XƏBƏRLƏR

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının təhsil siyasəti

17 may, 2021

ADU HİK sədri Misgər Məmmədovun "Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının təhsil siyasəti" yazısını təqdim edirik. 

“Bu gün Azərbaycan Həmkarlar Təşkilatı vətəndaş cəmiyyətinin bir hissəsidir”.

S.Mehbalıyev

Azərbaycanda həmkarlar hərəkatının tarixi “Mazut müqaviləsi” adlı sənədlə başlayır. Uzun və çox çətin inkişaf yolu keçmiş həmkarlar hərəkatının sahələr üzrə təşkili 1920-ci ildən sonra başlamış və ATİAHİ-nin sələfi “Maarif və sosialist Mədəniyyəti İşçiləri Həmkarlar İttifaqı” 1920-ci ilin iyununda Xalq Maarif Komisarlığı ilə əlaqələndiririlərək yaradılmışdır.

Qeyd etmək yerinə düşərdik ki, ümumilikdə 1904-20-ci illərdə həmkarlar təşkilatlarında azərbaycanlıların sayı elə də çox olmamışdır. Lakin sahələr üzrə həmkarlar təşkilatlarının yaradılması bu hərəkatda azərbaycanlıların sayının çoxalmasına səbəb olmuşdur.

1920-ci ildə həmkarlar ittifaqının orqanı olan “Вестник профсоюзного движения” jurnalı həm yeni sahə həmkarlar təşkilatlarının yaranmasını motivləşdirə bildi, həm də ittifaq üzvlərinin sayının çoxalmasına səbəb oldu. 1920-ci ildə orta və ali təhsil müəssisələri müəllimləri, uşaq bağçaları, əməkdaşları, maarif və sosialist mədəniyyət işçilərinin həmkarlar ittifaqına daxil oldu. 1920-ci ildə Bakıda həmkarlar ittifaqlarının I qurultayı olur. Qurultay texniki-peşə təhsilinə, mədəni-maarif işinə xüsusi diqqət yetirir.

Azərbaycan SSR Maarif İşçiləri Həmkarlar İttifaqının ilk sədri olan Qori müəllimlər semi­nariyasının məzunu Pənah Ələkbər oğlu Qasımov maarifçilik hərəkatının qabaqcıllarından idi. O, həmkarlar ittifaqlarının təsir imkanlarından, geniş xalq kütləsinə, şüuruna müdaxilə edə bilmək cəhdindən istifadə edərək savadsızlığın ləğvində çox mühüm işlər görmüş, redaktoru olduğu “Maarif işçisi” jurnalında həmkarlar təşkilatının pedaqoji işçilər arasında təbliğatını apara bilmişdi.

Ümumiyyətlə Müəllim Həmkarlar təşkilatı yaranışından savadsızlığın ləğvi, maarifçilik ideyalarının icrası və xalqın işıqlı gələcəyə aparılmasına xidmət etmişdir.

Yaranışının ilk illərindən pedaqoji işçilərin maarif işçiləri həmkarlar ittifaqına cəlb edilməsi onlarda sosial şüurun inkişafına səbəb olmuş, idarəedicilik qabiliyyətlərinin aşkar edilməsi üçün ictimai zəmin yaradılmışdır.

Əvvəldən Müəllim Həmkarlar Təşkilatı öz tarixi missiyasına uyğun olaraq iş günü, maddi təminat, əmək hüququ təhsilin səviyyəsinin yüksəlməsi məsələsini gündəlikdə saxlamış, fəhlələrə veriləcək təhsil naminə əmək haqqı saxlanılmaqla iş günü maariflənmənin hesabına qısaldılmış­dır. 1927-ci ilin aprelində Maarifçilik Assosiasiyası, Azərbaycan Həmkarlar İttifaqı Şurası Rəyasət Heyətinə fəhlə fakültəsinin dinləyicilərinin iş gününü qısaltmaq və maddi təminatının zəruriliyi barədə təkliflə müraciət etmişdi. Həmin ilin sentyabrında Azərbaycan Həmkarlar İttifaqı Şurası fəhlə fakültəsi dinləyiciləri üçün güzəştlər haqqında qərar verdi: dinləyicilər təhsil müddətində hər gün iki saat işdən azad olunurdu. İkinci kurs dinləyiciləri isə əməkhaqqı saxlanılmaqla işdən azad edilirdi. Fəhlə fakültəsi tələbələri içərisində azərbaycanlıların sayı artdı. 1922-23-cü ildən 1927-ci ilədək fəhlə fakültələri respublikanın ali tədris müəssisələri üçün 907 nəfər, o cümlədən 227 nəfər azərbaycanlı müdavim hazırlamışdır.

Maarif və sosialist mədəniyyəti işçiləri Həmkarlar İttifaqı Azərbaycan Xalq Komissarlar Sovetinin və Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il 18 mart tarixli “Azərbaycan SSR əhalisi içərisində savadsızlığın ləğvi haqqında” qərarına əməl edərək 1924/25-ci ildə 11418 həmkarlar üzvünün savadsızlığını ləğv etmişdir. Savad məktəbində oxuyan fəhlələr 8 saatlıq iş günü, əmək haqqın saxlanılmaqla bütün təhsil müddətində iş günü 2 saat azaldıldı.

Azərbaycanda həmkarlar təşkilatları yarandığı gündən komitələr təhsilə xüsusi önəm vermişdi. 1920-ci ildə Bakıda həmkarlar ittifaqlarının I qurultayında texniki-peşə təhsilinə xüsusi diqqət ayrılmış və həmkarlar hərəkatının imkanları bu istiqamətə yönəlmişdir. 1924/25-ci illərdə Bakı şəhərində həmkarlar ittifaqının yerli bölmələrində həmkarlar ittifaqının işçilərinin iştirakı və yaxından köməyi ilə maarifləndirmə kursları fəaliyyət göstərmiş və yerli əhalinin maarifləndirilməsində və savadsızlığın ləğvində həmkarlar ittifaqı üzvləri fəallıq göstərmişlər. Savadsızlığın ləğvində həmkarlar təşkilatlarının fəallığı çox yüksək olmuşdur. Komitələrin nəzdində açılan 20-30-cu illərdə savadsızlığın ləğvi ilə bağlı kursların elanları bu gün də tarix arxivlərində durur və təkcə yerli komitələrin verdikləri elanların təhlili göstərir ki, bir ictimai təşkilat kimi həmkarlar təşkilatları zamanında dövlətin sosial-siyasi sahədə fəaliyyətini və məsuliyyətini bölüşmüşdür.

1924/25-ci tədris ilində 1233 savadsızlığın ləğvetmə məntəqələrində 31775 nəfər təhsil alırdı. Bu məntəqələrin əksəriyyəti yerli həmkarlar təşkilatlarının nəzdində yaradılmışdır. Böyük miqdarda savadsızların olmasına və lazımi binaların olmamasına baxmayaraq həmkarlar təşkilatları çox böyük uğurlara imza atdı. Yaradıldığı təşkilatlarda savadsızlığın müxtəlif yaş qrupları arasında ləğv edilməsi kimi səbr və təmkin tələb edən işin öhdəsindən müvəffəqiyyətlə gələ bildi. Savadsızlığın ləğvi, təhsilin səviyyəsi, peşə hazırlığı və cəmiyyətin təhsil-peşə sahəsində tələblərinin ödənilməsində həmkarlar təşkilatının fəallığı əmək bazarında tezliklə özünü göstərdi. İqtisadi tələbatdan doğan ixtisaslı fəhlə peşə qruplarının yaradılmasında fabrik-zavod məktəblərində çalışan həmkarlar ittifaqı fəallarının yetərincə rolu olmuşdur. Bəzi hallarda həmkarlar fəalları təkcə savadsızlığın ləğvinə deyil, həmçinin onların müxtəlif peşə-ixtisaslarına yiyələnmələrinə fabrik-zavod məktəblərində bir vəzifə kimi öhdəsindən gəlirdilər. Bu sahədə yerli həmkarlar təşkilatının üzvlərinin cəfakeş əməyi olmuşdur. Həmkarlar təşkilatları yerli komitə adı ilə sosial həyatın bütün səviyyələrinə, öz humanizmi, xeyirxahlığı, qayğıkeşliyi ilə daxil ola bilmişdi. Bu illərdə 11418 həmkarlar üzvünün savadsızlığı ləğv olunmuşdu.

Azərbaycan Həmkarlar İttifaqı Şurasının Rəyasət Reyətinə Maarifçilik Assosiasiyanın təklifi (iş gününü qısaltmaq və maddi təminatın zəruriliyi) və onun icrası tezliklə özünün müsbət nəticələrini verdi. Birinci fəhlə fakültəsinin 209 tələbəsinə qarşı həmkarlar təşkilatının bu təklifindən sonra tələbələrin sayı 3046 çatdı. Beləliklə, Həmkarlar təşkilatları cəmiyyətin inkişa­fında aparıcı rollardan birini icra etmişdir və sosial sahədə zamanın sınağından üzü ağ çıxmışdır.

1925-ci ilin Azərbaycan müəllimlərinin IV qurultayında həmkarlar ittifaqının yüksək vəzifəli nümayəndəsi İvanov Azərbaycan müəllimlərinə müraciət edərək fəhlə və kəndlilərin ittifaqının möhkəmləndirilməsinə, mədəniyyətin, maarifin yüksəldilməsinə kömək etmələrini bir vəzifə kimi ortaya qoymuşdur. Həmçinin qurultayın gündəliyinə “Müəllimlər və həmkarlar hərəkatı” adlı məsələ salınmışdır. Orta və ali təhsil müəssisələrinin müəllimləri “Maarif və sosialist mədəniyyəti işçilərinin həmkarlar ittifaqında” təmsil olunurdular. Həmkarlar ittifaqında təmsil olunmuş fədakar və fəal həmkarlar üzvü olan müəllimlər həm savadsızlığın qısa zaman ərzində ləğvinə, həm də kadr hazırlığına yüksək töhvə verdilər.

Qeyd etmək istərdik ki, ATİAHİ bu gündə təhsilin səviyyəsinin yüksəldilməsinə, kadr hazırlığına, cəmiyyətin demokratikləşməsinə, ictimai münasibətlərin sosiallaşmasına, cəmiyyətin hər bir üzvünə qayğısını və xeyirxahlığını əsirgəmir. Əmək haqqı, istirahət, müasir standartlara cavab verən iş yerlərinin yaradılması, əməkdaşların, sosial həyatının təşkili, sağlamlığının qayğısına qalmaqla yanaşı həmkarlar üzvlərinin peşə və ixtisas hazırlığına və əmək bazarının tələbatlarını nəzərə alaraq səylərinə yüksək qiymət verir. Təhsil səviyyəsinin yüksəldilməsində sağlam rəqabətin təmin edilməsi üçün orta məktəb, ali məktəb tələbələri arasında keçirilən idman yarışları, fənn Olimpiadaları, istedadlı gənclərin cəmiyyətə təqdimi, müxtəlif ədlı tələbə təqaüdləri, “İlin peşəkar gənci” və s. bu kimi tədbirlərin təşəbbüskarı və maliyyə dəstəyi olan ATİAHİ RK cəmiyyətin inkişafı üçün bütün imkanlarından istifadə edir, bütövlükdə Azərbaycan cəmiyyətini təhsilə, peşəyə olan marağını motivləşdirir.

Həmkarlar ittifaqları aid olduğu sahələrlə kadr hazırlığının yüksəldilməsi üçün, əmək, istirahət, sosial təminatlarını müdafiə etmək üçün cəmiyyətdə mövcud olan qanunvericiliyin üstünlüklərini üzvlərinə aid etmək üçün var-gücü ilə çalışır. Bu tarixən belə olub, indi də belədir.

ATİAHİ-nin ən böyük uğuru Azərbaycan gəncini elmli, geniş dünyagörüşə malik, vətənpərvər bir şəxs olaraq hazırlamaq və onu müvəffəqiyyətlə gələcəyə istiqamətləndirməkdir.