Sanskrit dilini öyrənmək üçün “Little Guru” tətbiqi təqdim olunub
Hindistanın ölkəmizdəki səfirliyinin Azərbaycan Dillər Universiteti ilə birgə əməkdaşlığı çərçivəsində Sanskrit dilini öyrənmə tətbiqi olan “Little Guru” adlı yeni tətbiqi təqdim etmək məqsədilə onlayn tədbir təşkil olunub.
Dünyanın ilk oyun formatına salınmış Sanskrit dilini öyrənmə tətbiqi olan “Little Guru”nun tətbiqi Hindistanın Mədəni Əlaqələr Şurası və “GamappSportswizz” Texnologiyalarının birgə əməkdaşlığı ilə hazırlanıb. Tətbiq 2021-ci il aprelin 9-da Hindistanın Mədəni Əlaqələr Şurası tərəfindən rəsmi şəkildə bütün dünyaya təqdim olunub. Sanskrit dili dünyanın ən qədim dillərindən biridir. Bu dilin qrammatik strukturu yüksək dərəcədə inkişaf edib və ən mükəmməl proqramlaşdırıla bilən kompüter dili kimi görünür.
Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna açılış nitqində Sanskrit dilinin əhəmiyyəti və müxtəlif ölkələr arasında mədəni əlaqələrin qurulmasında rolu barədə ümumi məlumat verib. O, Azərbaycan Dillər Universitetinin dilin inkişafı və iki ölkə arasında mədəni əlaqələrin qurulması sahəsində Hindistan səfirliyi ilə əməkdaşlığını vurğulayıb.
Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova çıxışında Hindistanın ölkəmizdəki səfirliyi ilə uzun müddət davam edən əlaqələrin, həmçinin Azərbaycanda dil biliklərinin təbliğinə dair razılaşmaların təfərrüatlarını açıqlayıb. O, həmçinin hind dilinin tədrisi üçün Hindistan səfirliyi tərəfindən universitetdə təsis edilən Hind Dili Mərkəzinin əhəmiyyətindən bəhs edib. Hindistan səfirliyinin Mədəniyyət şöbəsinin müdiri tərəfindən “Little Guru” tətbiqi haqqında və bu tətbiqdən istifadə etməyin yollarını izah edən qısa təqdimat keçirilib.
“Little Guru” tətbiqi abunə əsaslı bir tətbiqdir. İlk bir neçə dərs pulsuzdur və abunə yalnız istifadəçilər daha da irəlilədikdə fəaliyyətə başlayır. Proqramı “Google Play”də yükləmək üçün https://bit.ly/3mDhnXo linkindən, “App Store”da yükləmək üçün isə https://apple.co/3t8tAWv linkindən istifadə olunur.