XƏBƏRLƏR

İngilis ədəbiyyatının görkəmli tədqiqatçısı

17 may, 2021

Əsgər ZEYNALOV
Filologiya elmləri doktoru, professor 

PROFESSOR ŞAHİN XƏLİLLİNİN 70 YAŞ TAMAM OLUR

Boş qabların cingiltisi kimi,  özündən müştəbeh nə qədər araşdırıcıların səs-küyləri aləmi bürüdüyü bir vaxtda,  özünün ağır zəhmətilə daim axtarışda olan  bir alim hay-küysüz, reklamsız sakit  tərzdə  öz yaradıcılığı ilə məşğuldur.  Danışmağı da o qədər sevmir. O, el arasında deyildiyi kimi, “Biləcəri səviyyəsində” qalan  alim də deyil. O, bu çərçivəni çoxdan dağıdıb, beynəlxalq miqyasa çıxıb öz sözünü deyib. Ancaq nədənsə bu zəhmətkeş, məhsuldar alim  lazımi səviyyədə diqqət mərkəzində deyil. Bizcə, bunun əsas səbəbi  onun ifrat dərəcədə təvazökar olmasııdır.  Haqqında söhbət açacağımız şəxs filologiya elmləri doktoru, professor  Şahin Həmid oğlu Xəlillidir.

Şahin Xəlilli 1951-ci il mayın 13-də  Qərbi Azərbaycanın  Noyenberyan rayonunun  Körpülü  kəndində anadan olmuş,  1968-ci ildə orta məktəbi, 1973-cü ildə isə APXDİ-nin ingilis-Azərbaycan dilləri fakültəsini  bitirmişdir.  Müxtəlif sahələrdə çalışan gənc mütəxəssis 1976-cı ildən  taleyini APXDİ ilə bağlamışdır.  O, 1976-1992-ci illərdə məzunu olduğu ali məktəbdə  laborant, baş laborant, müəllim, baş müəllim kimi fəaliyyət göstərmişdir.
Şahin Xəlilli APXDİ-nin dissertantı olmuş, xalq yazıçısı, akademik M.İbrahimovun rəhbərliyi altında 1985-ci ildə “Ceys Oldricin yaradıcılığında  Azərbaycan”  mövzusunda  namizədlik dissertasiyasını  müdafiə etmişdir.  1992-ci ildə  “Yazıçı” nəşriyyatında  “Ceyms Oldric  və Azərbaycan” adlı monoqrafiyası çap olunmuşdur.   Londonda ədibin evində  Azərbaycan aliminin kitabının  təqdimat mərasimi keçirilmişdir. Yeri gəlmişkən xatırlamaq istərdim ki,  bu kitab nəşr olunanda mən APXDİ-də  yenicə müəllimlik fəaliyyətinə  başlamışdım.  Şahin müəllim kitabının bir nüsxəsini mənə bağışladı və mən onu  diqqətlə oxuyub  bu əsər haqqında məqalə yazdım.  “İkiyə bölünmüş Azərbaycan dərdi”   adlanan bu məqalə öncə institutun “ Bilik”qəzetində  (15dekabr, 1992), sonra isə professor Teymur Əhmədovun  redaktorluq etdiyi “Vətən həsrəti” qəzetində  işıq üzü gördü (22 yanvar, 1993). Bu mənim institutda,  ümumiyyətlə, kiminsə kitabı haqqında  ilk məqaləm, resenziyam idi... Həmin məqaləmdən kiçik bir hissəni təqdim etmək istərdik:  ” ... 80-ci illərin əvvəllərində Şahin Xəlilli müasir ingilis ədəbiyyatının görkəmli nümayəndəsi Ceyms Harold  Edvard Oldric və onun məşhur “Diplomat” romanı haqqında dissertasiya yazırdı. O romanda 1945-46-ci illərdə Cənubi Azərbaycanda baş verib, qələbə çalmış, amma sonralar imperialist dövlətlərin əli ilə yıxılmış inqilabdan bəhs edirdi. Tədqiqatçı bu böyük dərdi—ikiyə bölünmüş Azərbaycan dərdini, “ürəyinə daş bağlaya-bağlaya”, cansız  bədənində gəzdirə-gəzdirə, daşıya-daşıya təsdiq edir,  öz təhlil süzgəcindən keçirirdi.

... C.Oldric Cənubi Azərbaycanda baş vermiş 2 inqilabı xatırlayır, üçüncüsünə isə kitab bağlayır. Bu kitabla yazıçı sanki, Azərbaycan xalqının nəyə qadir olduğunu sübut etmək istəyir: mübarizliyini, azadsevərliyini, vətənpərvərliyini.

Ş.Xəlilli haqlı olaraq qeyd edir ki, adam yazıçının xidməti qarşısında az iş gördüyünə təəssüflənir.
Ədəbiyyatşünas-alim “Ceyms Oldric və Azərbaycan”  əsərilə sanki həmin boşluğu müəyyən qədər doldurmaq istəmişdir.”

Şahin Xəlilli hələ 1970-1980-ci illəırdə  Ceyms Oldriclə  məktublaşıb, müntəzəm olaraq onunla  əlaqə saxlayıb, o yerlərə səfərlər edib, görüşlər keçirəndə çox az adam bilirdi ki, xaric nədir.
Sonralar bu ədəbiyyatşünas alim Cənubi Azərbaycanın Təbriz şəhərində xarici dillərin tədrisi ilə bağlı təşkil olunmuş konfransda (1992), İsveçrədə Montre şəhərində (1993), İstanbul şəhərində (1994) keçirilən konfranslarda, Kembric Universitetində Britaniya yazıçılarının XXV seminarında  (1999) respublikamızı ləyaqətlə təmsil etmişdir.

Şahin Xəlilli dünya ədəbiyyatı üzrə respublikamızda tanınmış, sözün əsl mənasında barmaqla sayılan tədqiqatçılardan biridir. Onun müxtəlif  illərdə “Ceyms Oldric və Azərbaycan” (1992), “Ədəbi əlaqələr işığında” (2002)  “Azərbaycan-ingilis ədəbi əlaqələri. Folklor materialları əsasında” (2002),  “Klassik poeziya və ədəbi əlaqələr. Azərbaycan-ingilis ədəbi əlaqələri” (2003)  adlı kitab və monoqrafiyasının, magistr hazırlığı üçün  “İyirminci əsr Böyük Britaniya və Amerika ədəbiyyatı tarixi” fənni üzrə proqramın (2009),  “Şekspir.İngilis tarixi pyesləri”  (həmmüəllif G.Magill, 2009), “Orta əsrlər ingilis ədəbiyyatı (həmmüəllif A.Tatlı, 2012), “Britaniya uşaq ədəbiyyatı” (həmmüəllif  Səadət Əliyeva,2018) adlı dərsliklərin, eyni zamanda “Cenis Oldric və Azərbaycan”  adlı toplunun müəllifidir.

Qeyd etmək lazımdır ki, ədəbiyyatşünas alimin G.Magill və A.Tatlı ilə birlikdə yazdığı əsərlər ingilis dilində işıq üzü görmüşdür.

Şahin Xəlilli səriştəli tərcüməçi kimi də özünü təsdiq etmişdir.  Onun “Britaniya adalarının xalq nağılları” şərikli tərcümə kitabı 1989-cu ildə “Gənclik”  nəşriyyatında, ikinci dəfə isə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  12 yanvar 2004-cü il tarixli sərəncamı ilə 2005-ci ildə 25000 tirajla “Öndər” nəşriyyatında  çap edilmişdir. XIX əsrin görkəmli ingilis yazıçısı  Ceyms Moriyenin “İsfahanlı Hacıbabanın macərası” adlı romanın tərcüməsi 1993-cü ildə “Gənclik” nəşriyyatında  25 cilddən ibarət olan “Macəra və fantastika kitabxanası” seriyası ilə nəşr edilmişdir.

Şahin Xəlilli təkcə ingilis dilindən nəsr əsərləri deyil, poetik əsərlər də dilimizə çevirmişdir. Onun XIX əsr ABŞ ədəbiyyatının ən görkəmli nümayəndələrindən  Emili Dikkinsondan elədiyi tərcümələri xüsusi vurğulamaq lazım gəlir. O, eyni zamanda  C.Q.Bayrondan, Redyad Kiplinq, Ted Hyuz, E.Kləpton, Cin Qordon, Y.Koup, C.Kornforddan tərcümələr etmişdir.2015-ci ildə Böyük Britaniyanın “Rossendale Books” nəşriyyat evində hazırlanan “Ürək şəkilli yarpaqlar” adlı kitabı ABŞ-da nəşr olunmuşdur.

Şahin Xəlilli eyni zamanda incə ruhlu şairdir.  Onun 1990-cı ildə  “Yerin ulduzları” və 1996-cı ildə  “Ürəyimdən keçənlər” uşaq şeirləri kitabları işıq üzü görmüşdür.

Şahin Xəlilli 2000-2006-cı illərdə ADU-da ingilis dili kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2018-ci ildən  ADU-nun filologiya fakültəsinin dekanıdır.

Şahin Xəlillinin rəhbərliyi altında 10-dan artıq dissertant müdafiə edib alimlik dərəcəsi almışdır. Bunlardan birinin adını xüsusilə çəkmək istərdim. Natiq Adilov. “İngilis ədəbiyyatında  Hun mövzusu”. Son dərəcə maraqlı mövzu idi. Yaxşı yadımdadır, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında Ekspert Şurasının üzvü idim. Dissertasiyadakı elmə gətirilən yenilikləri  təqdim edərkən hələ sözümü bitirməmiş hamı səs verməyə  və elmi işi aparıb oxumaq üçün  növbə tutmağa başladı. AAK-dan qayıdarkən düşünürdüm: “Dissertantı belə yetirərlər”.

Ş.Xəlillinin həyatında ən yadda qalan məqamlardan biri də onun C. Oldriclə məktublaşmasıdır.C.Oldricin  Şahinə yazdığı məktublar oxucuda ciddi maraq doğurur. O, 1978-ci ildə gənc Azərbaycan aliminin göndərdiyi ilk məktuba cavab olaraq  yazmışdı: “Əziz dost.Əsərlərim haqqında sizin xoş  sözlərinizi eşitmək və “Diplomat” romanım haqqında dissertasiya yazmaq xəbərini bilmək mənə çox xoş təsir bağışladı”.İngilis ədibi müharibə vaxtı Bakıdan keçib getdiyini, ancaq  Azərbaycanda sonralar ola bilmədiyini təəssüflə söyləyir.

Sonrakı məktublarında Oldric öz tədqiqatçısına “Əzizim Şahin” deyə müraciət edir. 1978-ci ildə noyabrın 8-də Bakıya göndərdiyi məktubunda  yazırdı: “Əzizim Şahin, mənə göndərdiyiniz “Azərbaycan antologiyası” kitabı üçün  çox sağ olun. Kitabdakı hekayələri böyük maraqla oxudum”. Yazıçı onu da diqqətə çatdırır ki,  lap bu günlərdə Azərbaycandan gəlmiş ədəbiyyat və incəsənət xadimləri ilə səmimi görüşlər olmuş, Londonun Şatesbori teatrında Azərbaycanın dünya şöhrətli sənətkarları Rəşid Behbudovun,  Habil Əliyevin, habelə Nəzakət Məmmədovanın verdiyi konsertdə olmuş, onların ifaları yazıçıda  xoş və dərin təəssürat yaratmışdır.
1989-cu il  yanvarın 12-də Oldricin tədqiqatçı alimə göndərdiyi məktubdakı bəzi məqamları da oxucuya təqdim etmək lazım gəlir. Ədib yazmışdır: “Əzizim Şahin!... Axı sənin yaxşı xəbərin var ki, mənim ürəyimdə həmişə Azərbaycana böyük məhəbbət olmuşdur. Dostluğumuzu qoruyub saxlamağın ən yaxşı yolunu bu gün sənə 1989-cu il təbrikini çatdırmaqda görürəm. Həyatda ən gözəl, yaxşı nə varsa, onu sənə arzulayıram. Həmişə xoş sorağını eşidim, məktublaşmamız təzədən ayaq açsın... “Diplomat” romanının üçüncü cildini hazırlayıram... Azərbaycanlıları meydanda tək qoyub tərk edə bilmirəm. Bəlkə də mənim əsərimin ən mühüm qəhrəmanlarından biri hesab ediləcək gənc qız Azərbaycanın istər müasir, istərsə də qədim məhəbbət nəğmələrinin əsl vurğunudur... Məhsəti xanım Gəncəvinin və böyük Məhəmməd Füzuli  Süleyman oğlunun poeziyasını dönə-dönə mütaliə etmişəm. Əlbəttə, bütün bunları 1978-ci ildə mənə göndərdiyin Mirzə İbrahimovun redaktəsi ilə nəşr olunmuş antologiyadan seçmişəm”.

Oldricin məktublarından bəlli olur ki,  Moskvada ingilis dilində nəşr olunmuş “Azərbaycan ədəbiyyatı  antologiyası”nın həm nəsr, həm də poeziya kitablarını yazıçıya məhz Şahin Xəlilli göndərmişdi. Oldric isə poeziya  antologiyasından yaradıcılığında istifadə etmişdir. Bu, şübhəsiz ki, Şahinin milli təəssübkeşliyindən irəli gəlmişdir.

Bu ənənə, bu xüsusiyyət onun bütöv yaradıcılığında özünü aydın şəkildə göstərir.

Şahin Xəlilli ingilis alimləri Q.Auslinin, C.Braunun, B.Lyuisin yaradıcılığında Azərbaycan ədəbiyyatı ilə bağlı tədqiqatlarını, Xodzkonun “Koroğlu”  dastanını, rejissor Etibar Babayevin “Ceym Oldric” sənədli filmini xüsusi bir coşğunluqla oxucuya çatdırır. Tədqiqatçının verdiyi məlumata görə, Oldric bu gün (1993-cü il-Ə.Z) Azərbaycan torpağında, eləcə də bu qədim İrəvan mahalında erməni faşistlərinin azərbaycanlılara qarşı törətdikləri qanlı faciəni gözləri ilə görə bilmədiklərini, onu qələmə ala bilmədiyini özünün faciəsi hesab edir.
Şahin Xəlilli həmişə istər yaradıcılığında, istərsə də  söhbətlərində görkəmli şair Sabir Mustafanın ingilis ədəbiyyatından etdiyi tərcümələri yüksək qiymətləndirmişdir. Xüsusilə Şekspirdən tərcümə etdiyi faciələri, onun 154 sonetini.

Şahin Xəlilli dahi sənətkatrın “Hamlet” faciəsinin cevrilməsindən bəhs edərkən yazır ki, “Hamlet”in tərcüməsində hər sözü, hər ifadəni, misranı incə təfərrüatı və dəqiqliyi ilə  oxucu hüzuruna gətirən Sabir, Şekspirin yeni “azərbaycanlı” Hamletini ustalıqla yarada bilmişdir.

Olum, ya ölüm, budur məsələ,
Hansı şərəflidir? Azğın taleyin
Müdhiş oxlarına susub dözməkmi?
Yoxsa fəlakətlər nəhrinə qarşı
Silaha sarılıb üsyanmı etmək?..

Tədqiqatçı yazır ki, Hamletin monoloqundan bu parçanı oxuyub, onu orijinalla müqayisə edəndə elə bir fərqə, fikir ayrılığına rast gəlmədim.

Şahin Xəlilli Şekspir əsərlərini araşdırarkən bəzən gözlənilməz-özünəməxsus müqayisə aparır.
Məsələn, o, qeyd edir ki, özünün məşhur  “Hamlet” faciəsində  “olum, ya ölüm” sualına V.Şekspir 66-cı sonetində cavabın belə ifadə etmişdir:

Ölüm istəyirəm çarə budur, bax,
Səni tək qoymağa qıymıram ancaq.

Doğrudanmı, “Hamlet” də qoyulan sualın cavabı 66-cı sonetdə açılır? Şahinin bu qəribə müqayisəsi oxucunu düşqünməyə məcbur edir.

Ş.Xəlilli əsasən C.Oldricin mütəxəssisi kimi tanınsa da, ancaq o, Şekspir, Bayron və digər ingilis ədiblərinin yaradıcılığına da müraciət etmiş, onların əsərlərinin tərcüməçi və tədqiqatçılarını da unutmamış, bu insanların xidmətlərini dəyərləndirmişdi.

Ş.Xəlillinin söhbətlərini dinlədikdə onun özünəməxsus ciddiliyi ilə yanaşı, bir yumor hissinin də olduğunu duyursan. Bu xüsusiyyətə onun poeziyasında da rast gəlmək olur. Məsələn, o, 1999-cu ildə İngiltərəyə səfəri zamanı silsilə şeirlər yazmışdı. Onun  “Şekspirin ev muzeyində” şeirindəki misralarını xatırlatmaq yerinə düşər:

Yaman yerdə haqladı,
Qapıçı qapını üzümə bağladı
Cibində pul-paran yoxdursa,
Kimdir baxan,
Səni Şekspirin evinə buraxan?!

Ş.Xəlillinin çox şirin bir üslubu var. Onun tədqiqatlarında, yazı üslubunda nəsr, poeziya, hardasa musiqi, ahəngdarlıq bir vəhdət təşkil edir.  Onun kiçik bir yazısı var: “Könlümə yağış düşüb”... Nə qədər bu yazını oxusan, yenə də dönə-dönə qayıdırsan.

Ş.Xəlilli ilə mən uzun illərdir ki, birlikdə Azərbaycan Dillər Univesitetində işləyirik. Vaxt var idi hər ikimiz kafedra müdiri idik, kafedralarımız üzbəüz idi. Sonralar bu zəhmətkeş tədqiqatçı ilə AMEA-nın Beynəlxalq  Münasibətlər Institutunda, Azərbaycan İctima-Siyasi Universitetində bir yedə, bir şöbədə, eyni kafedrada çalışmalı olduq. 15 ilə yaxındır ki, ADU-da İxtisaslaşmış Doktorluq Müdafiə Şurasının üzvü kimi hal-hazırda da fəaliyyət göstəririk. Əlbəttə, belə siyahını müəyyən qədər artırmaq olar. Bu illərdə mən onu, bir alim kimi də, insan kimi, dost, yoldaş kimi də yaxından tanıdım. O, həmişə özünün savadı, qabiliyyəti, mədəniyyəti, təvazökarlığı və sadəliyi ilə fərqlənibdi.

Elimizdə bir söz var: Əllisən, bəllisən. Yəni özünü 50 yaşına kimi, elmdə, aləmdə tanıtmalısan, bəlli etməlisən.
Şahinin 50 yaşı olarkən ona  Yazıçılar Birliyinin, ADU-nun o zamankı rektoru, professor, millət vəkili S.Seyidovun, AMEA-nın Beynəlxalq Münasibətlər İnstitutunun o zamankı direktoru, professor V.Arzumanlının, professor Zeydulla Ağayevin,  professor İsmayıl Öməroğlunun, “Göyərçin” jurnalının baş redaktoru Rafiq Yusifoğlunun, “Günəş” jurnalının baş redaktoru Vasif  Quliyevin və digər ədəbiyyat, elm adamlarının ünvanladığı təbriklər bu tədqiqatçı-alimin nüfuzunu təsdiq edirdi.

Məncə, Şahin Xəlilli zəhmətinin, gördüyü işlərin qabağında o qədər də görünməyib, öz layiqli yerini ala bilməyib—şair Sabir Mustafanın tədqiqatçı alimin  50 illiyinə həsr etdiyi sonetdə dediyi kimi: “Laqeyid dünyada, soyuq dünyada”.

Şahin Xəlilli hədsiz dərəcədə  ürəyiaçıq insandır. Hər dəfə xarici  ölkələrdə kitabım nəşr olunanda ürəkdən sevinərək gülə-gülə deyir: “Kim nə deyir,  desin, siz doğurdan da oğulsunuz!” O, bu kitablar haqqında, yaxud  Dövlət Mükafatlarına təqdim olunmuş əsərlər haqqında müntəzəm olaraq məqalələr yazmışdır.

Bu yaxınlarda  Azərbaycan ədəbiyyatşünaslığında özünü təsdiq etmiş, Qərbi Avropa ədəbiyyatının ən üzdə olan tədqiqatçılarından biri, səmimi insan, təvazökar alimin 70 yaşı tamam olur. Bizim üçün  əziz, doğma olan bu nüfuzlu alimi, filologiya elmləri doktoru, professor Şahin Xəlillini iki 35 yaşı münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, yaradıcılıq uğurları, işlərində müvəffəqiyyətlər arzulayıram.

Əziz Şahin Xəlilli, yubileyin mübarək! Yaşa, var ol!