XƏBƏRLƏR

ADU-nun rektoru universitetin xanım əməkdaşlarını təbrik edib

06 mart, 2021

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə universitetin bir qrup xanım əməkdaşı ilə görüşüb, onları və rəhbərlik etdikləri strukturların əməkdaşlarını bayram münasibəti ilə təbrik edib. Rektor bildirib ki, universitetin qadın əməkdaşları ADU-nun uğurlarında böyük rol oynayır, onlar öz bilik və bacarıqlarını bu istiqamətdə müvəffəqiyyətlə tətbiq edirlər:

“Əziz xanımlar, bu əlamətdar gün münasibəti ilə hamınızı ürəkdən təbrik edirəm. Sizə cansağlığı, pandemiya dövründən ailə üzvləriniz və əzizlərinizlə bir yerdə sağlam və ruh yüksəkliyi ilə çıxmağınızı arzu edirəm. İşdə müvəffəqiyyətlər və gözəl günlər arzu edirəm. Sizi sevənlər var olsun, sizin sevdikləriniz var olsun”.

Rektor əlavə edib ki, bu gün universitet kollektivi son dərəcə qaynayıb-qarışmış şəkildə və uğurla öz işini qurur, təhsil ocağının fəaliyyəti ilə bağlı bütün işləri ürəkdən yerinə yetirir:  

“İnanıram ki, qadınlar universitetimizin ab-havasının, əxlaqi simasının, mənəvi görüntüsünün daha da gözəl olması üçün bundan sonra da əllərindən gələni edəcəklər. Xahiş edirəm ki, mənim və kollektivimizin xoş arzularını ailə üzvlərinizə də çatdırın”.