XƏBƏRLƏR

“Rektorlar Konfransı” Erasmus+ layihəsinin açılış mərasimi

05 may, 2021

4-6 may tarixlərində Bakı Biznes Universitetinin koordinatoru olduğu Avropa İttifaqı tərəfindən maliyyələşdirilən ECAR (Azərbaycanda Rektorlar Konfransının yaradılması) layihəsinin onlayn formatda təqdimat mərasimi baş tutub. Layihənin məqsədi Təhsil Nazirliyinin bilavasitə iştirakı ilə Azərbaycan ali təhsil müəssisələri arasında elm, təhsil, mədəni və iqtisadi əməkdaşlığı təşviq etmək, digər milli və beynəlxalq təşkilatlarla dialoqa kömək etmək, milli təhsil şəbəkəsi yaratmaq, Azərbaycan elminin, mədəniyyətinin və təhsilinin inkişafı üçün vacib olan məsələlər barədə rəylər formalaşdırmaq və təqdim etməkdir.

3 il müddətində gercəkləşdiriləcək layihədə 15 yerli və o cümlədən Avropanın bu sahədə aparıcı ölkələrinin (Fransa, İsveç, Belçika, Litva, Polşa) universitet və Rektorlar Konfransları iştirak edəcəkdir.

Tədbirdə Təhsil Nazirliyinin rəhbərliyi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi, Magna Charta müşahidə qrupu, Avropa Universitetləri Birliyi, Fransa Beynəlxalq Təhsil Mərkəzi, Belçikanın Avropa İdarəetmə İnkişafı Qurumu, Erasmus+ Azərbaycan ofisinin rəhbərliyi, Təhsil Nazirliyinin Keyfiyyət Təminatı Agentliyi, İspaniya, Polşa, Fransa, Portuqaliya, Litva, Finlandiya Rektorlar Konfransının rəhbərliyi və  səlahiyyətli nümayəndələri, ölkəmizdə akreditə olunmuş ABŞ, Polşa, Fransa, Litva səfirliklərinin fövqəladə və səlahiyyətli səfirləri və nümayəndələri, layihə konsorsiumunun üzvləri olan İsveçin Kral Texnologiya İnstitutu, Litvanın Mikolas Romeris Universitetinin professor-müəllim heyəti, Azərbaycanın 15 universitetinin rektorları və rəhbər şəxsləri, eləcə də digər nüfuzlu mötəbər qonaqlar iştirak ediblər.

Mərasimində ADU-nu Universitetinin elm və innovasiyalar üzrə prorektoru professor Novruz Məmmədov, Tədris işləri üzrə prorektoru prof. Sevinc Zeynalova, Beynəlxalq Əlaqələr üzrə prorektoru professor Jalə Qəribova, Keyfiyyətin Təminatı və Monitorinq şöbəsinin müdiri b/m. Könül Hacıyeva, Layihələr və Qrantlar Şöbəsinin müdiri Səbinə Feyzullayeva və Test Mərkəzinin baş mütəxəssisi b/m Bəyim Abdulla təmsil edib.

Görüşü BBU-nin rektoru, iqtisad elmlər doktoru, professor İbad Abbasov açaraq layihənin Azərbaycan təhsil sistemi üçün önəmi haqqında məlumat verib. O, öz növbəsində layihə iştirakçılarına uğurlar arzuladı. Daha sonra Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək dünyada gedən əsaslı dəyişikliklər və rəqəmsallaşma şəraitində təhsilimizin qarşısında dayanan yeni çağırışlar və tələblərdən irəli gələn məsələlərin həlli üçün beynəlxalq səviyyədə universitetlərarası qarşılıqlı əməkdaşlığın vacibliyindən bəhs edib.  Tədbirdə Azərbaycan Erasmus Plus ofisinin rəhbəri Pərviz Bağırov,  Polşadakı səfiri Rafał Poborski, Fransadakı səfiri Zaxari Qros çıxış edib. Tədbirdə çıxış edən Fransa, Portuqaliya, Finlandiya, İspaniya Rektorlar Konfranslarının nümayəndələri də çıxış edərək öz ölkələrində mövcud olan Rektorlar Konfransları və onların fəaliyyət istiqamətləri, Rektorlar Şurasının önəmi, cəmiyyətdəki rolu haqqında geniş məlumat veriblər.

Azərbaycan Dillər Universitetinin elm və innovasiyalar üzrə prorektoru professor Novruz Məmmədov da çıxış edərək layihəni böyük əhəmiyyətli hadisə kimi qiymətdirərək Universitetlərin ölkə həyatında mühüm əhəmiyyət kəsb etdiyini və yaradılacaq Rektorlar Konfransının bu işdə xüsusi rolu olacağını, Avropa ölkələrinin təcrübəsinin öyrənilməsinin lazım gəldiyini vurğulayıb. Eyni zamanda o, Avropa ölkələrinin əməkdaşlarına bu işdə göstərdikləri dəstəyə görə minəddarlığının da bildirib.

Mərasim yerli tərəfdaş Universitetlərinin rektorlarının çıxışları ilə yekunlaşıb.