XƏBƏRLƏR

ADU və Dokuz Eylül Universitetinin təşkilatçılığı ilə vebinar keçirilib

06 may, 2021

Azərbaycan Dillər Universiteti və Dokuz Eylül Universitetinin birgə təşkilatçılığı ilə universitet tələbələri arasında Culturally Engaged: Bridging Youth through cultural Perspectives adlı vebinar keçirilib. Vebinar müasir dövrdə, eyni zamanda, mövcud pandemiya şəraitində  hər iki ölkənin gənclərini bir-biri ilə yaxından təmas qurmağa həvəsləndirən və tələbələrin çıxışı ilə fərqlənən onlayn formatda təşkil olunmuş ilk vebinarlar sırasındadır. Azərbaycan-Türkiyə qardaş ölkələrin tələbələrinin hər biri bu vebinarda iştirak edərkən regionşünaslıq, ölkəşünaslıq baxımından öz ölkələrini layiqincə təmsil ediblər. Vebinarın işçi dili ingilis dili olub. 

Azərbaycan Dillər Universitetinin Tədris məsələləri üzrə prorektoru professor Sevinc Saday qızı Zeynalova və Dokuz Eylül Universitetinin Xarici dillər departamentinin direktoru, professor Gülmira Kuruoglu  giriş nitqi ilə çıxış edərək, hər iki ölkənin universitet tələbələrini, eləcə də professor-müəllim heyətini salamlayaraq onlara uğurlar arzulayıblar.

Sevinc Zeynalova çıxışı zamanı gənclər arasında əməkdaşlığın gücləndirilməsi baxımından bu tədbirin təqdirəlayiq oduğunu qeyd edib.  Eyni zamanda, həmmüəllifi olduğu “Welcome to Azerbaijan” adlı kitabını nümayiş etdirərək vebinar iştirakçılarına təqdim edib. Professor S. Zeynalova, həmçinin, hal-hazırda elmi veb-saytlarda xüsusi yer alan, eləcə də Azərbaycanın həqiqətlərini təbliğ edən “Welcome to Azerbaijan” adlı kitabına dair bir sıra xüsusi məqamlara da toxunub. Belə ki, həmmüəllif S. Zeynalova 2018-ci ildə tərtib etdiyi “Welcome to Azerbaijan” adlı vəsaitdə Dağlıq Qarabağ konfliktindən bəhs edən 36 və 38–ci səhifələrə bəzi düzəlişlər edildiyini  vurğulayıb. Bununla yanaşı, həmin səhifələrə 27 sentyabr 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsinin ölkəmizin qələbəsi ilə başa çatdığını və 8 noyabr Zəfər tariximizin bu səhifələrdə işıqlandırıldığını qürur hissi ilə qeyd edib.

Vebinarda Azərbaycan Dillər Universitetini layiqincə 4 tələbə təmsil edib.

Kövsər Zəkəriyeva: Fundamentals of Azerbaijan foreign policy

Gülşən Sərxanova: The state structure of Azerbaijan

Tahirə Rzayeva: Education in Azerbaijan

Şəms Cəfərova və Sara Həsənli: "Azerbaijani Culture and Literature".

Tələbələr tərəfindən hazırlanmış maraqlı prezentasiyalar onların çıxış etdikləri mövzuları müşayiət edib.

Vebinarın yekun çıxışında Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Türkiyə Araşdırmalar Mərkəzinin müdiri Aynur Beşkonak və Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva Azərbaycan və Türkiyə arasında təhsil, mədəniyyət əməkdaşlığının inkişafından bəhs edib. Vebinar zamanı, həmçinin Azərbaycan, ADU və Regionşünaslıq kafedrasının Türkiyə universitetlərində tədbirlərinə dair video çarxları  xüsusi maraqla nümayiş etdirilib. Azərbaycan tərəfindən vebinarın koordinatorları Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri dos.Könül Hacıyeva və TECin sədri  Elşən Məcidov olub.

Ümidvarıq ki, Azərbaycan Dillər Universiteti və Dokuz Eylül Universitetinin  gənc istedadlı tələbələrinin birgə iştirakı ilə keçirilən və müvəffəqiyyətlə sona çatan onlayn vebinar hər iki ölkənin gənclərinin sıx təmas qurmalarına, dostluq əlaqələrinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək.