XƏBƏRLƏR

ADU-da Ulu öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

06 may, 2021

Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin, Azərbaycanşünaslıq ETL, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş “ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV: AZƏRBAYCAN MƏNİM HƏYATIMDIR!” mövzusunda dəyirmi masa keçirilib.

“Dəyirmi masa”nın moderatoru, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri v.i.e., dosent Qorxmaz Mustafayev qeyd etdi ki, bütün siyasi həyatı Azərbaycanla bağlı olan Ulu öndər özünün diplomatik addımları ilə istər sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycanın nüfuzunun dünyada qaldırılmasına xidmət edib, onun siyasi davamçısı Prezident İlham Əliyev yeni-yeni uğurlara imza atıb.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının professoru Mehriban Abbasova “Heydər Əliyev diplomatiyası: Azərbaycan və Gürcüstan respublikaları arasında dostluq münasibətlərinin yaranması” mövzusunda çıxış etdi. Natiq, Ulu öndərin uğurlu diplomatik fəaliyyətindən, Gürcüstanla müxtəlif sahələrdə bağlanmış uğurlu müqavilələrdə Heydər Əliyevin rolunu faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb. SSRİ-nin dağıldığı ilk illərdə yaranmış gərginliyin azaldılmasında Ulu öndərin fəaliyyətini qiymətləndirib.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov “Azərbaycanlıların II Dünya müharibəsində göstərdikləri rəşadətə  Ulu öndər Heydər Əliyevin verdiyi tarixi qiymət” mövzusunda çıxışında SSRİ-nin Almaniya üzərindəki qələbəsində xalqımızın, xüsusilə cəbhədə döyüşən gənclərimizin, arxa cəbhədə neftçilərimizin və alimlərimizin rolunu diqqətə çatdırıb. Ulu öndərin DTK-nın gənc zabiti olduğu zaman böyük vətənpərvərlik göstərərək Mehdi Hüseynzadənin partizan düşərgəsində fəaliyyətinin düzgün araşdırması nəticəsində “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görüldüyünü qeyd edib.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Şəlalə Bağırova “44 günlük Vətən müharibəsi Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir” mövzusunda çıxışında Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuzun qələbəsinin bünövrəsinin Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb. O, AZƏRBAYCANÇILIQ ideologiyasının təntənəsindən danışıb, ordumuzun formalaşmasında və Vətən müharibəsində qələbəsində həyata keçirilən tədbirləri faktlar əsasında diqqətə çatdırıb.

Tədbirin yekununda çıxış edən Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, t.e.d. İbrahim Kazımbəyli Heydər Əliyev irsinin bütün sahələri əhatə etdiyini və onun öyrənilməsinin əhəmiyyətindən danışıb. Torpaqlarımızın azad olunmasında Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu fəaliyyətini diqqətə çatdırıb, çıxışçılara və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Müzakirələrdə professor Əli Məmmədov,  dosent Ədalət Abdiyeva çıxışlara öz münasibətlərini bildirib.

Tədbirdə Ümummilli lider Heydər Əliyevin “AZƏRBAYCAN MƏNİM HƏYATIMDIR” fikirlərini əks etdirən videoçarx nümayiş etdirilib.