, Azərbaycan ali təhsil sisteminin Boloniya prosesinə inteqrasiya edilməsinə dəstək olmaqla yanaşı, beynəlxalq səviyyədə müvafiq tərəfdaşlarla bilik, bacarıq və təcrübə mübadiləsinin aparılması üçün faydalı əməkdaşlığın əsasını qoymaqdan ibarətdir. Layihənin 3 il müddətində icrası nəzərdə tutulub.
Tədbirdə Azərbaycan Dillər Universitetini Test Mərkəzinin müdiri və layihənin meneceri baş müəllim Bəyim Abdulla təmsil edib.
* * *
“Azərbaycanda Rektorlar Konfransının Yaradılması” (ECAR) layihəsi çərçivəsində növbəti görüş keçirilib
15 iyul 2021-ci il tarixində layihə çərçivəsində menecerlərin növbəti görüşü onlayn formatda baş tutub. Keçirilən görüşdə layihənin Azərbaycan tərəfdaşları ilə yanaşı Avropa Universitetlərinin nümayəndələri də iştirak edib. Tədbirdə layihənin növbəti mərhələsində görülən işlər müzakirə edilib. Layihənin ilk mərhələsində görülən işlər, icra olunan sorğular və onların hüququ analizlərinə dair ilkin hesabatlar haqqında məlumatlar verilib.
Əsas müzakirə mövzuları rektorlar konfransının yaradılması, strukturu, missiya və vəzifələri, iş prinsipləri, seçim qaydaları, bu tədbirləri icra etmək üçün yaradılacaq işçi qrupunun seçilməsi olub. Eyni zamanda Avropa təcrübəsini öyrənmək məqsədi ilə Polşa və Fransaya ediləcək səfərlər, Avropa tərəfdaşlarının Azərbaycana səfərlərinin təşkil edilə bilməsinin mümkünlüyü məsələləri və habelə növbəti 6 ayda icra ediləcək fəaliyyət planı müzakirə edilib.
Tədbirdə Azərbaycan Dillər Universitetini Keyfiyyətin Təminatı və Monitorinq Şöbəsinin müdiri p.f.d., b/m. Könül Hacıyeva və Test Mərkəzinin müdiri b/m. Bəyim Abdulla təmsil edib.