Elşən Məcidov: "Fəxrlə deyirəm ki, universitetimizdə elmə həvəsli, savadlı tələbələrimiz çoxdur"
Azərbaycan Dillər Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri Elşən Məcidovun müsahibəsini təqdim edirik.
- Elşən müəllim, istərdik özünüz haqqında qısa məlumat verəsiniz.
- Mən Regionşünaslıq kafedrasının müəllimi və ATMU-da doktorant olduğuma görə elmi fəaliyyətlə sıx əlaqədəyəm. Bütün bunlardan əlavə Universitet, respublika və beynəlxalq səviyyədə keçirilən bir çox elmi tədbirlərdə çıxış etmişəm və bir müəllim kimi dərs dediyim tələbələri respublika və beynəlxalq səviyyəli elmi tədbirlərə hazırlamışam. Hal-hazırda Tələbə Elmi Cəmiyyətinin sədri kimi də oxşar işlər görürəm, amma artıq təkcə dərs dediyim tələbələr səviyyəsində yox, bütün universitet tələbələri səviyyəsində bu baş verir.
- Pandemiya şəraitində universitetdə Tələbə Elmi Cəmiyyətinin fəaliyyətini necə dəyərləndirirsiniz? Pandemiya tələbələrin elmi fəaliyyətinə nə cür dəyişikliklər gətirib?
- Pandemiya bütün tədris prosesini onlayn formata keçirdiyi kimi, Tələbə Elmi Cəmiyyətinin tələbələr ilə qarşılıqlı əlaqəsini də onlayn formata keçirib. Sözsüz ki, biz bir Cəmiyyət kimi mütəmadi olaraq universitetə gəlirik, amma tələbələrlə ənənəvi qaydada münasibətimiz demək olar ki, kəsilib. Bizim 2020 və 2021-ci illərdə baş tutan illik konfranslarımız onlayn formatda keçirilmişdi. Qeyd edim ki, konfransın onlayn formatda keçirilməsi onun keyfiyyətinə azacıq da olsa mənfi təsir göstərməmişdi. Əksinə, tələbələrin konfransa evdən – rahat, onlara münasib mühitdə qoşulmaları onların daha az həyəcanlı olmasına səbəb olmuş, müzakirələrdə aktivliyini isə artırmışdır. Onlayn formatın daha bir müsbət tərəfi iştirakçıların say məhdudiyyətinin olmamasıdır. Əgər ənənəvi təlim və tədbirlər zamanı auditoriyanın böyüklüyü və oturacaqların yeri təlim-tədbirlərdə iştirak etmək istəyən tələbələrin sayını obyektiv olaraq məhdudlaşdırırdısa, onlayn format bu problemləri aradan qaldırmağa kömək edir.
- Tələbələri elmi fəaliyyətə cəlb etmək üçün hansı stimullaşdırıcı üsul və vasitələrdən istifadə edirsiz?
- Elmə həvəsli tələbələrə ən böyük stimul yeni biliyin əldə edilməsi, bacarıq və qabiliyyətin formalaşdırılması çıxış edir. Fəxrlə deyə bilərəm ki, universitetimizdə elmə, biliyə həvəsli savadlı tələbələrimiz çoxdur. Ancaq bununla belə tələbələrin gələcək fəaliyyətlərində, CV-lərin hazırlanmasında, işə götürmə üzrə müsahibələrdə istifadə edilə biləcək sertifikatların verilməsi də vacib stimullaşdırıcı vasitələrdəndir. Tələbə Elmi Cəmiyyəti həmçinin tələbələrin maddi mükafatlandırılmasını nəzərdə tutan tədbirlər həyata keçirir. Məsələn, beynəlxalq elm gününə həsr edilən tədbirimizdə biz esse müsabiqəsi elan edib, qalib tələbəyə Karl Saqanın “İblislərlə dolu dünya: elmin şam işığında” kitabını hədiyyə etmişik. Ulu öndər Heydər Əliyev və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş esse müsabiqəsinin qalibləri isə pul mükafatı ilə təltif olunmuşlar.
- Tələbələrin elmə həvəsləndirilməsi istiqamətində qarşılaşdığınız əsas problemlər nədən ibarətdir?
- İlk növbədə təkcə ADU tələbələrinin yox, Azərbaycan Universitetlərində oxuyan hər bir tələbənin əsas problemi elmi tədqiqatın əsasları ilə tanış olmamalarıdır. Adi bir sərbəst işin yazı qaydalarını bilməmə, plagiat anlayışı haqqında xəbərsiz olma tələbələri internetdən məlumatları köçürməyə və ya “google translate” ilə xarici dilli mənbələrdən tərcümə etməyə məcbur edir. Bu səbəbdən düşünürəm ki, ilk növbədə tələbələrə sərbəst işin yazılmasına dair təlimlər keçmək lazımdır. Sərbəst işlər gələcəkdə yazılacaq tezislər, məqalələr, diplom və magistr işləri üçün bir məşq səviyyəsidir. Sərbəst işi normal yazan tələbəyə tezis yazmaq çətinlik yaratmır. Tezisdən məqaləyə, ondan isə diplom və dissertasiya işinə keçid çox asandır. Digər problem tələbələrin kitaba az həvəsli olmalarıdır. Zənnimcə sərbəst işlərdə plagiata az yol vermək, sərbəst işlərin özünü maraqlı etmək üçün və tələbələrdə mütaliəyə maraq oyatmaq üçün kreativ üsullara önəm vermək lazımdır. Sərbəst işləri yazılı formada yox, müəyyən kitabın oxunub, müzakirə edilməsi formasında, sənədli və bədii filmlərin müzakirəsi formasında qəbul etmək tələbələri alternativ mənbələrdən informasiya əldə etməyə öyrəncəli edəcək.
- Elmə fəaliyyətə təzə qədəm qoyan tələbələrə nə məsləhət görərdiniz?
- Universitet heç də hər kəsə nəsib olmayan bir hədiyyədir. Dörd il təhsili zaman baxımından məhdud bir resurs kimi nəzərdən keçirtmək lazımdır. Müəllimlərin dediyi hər bir biliyi, universitet tərəfindən keçirilən hər bir tədbir və təlimi lazımınca dəyərləndirib, ondan faydalanmaq lazımdır. Dörd il yekunlaşandan sonra məzun hər bilmədiyi bir məsələni yenidən universitetə gəlib, müəllimindən soruşa bilməyəcək. Universitetdə oxuduğu müddətdə isə müəllimlər tələbəyə dərs vaxtı və dərsdən kənar istənilən yardımı göstərməyə hazırdırlar. Universitet tərəfindən təşkil olunan tədbirlər isə tələbələrin sosiallaşmasına, bilik və savadının artırılmasına şərait yaradır.