2020-2021-ci payız semestri və qış imtahan sessiyası zamanı tələbə və müəllim məmnuniyyət sorğusunun nəticələrinə dair hesabat
2020-2021-ci payız semestri və qış imtahan sessiyası zamanı müəllim məmnuniyyət sorğusunun nəticələrinə dair hesabat
2020-2021-ci akademik ilinin birinci yarımilinin sonunda məsafədən tədrisin təşkili prosesi, qış imtahan sessiyasına hazırlıq və onlayn imtahanların təşkili və aparılmasına dair ADU-nun professor-müəllim heyəti və tələbələrarası sorğu keçirildi və qış imtahan sessiyası zamanı onlayn imtahanların monitorinqi aparıldı. Sorğular mövcud vəziyyətin dəyərləndirilməsi, məsafədən tədrisin təşkili prosesinin obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi və keyfiyyət təminatında çox önəmli bir alətdir. Hesabatda qeyd olunan bütün məqamlar sorğu nəticələrinə, onlayn imtahanların monitorinqi zamanı aparılan qeydlər və tələbələrdən gələn rəy və təkliflər əsasında aparılmışdır.
Sorğuda 5 fakültə (Təhsil 1 (122 nəfər), Təhsil 2 (89 nəfər), Tərcümə (48 nəfər), BMR (71 nəfər), Filologiya (80 nəfər)) üzrə 414 müəllim iştirak etmişdir (Bax Cədvəl 1).
Cədvəl 1
Müəllimlər ADU-nun 32 kafedrası üzrə aşağıdakı sayda iştirak etdilər.
Sorğuda iştirak edən müəllimlərin böyük əksəriyyəti (68%-i) Xarici dildə ixtisas fənnindən tədris etdiyi halda digər müəllimlər Azərbaycan və rus dillərində ixtisas və ya ümumi fənlərdən (15% və 5%), habelə qeyd olunan dillərdə və xarici dildə seçmə fənlər (3% və 9% olmaqla) tədris edirlər. Xarici dildə ixtisas fənnindən dərs deyən müəllimlərin 91%-i, eyni zamanda öz texniki bacarıqlarını, imtahan sessiyası boyunca struktur bölmələr, kafedralar tərəfindən göstərilən texniki və peşəkar dəstəyi, imtahan öncəsi hazırlıq prosesini (yazılı təlimatları, fakültələrlə görüşləri, video təlimatları), imtahanlara tələbələrin hazırlıq səviyyəsini, COVİD 19 şəraitində mövcud vəziyyəti nəzərə alaraq ADU rəhbərliyinin tələbələr üçün tətbiq etdiyi güzəştləri (davamiyyət balı, üzrlü səbəbdən iştirak etməyən tələbələrə təkrar imtahan verə bilmək imkanı, minimum 17 balla qiymətləndirilmə və s) yüksək qiymətləndirir.
51% müəllim imtahanı şifahi, 40% müəllim isə yazılı keçirdiyi halda, hibrid (yazılı və şifahi) formada imtahan təşkil edən müəllimlər 9% təşkil edir. Müəllimlərin təcrübəsinə əsaslanaraq yazılı imtahan üçün uyğun vaxt aralığı 90-120 dəqiqə arası müəyyən olunduğu halda, bir qrup (10-15 nəfər) tələbə üçün bir fənn üzrə şifahi və ya hibrid formada imtahana ayrılan vaxt aralığı 2-3 saat müəyyən olunmuşdur.
- fənn sillabusunu fənnin əsas hədəfləri, təlim nəticələri və qiymətləndirmə meyarlarını qeyd etməklə tərtib edir (98%)
- tədris olunan fənnin sillabusu tədris ilinin ilk həftəsində tələbələrlə paylayır, fənn haqqında məlumat verir (100%)
- dərsi cədvəl üzrə vaxtında başlayıb (mövcud vəziyyəti və dərsin 60 dəqiqə olmasını nəzərə alaraq), vaxtında bitirir və tədris vaxtını səmərəli təşkil edir (98%)
- tədris fənnini izah etməklə yanaşı tədris prosesində fəal öyrənmə mühiti formalaşdırır (95%)
- onlayn dərslər zamanı qrup dərslərində interaktivliyi (cütlərlə, kiçik qruplarla iş, debatlar və s.) təmin edir *(82%)
- birləşmə dərslərində interaktivliyi təmin edir* (80%)
- tələbələrin dərslərdə aktiv iştirakını (sual-cavabda, müzakirələrdə iştirak və s) qənaətbəxş hesab edir (87%)
- tələbələr tərəfindən təhvil verilmiş tapşırıqları vaxtında qiymətləndirərək obyektiv, tələbkar və qərəzsizdir. Qeyd* Tələbkar olmaq qərəzli olmaq anlamına gəlmir (99%).
- dərs müddətində qiymətləndirilən tələbə aldığı qiymətlə bağlı məlumatlandırılır (99%).
- fərdi işlər və kollokvium nəticələri tələbələrlə müzakirə olunur (96%).
Müəllimlərin özünüqiymətləndirmə anketinə verdikləri cavaba istinadən demək olar ki, sorğuda iştirak edən müəllimlər:
- Onlayn imtahanı ənənəvi imtahandan üstün tutmur (61%).
- Komputer vasitəsilə imtahan təşkil etməyi ənənəvi şəkildə imtahan təşkil etməkdən daha çətin və stresli hesab edir (56%).
- Onlayn imtahanların təşkilini qənaətbəxş hesab edir (71%) (14% qərarsızdır).
- Onlayn imtahanlarda biliyin qiymətləndirilməsi prosesinin obyektiv təşkil olunduğunu qeyd edir. (65%)
- Onlayn imtahanlarda biliyin qiymətləndirilməsi zamanı müəllimin şəffaflığı təmin etdiyini qeyd edir. (86%)
- Şifahi onlayn imtahan yazılı onlayn imtahandan daha səmərəli və praktik olduğunu qeyd edir.(58%) (25% qərarsızdır)
- Onlayn imtahanlar bəzi tələbələr (onlayn tədris prosesinə laqeyd olan) üçün daha əlverişli olduğunu iddia edir. (77%)
- Onlayn imtahanlarda köçürmə, sui-istifadə halları kağız üzərində imtahandan daha çox olduğunu iddia edir. (75%)
- Distant tədris konteksində onlayn imtahanların ənənəvi imtahanlarla əvəz olunmasını daha uyğun hesab edir. (53%) (23% fikir bildirməkdə çətinlik çəkir).
43% müəllim onlayn imtahanlarda tələbə biliyini tam yoxlamaq üçün biletdə fərqli sual növləri (xatırlamağa sövq edən, mühakimə yürütməyə istiqamətləndirən, dəyərləndirməyə istiqamətləndirən, yaradıcı düşünməyə yönləndirən) yerləşdirdiyini iddia edir. Hərçənd ki, müəllimlər tərəfindən hazırlanmış imtahan suallarının daha çox tərif, təsvir xarakterli olması, həmçinin yalnız faktların göstərilməsi istiqamətində tərtib olunmasını müşahidə etdik.Belə olduğu halda isə tələbələrin suallar ətrafında daha çox və ətraflı düşünməyinə ehtiyac duyulmur, sadəcə onların yaddaşını ön plana çəkmiş olur.
73% müəllim öz texniki bacarığını 5 bal üzərindən 4-5 olaraq qiymətləndirir ki, bunlardan 209 nəfəri 4 bal, 91 nəfər isə 5 bal qiymətləndirir. Orta hesabla müəllimlərin texniki bacarığı 4.4 olaraq qiymətləndirilir. Müəllimlər imtahanlara tələbələrin hazırlıq səviyyəsini 5 bal üzərindən 3.9 olaraq, imtahan sessiyası boyunca struktur bölmələr, kafedralar tərəfindən göstərilən texniki və peşəkar dəstəyi 4.4 olaraq (251 nəfər 5, 106 nəfər isə 4), imtahan öncəsi hazırlıq prosesini (yazılı təlimatları, fakültələrlə görüşləri, video təlimatları) 4.3; 66% müəllim COVİD 19 şəraitində mövcud vəziyyəti nəzərə alaraq ADU rəhbərliyinin tələbələr üçün tətbiq etdiyi güzəştləri (davamiyyət balı, üzrlü səbəbdən iştirak etməyən tələbələrə təkrar imtahan verə bilmək imkanı, minimum 17 balla qiymətləndirilmə və s) 4-5 bal arası qiymətləndirərək orta hesabla güzəştləri 5 üzərindən 3.9 qiymətləndirmişlər.
Sorğuda iştirak edən müəllimlərin 211-nəfəri imtahan biletini MS Formsda özünün yerləşdirdiyini, 39 nəfər bu işi duplikat linklə etdiyini, 14 nəfər isə bölmə rəhbəri tərəfindən aparıldığını, 11 nəfər isə başqa əməkdaşdan kömək aldığını qeyd etmişdir.
Müəllimlərin böyük əksəriyyəti (60%) köçürmə və sui-istifadə hallarına rast gəlmədiyini, 35% isə rast gəldiyi hallarda şifahi xəbərdarlıq etdiklərini qeyd edir. Şəffaflığı təmin etmək üçün 56% müəllim imtahan prosesini lentə aldığını, digər hissəsi isə kameranın açıq olmasını tələb etmişdir.
Müəllimlərdən gələn irad, rəy və təkliflər
Təkliflər:
- Ənənəvi tədrisin bərpası
- İnternet surətinin optimallaşdırılması
- Onlayn dərs müddətinin artırılması (60 dəq-80 dəq)
- Şifahi imtahanlarda tələbələrə düşünmək üçün vaxtın verilməməsi
- Növbəti semestrdə güzəştlərin tətbiq olunmasına yenidən baxılmalı və sui-istifadə hallarının qarşısının alınması üçün bu qərar ləğv olunmalıdır.
- Tələbələrə edilən güzəştlərdən sui-istifadə etməməsi üçün maarifləndirici tədbirlərin keçirilməsi məqsədəuyğundur.
- Tədris prosesi distant olsa da,imtahanların ənənəvi şəkildə keçirilməsi labüddür.
- Onlayn proctoring(proktorluq) sistemi imtahan zamanı istifadə etmək.
- Onlayn imtahanda tələbələr üçün davranış qaydaları öncədən verilsin.
- Nəinki imtahanlar zamanı, həm də onlayn dərslər zamanı kameranın açıq olmasının təmin edilməsi.
- Tələbələrin tədris prosesində sui istifadə hallarının, dərslərə gec qoşulmalarının, işıq problemlərinin,internetin olmaması kimi halların qarşısının alınmasına çalışmaq lazımdır.Bəzi tələbələrin işlədiklərini bəhanə edərək dərsi tez tərk emələrinin qarşısının alınmasını lazımdır.
- Dekanlıq əməkdaşlarından və aidiyyatı struktur bölmələrdən vaxtaşırı məlumat paylaşılsın.
- İmtahan prosesində fənn müəllimindən başqa əlavə müəllimlərin də iştirakı təmin edilsin.
- Texniki dəstəyin mütamadi xarakter daşıması
- Elektron kitabxananın yaradılması
- Məlumatverici görüşlərin və təlimlərin təşkil edilməsi
Rəylər:
- COVİD 19 şəraitində mövcud vəziyyəti nəzərə alaraq ADU rəhbərliyinin tələbələr üçün tətbiq etdiyi güzəştləri (davamiyyət balı, üzrlü səbəbdən iştirak etməyən tələbələrə təkrar imtahan verə bilmək imkanı, minimum 17 balla qiymətləndirilmə və s) və göstərdiyi humanistlik yüksək qiymətləndirilir.
- Dil fakültələrinin tələbələrinin şifahi olaraq dinlənilməsi imkanı əvəzsizdir.
- Göstərilən dəstəyi və bütün prosesin yüksək səviyyədə təşkil edilməsi.
Sillabusların yoxlanılması haqqında hesabatı
Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq ənənəvi dərslərin məsafədən tədris ilə əvəz olunması ehtiyacını nəzərə alaraq, Keyfiyyətin təminatı və monitorinq şöbəsi 2020-2021-ci tədris ili üçün özündə bəzi vacib məqamları ehtiva edən sillabus nümunəsi təqdim etmişdir. Təklif olunan sillabusun ötən illərdəki sillabusdan fərqli cəhətləri bir sıra yeni kriteriyaların (məsələn, məsafədən təlimin məzmunu, sinxron/asinxron keçiriləcək məzmunun müəyyən olunması, kursun müfəssəl təsvirində bölmələr üzrə təlim nəticələrinin qeyd olunması, xüsusi qayğıya ehtiyacı olan tələbələrlə iş, videodan istifadə və dərsin lentə alınması, görüntünün təmin olunması və müəllif hüquqlarının qorunması) əlavə olunmasıdır. Onu da qeyd etməliyik ki, təklif olunan sillabusun hazırlanması üçün professor-müəllim heyəti üçün vebinar təşkil olunmuş və mütəmadi bu istiqamətdə dəstək göstərilmişdir. Vebinarda sillabusun tərkib hissələri və xüsusili də təlim nəticələrinin yazılması istiqamətində nəzərə alınacaq məqamlar qeyd olunmuşdur.
2020/2021ci tədris ili üçün nəzərdə tutulmuş struktur baxımdan yeni fənn sillabus nümunələri müəlimlərə təqdim olunmuş və yenidən müəllimlər tərəfindən elektron variantda qəbul olunaraq nəzərdən keçirilmiş və yoxlanılmışdır. Məlumdur ki, tələbələri kursun ümumi məzmunu, məqsədi ilə tanış edən fənn sillabusu dərsin keyfiyyətinin təmin edilməsində müstəsna rol oynayır. Sillabusda göstərilməsi vacib olan bəndlər öz əksini tapır ki, bunların sırasına kursu təşkil edən müəllim, fakültə, kafedra, dərs günləri, onlayn kommunikasiya üçün e-mail adresi və s. kimi vacib göstəricilər daxildir.
2020/2021ci tədris ilinin I semestri üçün müəllimlər tərəfindən tərtib olunmuş sillabusların ümumi sayı 22 kafedra üzrə 637-dir.
Müəllimlə tələbə arasında əsas kommunikasiya vasitəsi olan fənn sillabusu sadə və anlaşılan olması ilə seçilməlidir. Əldə etdiyimiz nəticələrə əsaslanaraq qeyd etmək olar ki, sillabusların bir qismi göstərilmiş nümunəyə əsasən düzgün tərtib olunsa da, müəyyən qismi dolğun formada tərtib olunmamışdır. Bəzi sillabuslar natamam şəkildə hazırlanıb, punktlar əhatəli şəkildə təsvir olunmayıb, ötən ilki sillabus nümunələrinin eyni versiyası təqdim olunmuşdur. Bir neçə sillabusda punktların tərkib hissəsi dəyişdirilməmiş, nümunədə olduğu kimi hazır variant saxlanılaraq bizə təqdim olunmuşdur. Müəllimlərin nisbətən çox hissəsi dövrün tələblərinə uyğun olaraq məzmunun yenilənməsi məqsədilə nümunədə öz əksini tapan “Kursun məzmununun müfəssəl təsviri” bölməsini nümunəyə uyğun şəkildə tərtib etmədikləri (bölmə/fəsil üzrə təlim nəticələrinin qeyd olunması), eləcə də proqramın müəyyən hissəsini tədris olunan fənnin dil bacarıqlarına uyğun olaraq vahid dildə hazırlamadıqları üçün həmin fənn sillabuslarında yenidən düzəliş qaydalarına ehtiyac duyulur.
Sillabusu tərtib edən müəllimlərin diqqətli olması, düzgün struktur qaydalarına əməl etməsi, zəruri olan informasiyanı özündə əks etdirən nümunəni təqdim etməsi, təlim nəticələrinin izahlı şəkildə qeyd etməsi məqsədəuyğundur. Kafedralar üzrə sillabusların təhlili aşağıdakı Cədvəldə qeyd olunmuşdur.
İmtahan biletlərinin yoxlanılması haqqında
İmtahanların tələbələrin semestr ərzində tədris olunan fənn materiallarını dərk etməsini yoxlamaq üçün bir vasitə olduğunu düşünsək, imtahan prosesinin keçirilməsinin daha çox məqsədə xidmət etmiş olduğunu görərik. İmtahanlar öyrənmə fəaliyyətinin bir formasıdır . İmtahan sualları tələbələrin biliklərini və ya dərsdə tədris olunan materialları tətbiq etmə qabiliyyətini qiymətləndirmək üçün tərtib edilir. İmtahan tədris müəssisələrində çox geniş yayılmış elə bir qiymətləndirmə vasitəsidir ki, müəllim onun vasitəsilə tələbələrin düşünmə bacarıqlarını yoxlamalı və fərqli tələbələrin müxtəlif suallara fərqli girişlərdən vahid bir nəticə çıxarmaq qabiliyyətini qiymətləndirməlidir. Təşkil olunan imtahananlarda tələbələrin qabiliyyət səviyyəsinə uyğun suallar tərtib olunmalıdır. Suallar müxtəlif növdə tərtib oluna bilər, lakin burada əsas məqsəd tələbənin məntiqi, tənqidi və yaradıcı təfəkkürünün formalaşmasına təkan verməkdir. Nəzərə almaq lazımdır ki, bu 3 təfəkkür yalnız bilik və anlama səviyyəsi ilə ölçülmür.
İmtahan biletləri 5 sualdan ibarət olmalı və sillabusda təqdim olunan materialları əhatə etməlidır. Biletlər tərtib olunan zaman nəzərə alınması vacib olan məqam ondan ibarətdir ki, təqdim olunan hər 5 sual mürəkkəblik dərəcəsinə görə bir birindən fərqləndirilsin və beynəlxalq aləmdə geniş nüfuz qazanmış altı səviyyəli Blum sistematikasının meyarları gözlənilsin. Belə olan halda müəllim tələbənin biliyini fərqli prizmalardan qiymətləndirmiş olacaq. Əgər suallar sırf bilik və anlama üzərində qurularsa bu zaman müəllim tələbəni tam olaraq sahib olduğu bilik və qabiliyyətlərinə uyğun qiymətləndirməyə bilər. Suallar sadəcə bilik və anlama ilə kifayətlənib bəsit tərtib olunmamalı və tələbədən düşünməyi, fikrini izahlı şəkildə irəli sürməyi, analiz etməyi, təsdiqləməyi tələb etməlidir. ADU üzrə biletlərdə təqdim olunan sualların daha çox tərif, təsvir xarakterli olması, həmçinin yalnız faktların göstərilməsi istiqamətindən tərtib olunması nəticəsində tələbələrin suallar ətrafında daha çox və ətraflı düşünməyinə ehtiyac duyulmur, sadəcə onun yaddaşını ön plana çəkmiş olur. Bilet suallarında rastlaşdığımız ideya meyarlarının ilk 3lük (bilik, anlama, istifadə) olduğunu qeyd edə bilərik. İmtahan sualları elə tərtib edilməlidir ki, tələbə verilən sual ətrafında müəyyən qədər düşünməli və nəticəni sualın konkret quruluşundan deyil, düşüncəsinin məhsulu hesabına özü müəyyən etmiş olsun.
2020-2021-ci payız semestri və qış imtahan sessiyası zamanı tələbə məmnuniyyət sorğusunun nəticələrinə dair hesabat
2020-2021-ci akademik ilin birinci yarımilinin sonunda məsafədən tədrisin təşkili prosesi, qış imtahan sessiyasına hazırlıq və onlayn imtahanların təşkili və aparılmasına dair ADU-nun tələbələri arasında sorğu keçirildi və qış imtahan sessiyası zamanı onlayn imtahanların monitorinqi aparıldı. Sorğular mövcud vəziyyətin dəyərləndirilməsi, məsafədən tədrisin təşkili prosesinin obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi və keyfiyyət təminatında çox önəmli bir alətdir. Hesabatda qeyd olunan bütün məqamlar sorğu nəticələrinə, onlayn imtahanların monitorinqi zamanı aparılan qeydlər və tələbələrdən gələn rəy və təkliflər əsasında aparılmışdır.
Sorğuda iştirak edən 1939 tələbənin 607 nəfəri Təhsil 2, 452 nəfəri Filologiya və Jurnalistika, 395 nəfəri Təhsil 1, 180 nəfəri Tərcümə, 169 nəfəri Magistratura şöbəsi, 132 nəfəri isə BMR fakültəsinin tələbələridir.
Tələbələrin böyük əksəriyyəti (980 nəfər) Xarici dil müəllimliyi ixtisası üzrə təhsil alır, Tələbələrin ixtisaslar üzrə bölgüsü aşağıdakı cədvəldə qeyd olunub (Bax Cədvəl 1).
Cədvəl 1
Statistikaya əsasən demək olar ki, iştirak edən tələbələrin yarısı I kurs tələbələridir və kurs sayı artdıqca iştirakçı sayı azalaraq ümumi iştirakçıların yalnız 277 nəfəri IV kurs olaraq qeyd olunmuşdur (Bax Cədvəl 2).
Cədvəl 2
Sorğu sualları arasında tələblərdən aşağıdakı fikirlərə münasibətlərini uyğun xananı seçməklə bildirməkləri xahiş olunur. Suallar daha ümumi xarakterli olduğundan konkret bir fənn/müəllim nəzərdə tutulmur. Tələbələr semestr boyu tədris olunan fənləri və müəllimləri düşünərək qiymətləndirir və qeyd olunna məqamları bütün fənlərdə müşahidə etdikləri halda Tamamilə razıyam, Əksər fəndə/müəllimdə müşahidə etdikləri zaman Razıyam cavabını seçir, bir-iki fəndə/müəllimdə müşahidə etdikləri zaman Qismən razıyam, heç bir fəndə/müəllimdə belə hala rast gəlmədikləri halda Razı deyiləm cavabını qeyd edirlər.
- 58% tələbə semestr boyu tədris olunan bütün fənlər üzrə, 31% isə əksər fənlər üzrə ilk dərsləri zamanı tədris proqramı /sillabus, fənnin əsas hədəfləri, təlim nəticələri və qiymətləndirmə meyarları haqqında tam məlumat verildiyini qeyd edir.
- 40 % tələbə bütün fənlər üzrə müəllimlərin, digər 40% i əksər fənlər üzrə müəllimlərin tədris fənnini izah etməklə yanaşı tədris prosesində fəal öyrənmə mühiti formalaşdırdığını qeyd edir.
- 22% tələbə bütün fənlər üzrə müəllimlərin, 24% əksər fənlər üzrə, 32% tələbə isə bir iki fənn üzrə müəllimlərin qrup dərslərində interaktivlik (cütlərlə, kiçik qruplarla iş, debatlar və s.) təmin olunduğunu, 22% isə interaktivliyin heç təmin olunmadığını qeyd edir.
- 32% tələbə bütün fənlər üzrə müəllimlərin, digər 32% əksər fənlər üzrə, 25% tələbə isə bir iki fənn üzrə müəllimlərin birləşmə dərslərində interaktivliyin təmin olunduğunu, 12% tələbə isə heç bir fənn müəlliminin dərslərində rast gəldiklərini qeyd edir.
- 35% tələbə bütün fənlər üzrə müəllimlərin, digər 37% əksər fənlər üzrə, 22% tələbə isə bir iki fənn üzrə texniki vasitələrdən istifadə imkanları qənaətbəxş hesab edir. 6% tələbə isə fənn müəllimlərinin texniki imkanlarının qənaətbəxş olması fikri ilə razı deyil.
- Əksər tələbələr müəllimlərin müxtəlif akademik məsləhətlər verdiyini və tapşırıqları yoxlamaq üçün peşəkar təlim üsullardan istifadə etdiyini qeyd edir.
- 87% tələbə semestr boyu onlara tədris edən bütün müəllimlərin dərsi cədvəl üzrə vaxtında başladığını, bitirdiyini və tədris vaxtını səmərəli təşkil etdiyini qeyd edir.
- 52% tələbə qiymətləndirmə üsulları və meyarları semestr boyu onlara tədris edən bütün müəllimlər tərəfindən, 31% tələbə isə əksər müəllimlərin aydın şəkildə təqdim etdiklərini qiymətləndirir.
- 82% tələbə fənlər üzrə müəllimlərin tapşırıqları vaxtında qiymətləndirdiyini və qiymətləndirmə nəticələrinin obyektiv və qərəzsiz olduğunu qeyd edir.
- 88% tələbə bütün fənlər üzrə müəllimlərin fərdi işlər haqqında tələbələri semestrin əvvəlində məlumatlandırdığını qeyd edir. 76% tələbə fərdi işlər və kollokvium nəticələrinin müzakirə olunduğunu təsdiq edir.
- 41% tələbə semestr boyu tədris olunan bütün fənlərdən, 31% əksər fənlər üzrə gələcək peşələri üçün lazım olan yeni biliklər və praktik bacarıqlar əldə etdiklərini qeyd edir. 23% tələbə bunu bir iki fəndə müşahidə etdiklərini qeyd edir. Böyük ehtimal bu cavabı seçən tələbələr birinci kurs tələbələridir ki, onlar da daha çox ümumi fənn blokuna daxil ola fənlərlə bağlı fikir bildirirlər.
- 38% tələbə bütün fənlər üzrə tədris olunan fənlərin, 32% isə əksər fənlərin özünü ifadə etmə, yaradıcılıq və tənqidi düşünməyə təşviq etdiyini qeyd edir.
Onlayn imtahanlarla bağlı suallara tələbələrin cavabları aşağıdakı şəkildə qeyd olunmuşdur. Ümumilikdə isə tələbələr imtahan prosesini 5 bal üzərindən 4 bal qiymətləndirir və demək olar ki böyük əksəriyyət tələbələr imtahanın gedişatı ilə bağlı məlumat /təlimatı qənaətbəxş hesab edir, onlayn imtahanlar zamanı istifadə olunan MS Teams platforması əlverişli və uyğun olması ilə tamamilə razı olduqlarını (90%) ancaq bununla belə 83% tələbə onlayn imtahan zamanı texniki problemlərin olmasının da prosesi çətinləşdirdiyini vurğulayır. Tələbələrin yarısı ənənəvi imtahanlarla müqayisədə onlayn imtahanlara hazırlıq prosesinə az vaxt sərf olunduğunu qeyd edir.
- 47% tələbə onlayn imtahanı ənənəvi imtahandan üstün tutur.
- 40% tələbə komputer /mobil cihaz vasitəsilə imtahan verməyi kağız üzərində imtahan verməkdən çətin və stresli hesab edir.
- Böyük əksəriyyət (85%) ADU-da onlayn imatahanların təşkilini qənaətbəxş hesab edir və onlayn imtahanlarda biliyin qiymətləndirilməsi prosesinin obyektiv olduğunu və şəffaflığın qorunduğunu deyir.
- Sorğuda iştirak edənlərin yarıdan çoxu (55%) şifahi onlayn imtahanları yazılı onlayn imtahandan daha səmərəli, praktik və yazılı onlayn imtahana nisbətən daha obyektiv qiymətləndirmə üsulu kimi qiymətləndirir.
- Yazılı onlayn imtahan şifahi onlayn imtahana nisbətən daha obyektiv qiymətləndirmə üsuludur.(51%)
- Tələbələrin 67%-i belə hesab edir ki, onlayn imtahanlar bəzi tələbələr (məsələn, onlayn tədris prosesinə laqeyd münasibət göstərən) üçün daha əlverişli sayıla bilər, ancaq onlar onlayn imtahanların bilik və bacarıqları müxtəlif şəkildə nümayiş etdirməyə imkan verdiyini də qeyd edir.
- Tələbələr onlayn imtahanları üstün tutsalar da, yenə 45% tələbə onlayn imtahanlarda köçürmə, sui-istifadə halları kağız üzərində imtahandan daha çox olduğu fikri ilə də razıdırlar.
- Mövcud vəziyyət davam etdiyi halda distant tədris konteksində onlayn imtahanların ənənəvi imtahanlarla əvəz olunmasını fikrini də dəstəkləyən 43% tələbə bunu uyğun hesab edir.
92% tələbə aldığı qiymətdən razıdır. Tələbələr imtahan suallarını 5 bal üzərindən orta çətinlikli 3.4 bal qiymətləndirirlər. İmtahan suallarının fənn sillabusuna uyğunluğunu 4.3 bal ilə, yazılı imtahanlara ayrılan vaxtı 4, şifahi imtahanlara ayrılan vaxtı isə 3.7 olaraq qiymətləndirirlər.
53% tələbə (1039 nəfər) şifahi imtahanlar zamanı imtahan suallarının daha çox bilik və anlama yoxlayan suallardan ibarət olduğunu, 762 nəfər isə təkcə bilik və bacarıq deyil, eyni zamanda analiz, təhlil, tətbiqetmə, qiymətləndirmə tələb edən sual/tapşırıq növlərinin olduğunu da qeyd edir. 34% tələbə onlayn imtahanlarda tələbə biliyini tam yoxlamaq üçün fərqli sual növlərinin əlavə olunmasını (Bilik, anlama, eyni zamanda analiz, təhlil, tətbiqetmə, qiymətləndirmə tələb edən sual/tapşırıq növləri, məsələn, xatırlamağa sövq edən, mühakimə yürütməyə, dəyərləndirməyə, yaradıcı düşünməyə yönləndirən sual və tapşırıqlar) vacib hesab etdiyi halda 38% tələbə bunun suallara cavabı çətinləşdirəcəyindən narahatdır. 20 % tələbə isə buna hazır olmadıqlarını qeyd edir.
Rəy, irad və təkliflər
- Universitet kollektivinə tələbəyönümlü qərarları üçün təşəkkürümü bildirirəm. Hər şey çox əladır. Yaxşı ki ADU-u seçdim. Çox sağolun çətin dövrdə müəllimlərimiz və universitet rəhbərləri bizə anlayış göstərirlər❤ Fikirlərimizi nəzərə aldığınız və bu müddətdə bizim üçün çalışdığınız üçün çox sağolun.
- Müəllimlərin tələbələrlə münasibəti sayəsində tələbədə özünə inam yaranır. Lakin bəzi müəllimlər dərs prosesində ancaq vəsaitdən istifadə edir, dərs soruşur, keçir və dərsi bitirir. Dərsin maraqlı keçməsi üçün müzakirələrə şərait yaradılmır.
- Sərbəst işlərin yoxlanmasına daha çox diqqət ayırılmalıdır.
- Tələbələrin davamiyyət və qiymət göstəriciləri hər dərs Excel jurnal paylaşılmaqla aparılsın, tələbələr aldıqları qiymət barəsində məlumatlandırılsın. Deyilən və yazılan qiymət arasında uyğunsuzluq baş verdikdə problemlər yaranır.
- Şifahi imtahanlar birləşmə deyil qrup şəklində təşkil olunsun ki, tələblər artıq gözləmədə qalmasın və imtahana ayrılan 2-3 saat ərzində cavablarını vermiş olsun.
- Müəllimlərin işlərinə daha məsuliyyətli yanaşmasını, hazırda istifadə olunan proqram [MS Teams] haqqında yetərli məlumatlı olmasını və tələbələrlə prinsip aparılmasın, bu yöndə müvafiq addımlar atılsın.
- Müəllimlər giriş balina çox önəm verir. Imtahana yaxşı hazırlaşan tələbə olsa da giriş balı yüksək olanlara daha çox bal verilir.
- İmtahan suallarını cavablandırarkən bütün tələbələrə eyni vaxtın verilməsi daha uyğundur. Bəzi tələbələrə az, bəzilərinə çox vaxt ayırmaq ədalətli deyil. Elə müəllimlər var ki , biletdeki sualları oxuyan kimi tələbədən danışmağı tələb edir. Ənənəvi qaydada 3 saat vaxt verilirdi , axı tələbə indi necə dərhal 5 sualı tam xatırlasın ? Məsələn, əgər müəllim uşaqlardan 5-5 soruşursa, sıralamada altıncı və ya on birinci olan uşağa yada salmağa heç vaxt olmur. Amma məsələn, beşinci ya da onuncu tələbənin çox vaxtı olur.
- Onlayn sistemdə dərs nə qədər rahat olsa da bu ənənəvi üsuldan daha yaxşıdır demək deyil çünki üniversitet həm bilik üçün həmdə sosiallaşma üçün önəmlidir onlayn sistemdə isə sosiallaşma kimi bir seçimimiz olmur böyük ehtimalla tələbələrin böyük hissəsi belə düşünür.
- Dərs saatının az olması müəllimlə bir mövzunu müzakirə etməkdə çətinlik yaradır. Dərs saatının vaxtının uzadılması yaxşı olardı.
- 17 və 34 bal ümumiyyətlə ləğv olunsun.
- Şifahi onlayn imtahanlarda tələbələrə ayrılan vaxtın artırılmasının tərəfdarıyam. Sualların daha çox praktiki yöndə olmağı sadəcə nəqletmədən çox daha yaxşı olardı, nəzərə alsaq ki, ikinci variantda köçürmə və əzbərçilik halları qarşısıalınmazdır.
- Tələbələrin interaktivliyini, bacarıqlarını artırmaq da ön plana alınsın. Dərsi danışıb qiymət aldım demək bizə heç nə vermir. Kitabda yazılanların eynilə bizdən soruşulması kitabdan bir başa köçürməyə bərabərdir. Kitabdakıları müəllimlər onsuzda bilir. Əsas bizim mülahizə etməyimiz, fikir bildirməyimiz önəmli olmalıdır.
- İmtahanda suallar veriləndə, sualların içindən bir başqa sual da verilir, axı bu nəyə lazımdır?! Bizə düşən sualları cavablandırmağa hazırıq, lakin bizə sual içindən artıq sual verilməsin.
- Birləşmə dərslərinin də qrup şəklində aparılması yaxşı nəticə verər.
- Hər bir imtahandan minimum bir maksimum iki gün əvvəl ən azı kafi ballar toplamaq üçün hər bir fənn müəllimi tərəfindən məsləhət saatları təşkil ediləməlidir.
- Universitetimizin qəbul etdiyi güzəştlər yalnız dərsə laqeyd yanaşan, dərslərə çox az qoşulan tələbələrin xeyrinədir. Ancaq nəzərə alınmalıdır ki, universitetdə həqiqətən oxuyan və dərslərə vaxtında qoşulan, məsuliyyətli və çalışqan tələbələr daha çoxdur. Və güzəşt verilərkən də dərsə laqeyd yanaşan tələbələrdən çox çalışqan tələbələr nəzərə alınmalıdır. Çünki əziyyət çəkən tələbə məsuliyyətsiz tələbədən daha çox güzəştə və anlayışa layiqdir.