XƏBƏRLƏR

“Heydər Əliyev və Şanlı Azərbaycan” elmi konfransının məruzələrin tezisləri toplusu kitabının müzakirəsi keçirilib

14 iyul, 2021

İyulun 12-də Azərbaycan Dillər Universiteti Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr olunmuş  “Heydər Əliyev və Şanlı Azərbaycan”adlı Respublika tələbə-şagird elmi konfransının “Məruzələrin Tezisləri” toplusu kitabının müzakirəsi keçirilib.

Azərbaycan Dillər Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri, Regionşünaslıq kafedrasının müəllimi Elşən Məcidov Tələbə Elmi Cəmiyyətinin konfranslarında nəinki başqa universitetlərdən müraciət etmiş tələbələrin, həmçinin orta məktəblərin şagirdlərinin də məruzələrlə  çıxış etdiklərini bildirib. Konfransın işi barədə danışan sədr, konfransın bölmə iclaslarının uğurla keçirildiyini vurğulayıb.

Daha sonra Azərbaycan Dillər Universitetinin elmi katibi, Fəlsəfə və İctimai elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva universitetin professor-müəllim heyəti tərəfindən elmi cəhətdən yetişdirilən tələbələrin təkcə Azərbaycanın müxtəlif universitetlərində elmi məruzələrlə çıxışlar etməklə kifayətlənmədiyini, eyni zamanda beynəlxalq səviyyədə öz bilik və bacarıqlarını nümayiş etdirdiklərini söyləyib.

Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva Tələbə Elmi Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndirib, “Məruzələrin tezisləri” kitabının çap olunmasının tələbələrin elmə olan marağının artması üçün bir stimul olduğunu vurğulayıb.

Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, dosent İbrahim Kazımbəyli çıxışında “Məruzələrin tezisləri” toplusunda Ümummilli lider Heydər Əliyev və Azərbaycançılıq ideyaları ilə bağlı tezislərin çoxluq təşkil etməsini xüsusi olaraq qeyd edib. Kitabın tələbələrin vətənpərvərlik ruhunda formalaşması üçün mühüm rol oynacağını bildirib. Tələbə Elmi Cəmiyyətinin universitetdə təhsil alan tələbələrin mütəmadi olaraq elmi fəaliyyətə cəlb edilməsinin təqdirəlayiq hal olmasını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

ADU-nun magistrı Şəlalə Məmmədova, Filologiya fakültəsinin tələbəsi Elşən Hüseynli və Təhsil 1 fakültəsinin tələbəsi Fidan İsmayılzadə çıxışlarında  kitabın tələbələr üçün əhəmiyyətindən, ilk dəfə elmi fəaliyyətə başlayan tələbələr üçün mühüm rol oynamasından danışıblar.

Tələbələr Azərbaycan Dillər Universitetinin Tələbə Elmi Cəmiyyətinin son dönəmlərdə fəaliyyətini yüksək qiymətləndirərək TEC sədrinə və kollektivinə uğurlar arzulayıblar.

Tədbir kitabın müzakirəsi və çıxışlarla davam edib.