XƏBƏRLƏR

YENİLƏŞƏN AZƏRBAYCANDA YENİ SİYASİ PARADİQMA: DİALOQ MÜHİTİ

10 mart, 2021

YENİLƏŞƏN AZƏRBAYCANDA YENİ SİYASİ PARADİQMA: DİALOQ MÜHİTİ

Ölkədəki siyasi, sosial, mədəni, mənəvi sabitliyi xarici və daxili siyasətdə qazanılan uğurların əsas sütunu hesab edən Prezident İlham Əliyev atdığı məqsədyönlü addımlarla təkcə dövlətimizin bugünkü yox, həm də onun gələcəyinin qurucusu kimi diqqət çəkir. Bu qlobal düşüncəyə sahib liderliyin əsas göstəricisidir deyə bilərik.

Ölkəmizin son 17 ildə sosial, iqtisadi, hüquqi, mədəni, təhsil, diplomatiya, milli təhlükəsizlik və hərbi müstəvidə həyata keçirilən məqsədyönlü islahatların sırasına indi daha aydın hiss edilən bir şaxə də əlavə olunmuşdur. Bu yeni konsepsiyanın da həm ideya müəllifi, həm də birbaşa lokomativi Prezident İlham Əliyevdir.

Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində dünya insanının və ölkə əhalisinin diqqətini xüsusilə cəlb edən hərbi sərkərdəlik məharəti, qələbə ilə bitən haqq müharibəsindən sonrakı qaliblərə layiq rəftarı Prezidentin dünyada, həmçinin ölkə əhalisi arasında nüfuzunu misilsiz dərəcədə yüksəltmiş və daxili siyasətdəki mübarizədə rəqibsiz fenomenə çevirmişdir.

Əslində 2018-ci ildən başlanmış xüsusi islahatlar kursu 2020-ci il 8 noyabrda Zəfər günü ilə öz məntiqi zirvəsinə çatdı deyə bilərik. Amma Prezident cənab İlham Əliyev Müzəffər öndərlik missiyasını bununla bitmiş hesab etmədi və təvəzökarlıqla yeni və daha böyük hədəflərə doğru getdiyini bəyan etdi.

Ölkəmizdə siyasi dialoq mühitinin daha da dərinləşdirilməsi üçün atılan yeni addımlar və konseptual yanaşmalar daxili siyasətdə yeni hədəflərin də artıq müəyyən olunduğunu ifadə edir.

Bu mənada deyə bilərik ki, Azərbaycan yeni dövrə qədəm qoyur. Prezidentin Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı proqram xarakterli çıxışından məlum olur ki, yeni dövrdə siyasi dialoq daha da dərinləşdirilməlidir. Doğrudur, müharibədən əvvəl başlamış siyasi dialoq istiqamətində qısa müddət ərzində müsbət və ölkəmiz üçün tamamilə yeni hesab ediləcək nəticələr əldə olunub. Bütün partiyalar, özünü siyasi qurum adlandıran antimilli şura istisna olmaqla dialoqa meyl göstərib, təşəbbüsü alqışlayıb və deyə bilərik ki, artıq bu dialoq baş tutub.

Bu işdə ən önəmli məqam ondan ibarətdir ki, hazırda ölkəmizdə qurulan  siyasi dialoq əvvəllər olduğu kimi xarici vasitəçilərin məkrli planları ilə deyil, əksinə heç bir kənar müdaxilə olmadan həyata keçirilir.

Hazırda gerçəkləşdirilən dialoqun əsas qayəsi ümummilli məsələlərdə heç bir fərqli fikrə yer olmaması ilə bağlıdır. Prezident İlham Əliyev ümummilli məsələni bu şəkildə şərh edir: “Ümumi məsələlər Qarabağ məsələsidir, siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir”.

Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyev siyasi dialoqun davam etməsində və dərinləşməsində maraqlı olduğunu, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti olduğunu Qurultaydakı nitqində xüsusi olaraq vurğulamışdır. Hətta Dövlət başçısı bəyan etmişdir ki, milli mənafeləri öz şəxsi mənafelərinə qurban verən antimilli ünsürlər istisna olmaqla YAP üzvlərinin ölkə daxilində heç bir siyasi qurumla heç bir problemi yoxdur və ola da bilməz.  Amma  satqın, xain və xaricdən milli mənafelərimizə zidd təlimatlar alaraq fəaliyyət göstərən ünsürlərlə mübarizə həmişə davam edəcəkdir. Çünki bu mübarizə xalq, millət və dövlət üçündür. Mənzərədən də aydın olur ki, antimilli ünsürlərin məqsədi Azərbaycanı qarışdırmaq, Azərbaycanı çökdürmək, Azərbaycan rəhbərliyini hörmətdən salmaq, ölkəni daxili çəkişmələrə sürükləməklə əsas milli hədəfdən – Qarabağın azad olunması hədəfindən yayındırmaq olub. Buna qarşı təkcə YAP üzvləri deyil, bütün ölkə əhalisi dəmir yumruq kimi İlham Əliyev iqtidarı ətrafında birləşmişdir.

Prezident İlham Əliyevin yeniləşən Azərbaycana yeni daxili siyasət paradiqması – siyasi dialoq ideyasını gətirməsi və bu dialoqla əldə ediləcək uğurlar ölkəmizin inkişafına, xalqımızın sosial rifahının yaxşılaşmasına və bərpa edilmiş dövlət sərhədlərimiz daxilində olan hər qarış torpağımızın abadlaşmasına, çiçəklənməsinə öz töfhəsini verəcəkdir.

Sərraf Hüseynov,

ADU YAP ilk ərazi təşkilatının sədri