XƏBƏRLƏR

Pedaqogika kafedrasının təşkilatçılığı ilə tədris planının müzakirəsi keçirilib

24 iyun, 2021

Azərbaycan Dillər Universiteti Təhsil 1 fakültəsi nəzdində Pedaqogika kafedrasının təşkilatçılığı ilə “Korreksiyaedici təlim” ixtisası üzrə tədris planının müzakirəsi keçirilib. Müzakirədə xüsusi və inklüziv təhsil üzrə baş ekspert Lalə İmanova, Azərbaycan Karlar Cəmiyyətinin prezidenti Bəhrəm Hüseynov, onun köməkçisi Kəmalə Ələkbərova, Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Reyhan Cəfərova, Daun Sindromlu Şəxslərin Reabilitasiyası Mərkəzinin psixoloqu Günay Bədəlzadə, 220 nömrəli məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Hüseynova, həmçinin ADU-nun rektor məsləhətçisi Anar Osmanlı, Təhsil 1 fakültəsinin dekanı Fikrət Cahangirov, Təhsil 2 fakültəsinin dekanı Salman Nuriyev, Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova, Magistratura şöbəsinin müdiri Firuzə Rzayeva, Əlavə təhsil və təcrübə fakültəsinin müdiri Məmməd İsmayılov, Həmkarlar İttifaqı Komitəsinin sədri Misgər Məmmədov, kafedra müdirləri Sevda Zamanova, Günay Şirəliyeva, Şəlalə Babayeva və başqaları iştirak ediblər. Müzakirədə tədris planında yer alan əsas və seçmə fənlər, onların mütəxəssis hazırlığında əhəmiyyəti, təlim prosesində xüsusi təhsil ehtiyacları olan şagirdlərin fərdi tələbatlarının nəzərə alınması, ixtisas üzrə yüksək peşəkarlığa malik kadrların formalaşdırılması zərurətindən danışılıb.

ADU-nun Təhsil 1 fakültəsinin dekanı professor F.Cahangirov tədbiri giriş sözü ilə açıb, görüşün iştirakçılarını salamladı, həyata keçirilən işin əhəmiyyətindən bəhs edib.

Pedaqogika kafedrasının müdiri dosent N.Zeynalova çıxışında vurğulayıb ki, ixtisas üzrə aparıcı kafedra olaraq “Korreksiyaedici təlim” tədrisin həyata keçirilməsinə bir neçə ildir hazırlıq gedir. Belə ki, kafedrada “İnklüziv təhsilin pedaqogikası” adlı dərslik hazırda çap olunub, kafedranın əməkdaşları respublikada və xaricdə təşkil olunan çoxsaylı təlim və seminarlarda fəal iştirak edir, müxtəlif reabilitasiya mərkəzlərində və aidiyyatı müəssisələrdə təcrübə keçirlər.

Görüşə dəvət olunan ekspert və qonaqlar belə müştərək tədbirlərin cəmiyyətə faydasını xüsusi vurğulayıblar.

Azərbaycan Karlar Cəmiyyətinin sədri B.Hüseynov cəmiyyətin fəaliyyəti haqqında məlumat verib və qeyd edib ki, bu istiqamətdəki mövcud problemlər adətən onların iştirakı, rəyi, fikirləri nəzərə alınmadan müzakirə olunur, beləliklə də görülən işlər fayda vermir. Ekspert L.İmanova inklüziv təhsildən inklüziv cəmiyyətə keçidin vacibliyi, kafedra ilə uzun müddət ərzində qurulan səmərəli əməkdaşlığı, ADU-nun rektor məsləhətçisi A.Osmanlı ADU-da müxtəlif ixtisaslar üzrə  müvəffəqiyyətli kadr hazırlığı və yeni ixtisasın belə formatda müzakirəsinin  əhəmiyyəti, dos.F.Rzayeva kafedranın müxtəlif istiqamətlər üzrə uğurlu fəaliyyəti, dos.B.Məmmədova inklüziv təhsilin müəllimlər üçün zəruriliyi, M.Məmmədov bu kateqoriyaya aid insanların xüsusi qayğı və ehtiyaclarının ödənilməsi yollarından bəhs ediblər.

Tədbirdə tədris planlarının müzakirəsi ilə yanaşı, tərəflər arasında əməkdaşlıq əlaqələrinin qurulması, müvafiq müqavilələrin imzalanması, gələcək addımlar və bu istiqamətdə görüləcək işlər barəsində geniş müzakirələr aparıldı, qərarlar qəbul olunub.