XƏBƏRLƏR

Şuşa teatrının direktoru və aktyorları ADU-nun qonağı olub

18 mart, 2021

“Qarabağı tanıyaq” layihəsi çərçivəsində ADU–nun Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi və Azərbaycanşünaslıq ETL “ Qarabağ incəsənəti “ adlı dəyirmi masa keçirib. Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva tədbiri Azərbaycanda teatrın erkən inkişafı üçün Şuşanın münbit şəraiti olduğunu, orada çox sayda sənətkarların yazıb yaratdığını qeyd edib.

“Qarabağda ilk teatrın yaranması - Şuşa teatrı”nın yaranması haqqında Regionşünaslıq kafedrasının baş müəllimi, PhD Rəna Rəcəbli təqdimat etdi, Şuşada səhnəyə qoyulan ilk əsərlər haqqında məlumat verdi.
Şuşa teatrının direktoru, əməkdar artist Yadigar Muradov “Şuşasız Şuşa teatrı” mövzusunda çıxış edərək, Şuşanın işğalından bu günədək kollektivin fəaliyyəti, etdiyi fədakarlıqlar haqqında geniş danışdı.
Şuşa teatrının direktor müavini, əməkdar artist Azad Məmmədov “Şuşa teatrının repertuarı və aktyorları bu gün” mövzusunda məlumat verərkən, teatrın bu müddət ərzində iştirak etdiyi festivallar, hazırladıqları tamaşalardan ətraflı şəkildə danışdı.

Regionşünaslıq kafedrasının baş müəllimi Bəyim Abdulla Qarabağda işğaldan öncə fəaliyyət göstərən “Ağdam və Füzuli teatrları “nın tarixi, yaşadığı problemlər haqqında məlumatı işirakçıların diqqətinə çatdırdı.
Regionşünaslıq kafedrasının baş müəllimi Hökumə Abbasova “Qarabağda formalaşmış akyor və aktrisalar”, onların təhsili, oynadıqları rollar və incəsənət sahəsindəki xidmətlərindən məlumat verdi.

Regionşünaslıq kafedrasının müəllimi Aygün Soltanzadə “Qarabağ filmlərdə” mövzusunu təqdim etdi. O, bildirdi ki, Qarabağda və Qarabağ haqqında çəkilən əsərləri iki dövrə: işğala qədərki və işğal dövründə çəkilmiş filmlər kimi bölmək olar. İkinci dövrə aid daha çox sayda, vətənpərvərlik ruhunda, çox təsirli və tərbiyəvi filmlər çəkilmişdir.

Tədbirin gedişində iştirakçılar Şuşa teatrı, aktyorlar, filmlər haqqında müxəlif videoyazılar və təqdimatları izlədilər. Dəyirmi masanın sonunda ADU-nun prof.Vidadi Bəşirov, dos.Amil Cəfərov, Gəncə Dövlət Universitetinin kafedra müdiri dos.Vüsalə Veysəlova və b. müzakirələrdə iştirak etdilər.