ADU-da Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

ADU-nun Təhsil 1 fakültəsi nəzdində Linqvokulturologiya kafedrasının təşkilatçılığı ilə bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Tədbirdə universitetin elm adamları, ədəbiyyatşünaslar, digər təhsil müəssisələrin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Linqvokulturologiya kafedrasının müdiri professor Məsməxanım Qazıyeva Azərbaycanın dahi şairi və mütəfəkkiri, Şərq və dünya ədəbiyyatının görkəmli nümayəndəsi olan Nizami Gəncəvinin 880 illik yubileyinin Linqvokulturologiya kafedrasında qeyd olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Məsməxanım Qazıyeva qeyd edib ki, Nizami Gəncəvi şeiriyyəti ümumbəşəri mahiyyət daşıyır, Nizami yaradıcılığı və elmi-fəlsəfi fikirləri Şərq bədii təfəkkürünü zənginləşdirmişdir.
Tədbirdə Nizaminin həyat və yaradıcılığına nəzər salan video çarx təqdim edildikdən sonra tədbirin moderatoru fil.f.d. Aynur Məmmədzadə qeyd edib ki, Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti tərəfindən Sərəncam imzalanmışdır.
Linqvokulturologiya kafedrasının müdiri, Professor Məsməxanım Qazıyeva “Nizami yaradıcılığında multikulturalizm”, Linqvokulturologiya kafedrasının müəllimləri, dosent Vüsalə Ağabəyli “Nizami yaradıcılığında gender məsələləri”, dosent Tofiq Quliyev “Nizami poeziyasında qadın mövzusu”, dosent Elina Fərəcova “Nizami yaradıcılığnda kamil insan faktoru”, Fil.f.d. Mahirə Hacıyeva “Nizaminin Utopiya fəlsəfəsi”, Fil.f.d. Rəşidə Ağayeva “Nizaminin əsərlərində məhəbbət mövzusu”, baş müəllim Firəngiz Mahmudova “Nizami yaradıcılığında aforizmlər”, Abşeron Rayonu Mehdiabad qəsəbəsi, 1 saylı tam orta məktəbin ana dili və ədəbiyyat müəllimi Vüsalə Həsənova “Nizami – Azərbaycandan dünyaya”, eləcə də, Təhsil 1 fakültəsi Esseks qrupunun I kurs tələbələri Fidan Məmmədzadə və Nərmin Alıyeva ingilis dilində “Love in the East and in the West: Leyli and Majnun and Romeo and Juliet” – mövzusunda çıxış ediblər. Tədbirdə Nizami yaradıcılığına aid qəzəllər səsləndirilib, “Nizami” filmindən fraqmentlər, video çarxlar nümayiş etdirilib.
Tədbirdə iştirak edən Təhsil 1 fakültəsinin dekanı professor Fikrət Cahangirov dahi Azərbaycan şairinin həyat və yaradıcılığına həsr olunan tədbiri təqdirəlayiq hesab edib və qeyd edib ki, Azərbaycan mədəniyyətinin və tarixinin ən görkəmli şəxsiyyətlərindən biri olan Nizami Gəncəvi və onun yaradıcılığı bütün dünyada sevilir, şairin əlyazmaları dünyanın bir çox kitabxanalarında və arxivlərində saxlanılır. Fikrət Cahangirov Nizami Gəncəvinin yaradıcılığı haqqında ingilis dilində elmi əsərlərin yazılması təklifi ilə çıxış edib.
Regionşünaslıq kafedrasının müəllimi dosent Sevdagül Əliyeva çıxışında Nizami Gəncəvinin Azərbaycan dilində yazdığı qəzəllərindən ibarət kitabı təqdim edib və Nizaminin həyatı barəsinda maraqlı faktları tədbir iştirakçılarına çatdırıb.
Rafiq Mikayılov, Azadə Mikayılova və başqaları qonaq qismində iştirak ediblər və tədbirin əhəmiyyətini vurğulayıblar.
Tədbir Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslim Maqomayevin Üzeyir Hacıbəylinin bəstələdiyi “Sənsiz” romansının ifası ilə sona çatıb.

