XƏBƏRLƏR

ADU-da 2020-2021-ci tədris ili üçün mövcud pandemiya şəraitində təcrübənin təşkili

26 aprel, 2021

Məlumdur ki, pedaqoji yönümlü fakültələrdə təhsil alan tələbələrin ixtisas hazırlığı peşə hazırlığı ilə vəhdət təşkil edir və bu prosesdə təhsilalanların bir mütəxəssis kimi formalaşmasında pedaqoji təcrübənin rolu əvəzsizdir. Lakin məlumdur ki, mövcud pandemiya şəraitində Bakı şəhəri üzrə orta təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi 2021-ci il 5 aprel tarixindən distant (məsafədən) tədrisə keçmişdir və buna görə də tələbələrin məktəblərə və virtual siniflərə təhkim olunmasında problemlər yaranmış və ya linklərlə təmin olunması müəyyən zaman almışdır. Yuxarıda sadalanan problemlərin obyektiv səbəbləri vardır, lakin pеdаqоji təcrübə müvаfiq təhsil prоqrаmlаrının tərkib hissəsi оlmаqlа müəllim hаzırlаyаn Azərbaycan Dillər Universitetinin təlim fоrmаlаrındаn biridir və tələbələri müvafiq kreditlə təmin etmək üçün qiymətləndirmə formasıdır. ADU-da pedaqoji ixtisaslar üzrə təhsil alan 883 təcrübəçi-tələbənin pedaqoji təcrübəsinin təşkili pandemiya şəraitinin tələbləri nəzərə alınmaqla 64 məktəb və liseydə məsafədən təşkil olunur. 

Məlumat üçün bildiriik ki, pedaqoji təcrübənin təşkili ilə bağlı ADU-nun 06.04.2021-ci il tarixli, 26-143/14-10 nömrəli məktubuna Bakı Şəhər Təhsil İdarəsi aidiyyəti üzrə baxmış və tələblərin 19.04.2021-ci il tarixindən 15.06.2021-ci il tarixinədək Virtual məktəb layihəsi çərçivəsində MS Teams platformasında distant formada pedaqoji təcrübə keçməsinə etiraz etmədiyini bildirmişdir. Nəzərinizə çatdırmaq istərdik ki, ADU-da yaz semestri 15 həftə davam edir və pedaqoji təcrübə prosesi mayın 27-də yekunlaşır.

Bakı Şəhər Təhsil İdarəsi tərəfindən onlayn pedaqoji təcrübə keçirilməsi istiqamətində artıq hərəkət müşahidə olunur və tələbələr Virtual məktəbə qoşularaq cədvəl üzrə onlayn dərsləri izləyir, bəzi məktəblərdə təcrübəçi-tələbələrin virtual məktəbdə siniflərə təhkim olunması baş tutur və pedaqoji təcrübə Virtual məktəbdə davam edir.

Təəssüf ki, texniki problemlərdən dolayı Virtual məktəbə qoşulmada  bəzi məktəblərdə problem yaranır. Universitet bunları nəzərə alaraq pedaqoji təcrübə prosesinə virtual məktəbdə təcrübə keçməklə yanaşı öz daxili resurslarına əsaslanan hazırlıq prosesinə də başlamışdır. Mövcud vəziyyət nəzərə alınmaqla və tələbələri müəyyən qədər təcrübə keçməklərini və əldə etdikləri nəzəri bilikləri daha da genişləndirmək, praktikada tətbiq etmək və kreditlə təmin etmək üçün 2020-2021-ci tədris ili üçün onlayn pedaqoji təcrübə aşağıdakı kimi keçirilir.

Müvafiq fakültələrdə təcrübəçilərin pedaqoji təcrübəsi onlayn şəkildə ADU-nun MS Teams platformasında yaradılmış və pedaqoji təcrübədə iştirak edənləri (metodist, pedaqoq, psixoloq) əhatə edən virtual qruplarda görüşlər keçirilir;

2021-ci il 19 aprel tarixindən təcrübəçi-tələbələr virtual məktəbdə təhkim olunduqları siniflərin virtual qruplarına link vasitəsilə daxil olur və onlayn dərsləri izləyir və qrafikə uyğun sınaq və qiymətləndirmə dərsləri verir;
Virtual məktəbə qoşulmada problem yarandığı və ya mümkün olmadığı hallarda təcrübəçi-tələbələr təhsil aldıqları fakültənin birinci kurs tələbələrinin onlayn dərslərini izləyir və dünya praktikasında geniş tətbiq olunan simulyasiya üsulundan istifadə edərək məktəb proqramını yada salan mövzular üzrə dərs icmalı hazırlayır və tərtib etdikləri dərs icmallarını öz kiçik virtual qruplarında və ya təhsil aldıqları fakültənin birinci kurslarında aparır.
Təcrübəçi-tələbələrin apardığı xarici dil dərslərinin qiymətləndirilməsi meyar əsasında aparılır və milli kurrikuluma əsaslanan dərs icmalının hazırlanmasında nəzərdə tutulan mərhələləri əhatə edir.

ADU-da istehsalat təcrübəsi keçən 558 tələbə də mövcud pandemiya vəziyyətinin tələblərini nəzərə alaraq Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsildə Keyfiyyətin Təminatı Agentliyi, AMEA Qafqazşünaslıq İnstitutu, AMEA Tarix İnstitutu, AMEA Beynəlxalq Əlaqlələr şöbəsi, Azərbaycan Həmkarlaq İttifaqı, Konfedarasiyası, İctimai TV və İctimai Radio, Avto FM, Teleqraf.com saytı, Səs TV, Xəzər TV, eləcə də universitetdə fəaliyyət göstərən mərkəz və institutlarda,  fakültə və şöbələrdə keçirlər.