XƏBƏRLƏR

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr olunmuş Respublika tələbə-şagird elmi konfransı - ELAN

18 mart, 2021

 AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr olunmuş  Respublika tələbə-şagird elmi konfransı

15-16 May 2021-ci il tarixlərində Azərbaycan Dillər Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr olunmuş “Heydər Əliyev və Şanlı Azərbaycan ” adlı respublika tələbə-şagird elmi konfransı keçiriləcəkdir.

Konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaqdır:

  • Beynəlxalq münasibətlərdə müasir siyasi proseslər;
  • Regionşünaslığın aktual problemləri;
  • Xarici dillərin qloballaşan dünyada əhəmiyyəti;
  • Ədəbiyyat və mədəniyyət;
  • Ənənəvi və onlayn təhsilin aktual problemləri.

Konfransın işçi dilləri: Azərbaycan, İngilis, Rus, Alman, Fransız

         Sizi  konfransda iştiraka dəvət edirik.

         Konfransın təqvimi:

Tezislərin qəbulu üçün son tarix

15 aprel 2021-ci il

Qəbul edilən tezislər  haqqında məlumatın verilməsi

5 may 2021-ci ilə qədər

Konfransın açılış mərasimi və bölmə iclasları

15 may 2021-ci il

Konfransın bağlanış mərasimi

16 may 2021-ci il

 

Tezislərin tərtibinə qoyulan tələblər:

  • müəllifin adı, soyadı – 10 pt, (səhifənin yuxarısında sağda);
  • təhsil aldığı müəssisənin (universitet və ya məktəbin), fakültənin, qrupun (və ya sinfin) adı – 10 pt, (səhifənin yuxarısında sağda);
  • elmi rəhbərin adı, soyadı və dərəcəsi - 10 pt, kursiv, (səhifənin yuxarısında sağda);
  • tezislərin adı – 12 pt, böyük hərflərlə, ortadan (bolt);
  • tezislərin həcmi­– ümumi 1 səhifə (ədəbiyyat siyahısı istisna), format–A4;
  • tezislər Times New Roman, 12 pt ilə, 1,15 intervalla yığılır;
  • kənarlar: yuxarıdan – 2 sm, aşağıdan – 2 sm, soldan –2 sm, sağdan – 2 sm;
  • tezis qısa giriş və nəticə daxil etməlidir;
  • ədəbiyyat siyahısı əlifba sırası ilə düzülür.
  • plagiata icazə yoxdur
  • tezislər Word formatda yığılıb, wp olan mobil nömrə və teams logini göstərilməklə (konfransın linki wp vasitəsilə göndəriləcək) məktub kimi elektron variantda tec@adu.edu.az ünvanına göndərilməlidir.

Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən tezislər qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə məlumat verilməyəcək.

Konfransın materialları toplu şəklində nəşr ediləcəkdir. Topluya yalnız konfransda əyani formada iştirak edib, çıxış edənlərin tezisləri daxil olacaq. Bütün çıxış edənlər sertifikat ilə təltif olunacaqlar.

Konfransın ünvanı:

Pandemiya səbəbindən konfrans onlayn formada Teams platformasında (mümkün alternativ platforma Zoom) keçiriləcək.           

AZ1014. Bakı şəhəri, Rəşid Behbudov küçəsi 134, Azərbaycan Dillər Universitetinin əsas binası, Tələbə Elmi Cəmiyyəti, (otaq 406)

Əlaqə nömrələri:

         Telefon: (+994 12) 441 22 78

                       (+994 12) 441 31 82

           E-mail:  [email protected]

 

                                                                                       Əlavə 1

Tezisin yazılmasına dair nümunə

Tezislər hər hansı bir mövzu ilə bağlı məlumat toplusu və ya publisistik qəzet yazısı deyil. Bu səbəbdən tezislər üçün çox geniş və ümumi mövzuları seçmək məqsədəuyğun deyil. Tezisin məğzi konkret olmalıdır. Konkretlik zaman, məkan və problem baxımından özünü biruzə verməlidir. Məsələn:

  1. II Qarabağ müharibəsi zamanı (Cənubi Qafqaz regionu – məkana görə konkretlik, 27 sentyabr-10 noyabr 2020-ci il aralığı – zamana görə konkretlik) Azərbaycan-Türkiyə (konkret dövlətlər – Azərbaycan-Türkiyə) siyasi-hərbi əməkdaşlığı (konkret tədqiq olunan problem –  siyasi-hərbi əməkdaşlıq)”,
  2. Breksit kontekstində (Breksit prosesi başlayandan bu günə qədər – zamana görə konkretlik) Böyük Britaniyada (məkana görə konkretlik) separatçılıq tendensiyaları (konkret problem)”,
  3. F. Dostoyevskinin (konkret xalqın müəyyən yazıçısının) Karamazov qardaşları əsərində (konkret əsər) dinə münasibət (konkret problem)”,
  4. Müasir (zamana görə konkretlik) Azərbaycanda (məkana görə konkretlik) ingilis dilinin öyrənilmə əhəmiyyəti (problemin müəyyən edilməsi)”.

Tezis hökmdür, iddiadır, mövqedir. Tezis yazmaq müəyyən bir məsələ ilə bağlı mövqe irəli sürüb, onu əsaslandırmaqdır. Bu baxımdan o tədqiqat işi olan və böyük həcmli araşdırma tələb edən məqalədən fərqlənir. Məqaləni başladıqda müəllif hansı nəticəyə gələcəyini bilmir və bu səbəbdən geniş təhlillər və araşdırmalar aparır. Tezis isə mövqeyin əsaslandırılması olduğundan onun üçün geniş həcmli yazı tələb olunmur. Mövqe bir-iki cümlə ilə ifadə oluna bilər və onun əsaslandırılması və sübuta yetirilməsi üçün bir səhifə həcmində arqument və dəlillər adətən kifayət edir. Məhz bu səbəbdən tezislərin həcmi qısa olur.

Müəllifin mövqeyi mətnin giriş hissəsində mövzunun baş tezisi (yəni əsas mövqeyi, baş hökmü, ideyası) göstərilməklə, irəli sürülür. Məsələn,

  1. Azərbaycanın Ermənistan üzərində 44 günlük müharibə zamanı qazandığı qələbədə Türkiyə ilə hərbi-siyasi əməkdaşlıq aparıcı rol oynadı. Bu yuxarıdakı “II Qarabağ müharibəsi zamanı Azərbaycan-Türkiyə siyasi hərbi əməkdaşlığı” mövzusunun mümkün baş tezisi (əsas hökmü, ideyası, iddiası) ola bilər.
  2. “Breksit kontekstində Böyük Britaniyada separatçılıq tendensiyaları” mövzusunun mümkün baş tezisi: “Böyük Britaniyanın Avropa İttifaqından çıxması onun daxilində deinteqrasiya proseslərinin sürətlənməsinə səbəb olacaqdır”.

Mövzuya dair baş tezisi siz seçirsiz, baş tezis sizin sübuta yetirmək istədiyiniz, əsaslandırmaq istədiyiniz bir Hökmdür! Bu hökmün qoyulmasında siz azadsız. Məsələn, ikinci mövzu ilə bağlı alternativ mövqe belə də ola bilərdi: “Böyük Britaniyanın Avropa İttifaqından çıxması onun iqtisadiyyatını gücləndirib, ölkədə mövcud separatçılıq meylliklərini zəiflədəcəkdir”. Müşahidə etdiyimiz kimi bir mövzuya iki fərqli müəllif müxtəlif mövqe bəsləyə bilər.

Giriş hissədə baş tezis  - mövqe göstərildikdən sonra, mətnin əsas hissəsi bu mövqenin əsaslandırılmasına həsr olunur. Mövqeni əsaslandırmaq, sübut etmək üçün, fakt, arqument, dəlil, hesablamalar, başqaları tərəfindən aparılan eksperiment və müşahidələr, statistika və sorğular gətirilir. Məsələn, “Xalqların özmüqəddəratını təyinetmə prinsipi Dağlıq Qarabağa şamil edilə bilməz” mövqeyi ilə kimsə çıxış edirsə, o bu mövqeyi əsaslandırmaq üçün sübutlar irəli sürür və faktlar gətirir:

  1. Dünya ölkələrinin heç birinin konstitusiyasında ərazi vahidinin özbaşına birtərəfli sürətdə ölkə daxilində çıxmasını nəzərdə tutan müddəa yoxdur.
  2. Xalqların özmüqəddəratını təyinetmə prinsipi keçmiş müstəmləkə xalqlarını nəzərdə tutaraq qəbul edilmişdir.
  3. Beynəlxalq hüququn imperativ prinsipləri vahid hormoniya şəklində mövcud olduğuna görə onlar arasında qarşılıqlı istisna və ya ziddiyyət qəbuledilməzdir. Bu səbəbdən xalqların özmüqəddəratını təyinetmə prinsipi ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə zidd ola bilməz.
  4. Erməni xalqı artıq bir dəfə öz müqəddəratını təyin edərək, Ermənistan dövlətini yaradıb. Qarabağ erməniləri öz müqəddəratını artıq mövcud olan Ermənistana köçməklə həll etməlidirlər.
  5. Dağlıq Qarabağın müstəqilliyini heç bir ölkə o cümlədən, Ermənistan da qəbul etməyib.
  6. Dağlıq Qarabağ üçün beynəlxalq münasibətlərdə heç bir presedent yoxdur. Kosovonun müstəqilliyinə dair bütün sənədlərdə bu halın digər münaqişələr üçün presedent olmadığı qeyd edilir. Həmçinin Kosovonun müstəqilliyini nə Azərbaycan, nə də ki, Ermənistan tanımır.
  7. .....
  8. .....

“F. Dostoyevskinin “Karamazov qardaşları” əsərində “əgər Allah yoxdursa hər şey icazəlidir” ideyası, əxlaqın mütləq sürətdə tanrı timsalında obyektiv mənbəyə ehtiyac duymasını nəzərdə tutur” – baş tezisin (mövqenin) əsaslandırılması da analoji olaraq dəlil və arqumentlərə söykənməlidir.

Qeyd: Tezisin əsaslandırılması mütləq sürətdə yuxarıda göstərildiyi kimi sıralanmamalıdır. Arqument və faktları, bir-birinin ardınca və ya abzasdan da vermək mümkündür.