XƏBƏRLƏR

“Nizami Gəncəvi dünyası” adlı tədbir keçirilib

25 may, 2021

ADU-nun Filologiya fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının və ESSEX 9 qrupunun tələbələrinin təşkilatçılığı ilə, həmçinin Filologiya fakültəsi tələbələrinin iştirakı ilə “Nizami Gəncəvi dünyası” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə ESSEX 9 qrupunun tələbəsi Seyidxanım Abasova açaraq hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olan Nizami dühası haqqında danışdı. Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi ilə əlaqədar olaraq qüdrətli söz və fikir ustadının zəngin yaradıcılığının müstəsna əhəmiyyətini nəzərə alaraq,  Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edildiyini qeyd etdi.

Daha sonra, ADU-nun Tədris məsələləri üzrə prorektoru, professor Sevinc Zeynalova orta çağ dünya bədii-estetik fikir tarixinin nəhəng simalarından biri olan Nizami Gəncəvinin yaradıcılığında Qərb mövzusuna müraciətin ilkin təzahürləri məsələsinə xüsusi önəm verərək qeyd etdi ki, Nizami dühası Şərq və Qərb mədəniyyətlərarası əlaqə və dialoqun qurulmasında öz töhfəsini vermişdir.

Filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədova “Poet for All Humanity”, müəllim Afaq Eminli “Woman Characters in Nizami Ganjavi's Heritage” mövzularında; Essex 9 qrup tələbələri Xatirə Rəsulova və Məleykə Bağışova “Nizami in Eastern and Western Sources” (Nizami Şərq və Qərb mənbələrində) mövzularında çıxışlar etdilər.

Essex 9 qrup tələbələri Seyidxanım Abasova və Şəms Seyfullazadə “Celebrating the Legacy of Great Nizami Ganjavi” (Dahi Nizami Gəncəvi irsinin təntənəli şəkildə qeyd edilməsi) mövzusunda çıxış edərək Nizami muzeyindən, eləcə də Nizami Gəncəvinin adını daşıyan müxtəlif məkanlardan hazırladıqları maraqlı videosujetləri təqdim etdilər. Sürəyya Cahangirova və Raziyə Dadaşzadə “Influence of Nizami’s Ideas over the World Literature” (Nizaminin ideyalarının dünya ədəbiyyatına təsiri), Filologiya fakültəsinin 329b qrup tələbəsi Ləman Rövşənova “Nizami Gəncəvi əsərlərinin Azərbaycanda tədqiqi tarixi”, Essex 9 qrup tələbələri Turə Müzəffəri Həqiqi və Şura Hüseynxanova “Female Characters in Nizami’s Works” (Nizaminin əsərlərində qadın obrazları)”, Filologiya fakültəsinin 329a qrup tələbəsi Fatimə Vəliyeva “Layla and Majnun as Unhappy Love Story” mövzularında Azərbaycan və ingilis dillərində çıxışlar etdilər və maraqlı videoyazılar, eləcə də təqdimatlar nümayiş etdirdilər.

Tələbələrin çıxışlarından sonra, Filologiya fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, dosent Aytən Hacıyeva Nizami Gəncəvi haqqında tarixi faktlardan danışdıqdan sonra, iştirak edən hər kəsə öz təşəkkürünü bildirdi.

Tədbirin sonunda Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva və Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva dahi şairimiz Nizami Gəncəvi haqqında fikirlərini söylədilər və tədbirdə iştirak edən müəllim və tələbələrin çıxışlarını yüksək qiymətləndirdilər.