XƏBƏRLƏR

ADU Konfutsi İnstitutunun rəhbəri “Sinxua” agentliyinə müsahibə verib

16 iyun, 2021

Çində 2021-ci il beynəlxalq tarixi əhəmiyyətə malikdir, bu il Çin Kommunist Partiyasının (ÇKP) yaranmasının yüzilliyi adı altında qeyd edilir.  ÇKP 1921-ci ildə yaranmışdır,  inqilabdan qalib çıxdıqdan sonra  Çin Xalq Respublikası yaradılmışdır. Həmin vaxtdan ÇKP qəhrəman Çin xalqına Çin səciyyəli sosializm quruluşunun yaranması istiqamətində, həmçinin siyasi və iqtisadi islahatların aparılması, aşkarlıq və müasir sosializm yolunda, xalqın böyük dirçəlişi uğrunda mübarizədə və Çində orta təbəqənin olduğu firavan cəmiyyətin qurulması işində  daim yorulmadan rəhbərlik edir.

Bu barədə çinşünas alim, Azərbaycanda hakim Yeni Azərbaycan Partiyasının üzvü Rafiq Abbasov Çin Xalq Respublikasının  “Sinxua” rəsmi informasiya agentliyinə müsahibəsində qeyd etmişdir. Alimin sözlərinə görə, Çin Kommunist partiyasının tarixi xalqın taleyi ilə sıx bağlıdır. ÇKP Baş katibi Sin Cinpin partiyanın XIX qurultayında demişdir:

“Çin kommunistlərinin əzəli istək və missiyası Çin xalqının rifahının yüksəldilməsini və Çin millətinin dirçəlişini təmin etməkdir.”   Bu, əsas təşəbbüsdür, bu missiya Çin kommunistlərini daim inkişaf yolunda ilhamlandırır. Bu gün sayı artıq 90 milyonu keçmiş Çin kommunistləri xalqın və millətin maraqlarını üstün tutaraq müasir sosialist ölkəsi quruculuğu istiqamətində addımlarını atmaqda davam edir. Tarix də sübut etmişdir ki, Kommunist Partiyası olmadan nə yeni Çin dövləti, nə də Çin səciyyəli sosializm mövcud ola bilməzdi. Dünyada ən nəhəng hakim partiya olan ÇKP-nin rəhbərliyi altında ölkə az bir müddətdə  qlobal gücə və dünya iqtisadiyyatının lokomotivinə çevrilmişdir. Çin Kommunist partiyasının yaratdığı unikal idarəetmə sistemi milli təhlükəsizliklə əlaqədar istənilən təhdidlərə qarşı mübarizə aparmağa qadir olan təşkilatçı qüvvəyə çevrilmişdir. Qərarların qəbul olunması və həyata keçirilməsinin mərkəzləşdirilmiş, təsdiq olunmuş qaydada həlli Çinin koronavirus pandemiyasına qarşı ümummilli mübarizədə qələbəsinin təminatçısı olmuşdur. Çin bütün dünyaya yardım əlini uzadaraq konkret dəstək tədbirləri təklif etmişdir. Aydındır ki, səmərəli şəkildə qurulmuş bir idarəetmə sistemi olmasaydı, Çin böyük dünya güclərindən birincisi olaraq iqtisadi inkişaf yoluna  dönə bilməzdi.  Si Cinpinin yeni mərhələdə Çin səciyyəli sosializm haqqında ideyası Kommunist Partiyasının və bütövlükdə xalqın ümumi istək və iradəsini tam əks etdirən yeni bir quruluş yolu və iki əsrin hədəflərini reallaşdırmaq üçün yeni perspektivlər müəyyənləşdirməklə, Çində marksizmin inkişafında yeni səhifə açmışdır.

Bu gün Çin xüsusiyyətli sosialist diplomatiyası Çinin təklif etdiyi bütün bəşəriyyət üçün Ortaq Müqəddarat Birliyi Konsepsiyasını reallaşdıraraq qarşılıqlı hörmət, bərabərlik və ədalət, əməkdaşlıq və qarşılıqlı mənfəətə əsaslanan yeni beynəlxalq münasibətlər formalaşdırır. Çin Kommunist Partiyasının fəaliyyətinin mühüm hissəsini əsas vəzifəsi ölkənin inkişafı üçün dinc və əlverişli beynəlxalq iqlim yaratmaq, xarici ölkələrin hakim siyasi partiyaları ilə əlaqələri inkişaf etdirmək olan xarici siyasət təşkil edir. ÇKP ilə Azərbaycanda hakim Yeni Azərbaycan Partiyası arasında siyasi əməkdaşlıq və partiyalararası dialoq uğurla inkişaf etməkdədir.

 R.Abbasov onu da əlavə etmişdir ki, ÇKP və Yeni Azərbaycan Partiyası arasında siyasi əməkdaşlıq çərçivəsində partiya nümayəndələrinin qarşılıqlı görüşləri təşkil olunur, dövlət və ictimai idarəetmə sahəsində, həmçinin siyasi-ideoloji sahədə  təcrübə mübadiləsi aparılır, hər iki hakim partiya həm Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının fəaliyyətində, həm də “İpək Yolu İqtisadi Zolağı” proqramının həyata keçirilməsində fəal iştirak edir və tərəflərin milli maraqları nəzərə alınmaqla  müstəsna əhəmiyyət kəsb edən məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirilir.