XƏBƏRLƏR

ADU-da Milli Mətbuat Günü münasibəti ilə görüş keçirilib

15 iyul, 2021

İyulun 15-də Azərbaycan Dillər Universitetində 22 iyul Milli Mətbuat Günü münasibəti ilə jurnalistlərlə görüş keçirilib. Ali təhsil ocağının İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ADU-nun rektoru, akademik Kamal Abdulla jurnalistləri universitetdə görməkdən məmnun olduğunu deyib.

Rektor bildirib ki, ADU-nun mətbuatla yüksək səviyyədə münasibətləri mövcuddur və təhsil ocağının elmi-pedaqoji həyatında baş verən yeniliklər, tədrislə bağlı tədbirlər media orqanları tərəfindən diqqətdə saxlanılır: “Biz universitetdə media nümayəndələri ilə görüşləri ənənəvi keçirmişik. Amma pandemiya səbəbindən görüşlərin təşkilində uzun müddət fasilə yarandı. Qarşıdan 22 iyul Milli Mətbuat Günü gəlir. Bu, çox əlamətdar tarixdir. Mətbuat nümayəndələri bizim dostlarımızdır. Siz ictimai rəyin formalaşmasında xüsusi imkanlara sahibsiniz. Hamınıza minnətdarlığımı bildirirəm, burda iştirak edən və etməyən hər bir mətbuat nümayəndəsinə mənim salamlarımı və təbriklərimi çatdırmağınızı xahiş edirəm. İnanıram ki, bundan sonra da əlaqələrimiz davamlı olacaq, inkişaf edəcək”.

Akademik Kamal Abdulla ADU-nun laboratoriya və kafedraları arasındakı əməkdaşlığın nəticəsi olaraq hazırlanan “Müstəqillik dövründə ingilisdilli, fransızdilli, almandilli kütləvi informasiya vasitələrində Azərbaycan obrazı” kitabı haqqında məlumat verib. Rektor bildirib ki, kitabın hazırlanması vacib və strateji məsələdir. ADU-nun layihəyə cəlb olunan üzvləri öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər. Kitabın hazırlanmasında Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası, Xarici dillər, Fransız dilinin leksikologiyası, Fransız dilinin fonetikası və qrammatikası, Alman dilinin fonetikası və qrammatikası kafedraları, digər kafedra və mərkəzlər birgə fəaliyyət göstərirlər. Kitabın birinci hissəsi artıq hazırdır və çapı sentyabr ayı üçün nəzərdə tutulub.

Daha sonra media nümayəndələrinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dillər Universitetinin birgə hazırladığı “Həqiqətin onomastikası” kitabı haqqında məlumat verilib.

Mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda Ermənistanda azərbaycanlıların ata-baba yurdu olan 737 yaşayış məntəqəsinin, ləğv edilmiş 499 kənd və qəsəbənin, adları dəyişdirilmiş 704 inzibati vahidin, 231 oronimin, 116 hidronimin, 137 yaylaq və qışlağın toponimlərinin tarixi və izahı verilib.

Sonra ADU-nun Elmi məsələlər üzrə prorektoru, professor Novruz Məmmədov, İctimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, millət vəkili Tamam Cəfərova Milli Mətbuat Günü münasibəti ilə təbriklərini çatdırıb, cəmiyyətin inkişafında medianın oynadığı böyük roldan danışıblar.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Moderator.az İnformasiya Agentliyinin rəhbəri Zülfüqar Hüseynzadə və başqaları təmsil etdikləri media orqanları ilə ADU-nun əlaqələri haqqında fikirlərini bölüşüb, yaxın əməkdaşlığın bundan sonra da davam edəcəyini bildiriblər.