XƏBƏRLƏR

"Azərbaycanı təmsil etmək mənim üçün böyük fəxarətdir" - tələbə təəssüratı

31 may, 2021

ADU-nun Frankofoniya Universitet mərkəzinin Frankofoniya Universitet Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə Bürosu ilə əməkdaşlığı çərçivəsində Fransada və fransızdilli ölkələrdə həyata keçirilən peşəkar təcrübə proqramı üzrə Fransanın Klermon Feran şəhərində təcrübə keçən tələbəmizin təəssüratlarını sizinlə paylaşırıq.

Mən ADU-nun Filologiya fakültəsinin IV kurs 433 qrup tələbəsi Nəsibova Nənəxanım, sizinlə qısa olaraq hazırda Fransada keçdiyim pedaqoji təcrübəm haqqında olan təəssüratlarımı bölüşmək istəyirəm. Mən hal-hazırda Fransanın Klermon Feran şəhərindəyəm və 2 ay müddətində burada təcrübə keçəcəyəm.

Bu gün burada ilk günüm keçdi və deyə bilərəm ki, çox xoş bir gün idi. Staj rəhbərim cənab Arnaud Diemer ilə tanış oldum. O çox yaxşı və mehriban insandır və məni çox xoş qarşıladı. Məndən başqa burada təcrübə keçən 2 tələbə də var. Onların hər ikisi bu şəhərdə yaşayırlar. Azərbaycandan isə burda tək mənəm.

Artıq dərslər bitdiyinə görə nadir hallarda müəssisədə bizdən başqa kiməsə rast gəlinir. Həftənin 5 günü səhər saat 08:30-da təcrübə müəsissəsində  oluruq və təxminən saat 18:00-da buranı tərk edirik. Mən hal hazırda CİFEODD layihəsi üzərində işləyirəm və bu mənə Beynəlxalq Frankafoniya Agentliyi tərəfindən verilən öhdəlikdir. Onların müxtəlif ölkələrdə yerləşən üzv Universitetləri, həmin universitetlərin təhsil, təlim işləri barədə məlumat toplamalı, və bu məlumatları bir qovluqda yığmalıyam.

Düşünürəm ki, bu layihə, apardığım araşdırmalar mənim fransız dili səviyyəmi daha da təkmilləşdirəcək və gələcəkdə bu dili layiqincə təmsil edə bilməyimə kömək edəcək. Fransada pedaqoji təcrübə keçməkdən çox məmnunluq hissi duyuram və Azərbaycanı təmsil etmək mənim üçün böyük fəxarətdir.