XƏBƏRLƏR

Misgər Məmmədov: ADU-nun məzunları cəmiyyətin bütün səviyyələrində özünü doğruldub

02 mart, 2021

ADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədovun Universitetin Elmi Şurasındakı çıxışını təqdim edirik. 

BMT XXI əsri “Təhsil əsri” elan edib. Məsələnin beynəlxalq təşkilatda belə qoyuluşuna səbəb çox yüksək inkişaf etmiş texnologiyalar ilə onu idarə edəcək mütəxəssislər arasında intellektual fərqin olmasıdır. İnsanı öyrənən və onu idarə edən elmlərə olan istinad artmışdır. Cəmiyyətin inkişafı, məqsədlərə çatma, qarşılana biləcək böhranlara qarışılıq vermək, ekoloji kafarlizmlərdən yan qaçmaq bu gün cəmiyyət qarşısında duran əsas problemlərdən biridir. Davamlı iqtisadi və sosial inkişaf yüksək ali təhsilli kadrların vasitəsi ilə həyata keçirilir.

Vahid Avropa Ali təhsil məkanına inteqrasiya keyfiyyətli təhsillə bağlıdır. Ali təhsil məkanında belə yüksək keyfiyyətə nail olmaq üçün auditoriyada cəmiyyət qarşısında cavabdehlik məsuliyyətinin formalaşdırılması vacibdir.

Ali məktəb vəzifə səlahiyyətlərinə, məqsədlərinə görə həm dövlət, həm də cəmiyyət qarşısında məsuliyyət daşıyır. Bu məsuliyyət kadr hazırlığının səviyyəsinə əmək bazarında verilən qiymətlərlə müəyyən olunur.

Əmək bazarında tələbatın səviyyəsi kadr hazırlığı ilə məşğul olan müəssisələrin müasir, elmi, nəzəri, praktik hazırlığını motivləşdirə bilir.

Bu gün əmək bazarında pedaqoji kadrlara olan tələbat statistik rəqəmlərə müraciət etsək müxtəlif ixtisaslardan asılı olaraq 7%-10% arası dəyişir.

AR paytaxt və iri şəhərlərində xarici dil müəlliminə tələbat kənd rayonlarına nisbətən çox aşağıdır.

Orta təhsil müəssisələrində xarici dil müəllimi peşəsi tələb olunan peşədir, lakin onların dərs yükü ilə təminatı mövcud demoqrafik vəziyyətlə bağlıdır. Qeyd etmək istərdim ki, ADU orta məktəbdə xarici dil müəllimi peşəsi ilə AR kənd və şəhər məktəblərinin ehtiyaclarını lazımi səviyyədə ödəyir. Orta məktəb üçün xarici dil müəllimlərinin ixtisas və peşə hazırlığı cəmiyyətin tələbatlarını ödəyir. Bakalavr və magistratura səviyyəsində xarici dil müəllimlərinin müəllim kimi işləmək istəməsi ilə bağlı aparılan sorğulardan belə məlum olur ki, bakalavr səviyyəsində 20-26%, magistratura səviyyəsində 7-12% müəllimlik fəaliyyətini üstün tuturlar. Bu faiz göstəriciləri özünün müəllimlərin işə qəbulunda doğruldur. ADU-da cəmiyyətin pedaqoji ehtiyaclarını ödəyəcək səviyyədə xarici dil müəllimi hazırlanır və tələbata cavab verirlər. 1990-2020-ci illərdə ADU-nun məzunları cəmiyyətin bütün səviyyələrində özünü doğruldub. Əgər məsələni sırf psixoloji yanaşma ilə şərh etsək, mənzərə belədir.

Cəmiyyətə lazım olan 10% tələbat səviyyəsi həmişə ADU tərəfindən müvəffəqiyyətlə ödənib. Bütün dövrlərdə və bütün hallarda cəmiyyətin tələbatı 10% həddində olub və biz də cəmiyyətin tərkib hissəsi kimi bu vəzifənin öhdəsindən gəlmişik.

Pedaqoji prosesin idarə edilməsi, müasir təlim texnologiyalarından istifadə, yüksək ixtisaslı kadr hazırlığı, əqidə, dünyagörüş və vətəndaşlıq mövqelərinin formalaşdırılmasında ADU-da yaradılmış laboratoriyalar kadr hazırlığının peşə, ixtisas, şəxsiyyətin dünyagörüşünün səviyyəsinin formalaşdırılmasına yönəlib və müvəffəqiyyətlə icra olunur.

Əmək bazarında aparılan təhlillər göstərir ki, xarici dil müəllimlərinin peşə hazırlığına, əlavələrin edilməsi zamanın tələbidir. Məsələn, xarici dil – psixoloq, bank və maliyyə sektoru üçün kiçik mütəxəssislər, ofis, qeyri-hökumət və hökumət təşkilatları üçün referentlər, turizm və otelçilik üzrə, xidmət sahələri üzrə mütəxəs­sislər hazırlamaq olar. Hal-hazırda istənilən müəssisədə bir psixoloqun olması vacibdir, yəqin bu məsələ növbəti illər üçün ailələri də əhatə edəcək. Ünsiyyətin yeni formaları, xüsusilə uşaqların planşent, komputer vasitəsi ilə asudə vaxtlarının keçirilməsi psixoloqlara olan ehtiyacı günün vacib tələbinə çevirir.

Tərcümə beynəlxalq münasibətlər üzrə mütəxəssis hazırlığının nəticələrini biz tərcümə mərkəzlərində, internet saytlarında, ictimai təşkilatlarda, bank maliyyə sektorunda, idarəetmənin müxtəlif səviyyələrində rastlaşırıq. Bu insanlar işlərinin öhdəsindən layiqincə gəlir və həm də hər hansı bir xarici dili və komputer hazırlığını nümayiş etdirirlər. Mənə elə gəlir bu gün ixtisas, peşə kafedraları, informatika kafedrası öz pedaqoji fəaliyyətlərinin nəticələri ilə qürur duya bilər. Onların zəhməti hədər getməyib. Bu prosesin təşkilinə Universitet rəhbərliyi tərəfindən həmişə nəzarət olub.

Misgər Məmmədov