XƏBƏRLƏR

"Xocalı soyqırımını unutmadıq, unutmarıq" adlı tədbir keçirilib

26 fevral, 2021

Ədliyyə Nazirliyi, Azərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrası və "Sönməz Məşəl" Mədəni əlaqələr ictimai birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş "Xocalı soyqırımını unutmadıq, unutmarıq" adlı onlayn tədbir keçirilib.  

Tədbiri giriş sözü​ ilə açan Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi və ADU-nun Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri Aynur Sabitova Xocalı faciəsindən 29 il ötdüyünü tədbir iştirakçılarının nəzərinə çatdıraraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu günə həsr olunmuş mətbuat konfransı haqqında məlumat verib.

44 günlük müharibənin şəhidləri yad edilib, azad edilmiş ərazilərdəki yenidənqurma işlərinin başlandığı qeyd olunub. Xocalı soyqırımı zamanı baş verənlər xatırlanaraq azərbaycanlılara qarşı törədilmiş bu genosid nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakininin qətlə yetirilməsi, 487 nəfərin müxtəlif xəsarətlər alması, 8 ailənin tamamilə məhv edilməsi vurğulanıb. Soyqırımın tanınması üçün ölkə rəhbərliyinin müvafiq addımlar atması, Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına hüquqi qiymət verilməsi, dünyanın 15-dən çox ölkəsinin Xocalı faciəsini tanıması haqqında fikirlər səsləndirilib. ​Aynur Sabitova nitqini Qəzənfər Məsimoğlunun "Xocalım, ay Xocalım" şeiri ilə yekunlaşdırıb. 

"Sönməz Məşəl" Mədəni əlaqələr ictimai birliyinin sədri​ və Xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti Şəhla Nağıyeva çıxışına adı çəkilən şeirin ingilis dilinə tərcüməsi ilə başlayıb. Daha sonra "Sönməz Məşəl" Mədəni əlaqələr ictimai birliyinin Xocalı faciəsi ilə bağlı keçirdiyi tədbirlər haqqında məlumat verilib.​ Xocalı soyqırımının 25-ci​ ildönümündə şair Yusif Savalanın Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Xocalı balası böyümədi ki” adlı şeirinə amerikalı pianoçu və bəstəkar Haskell Smolun bəstələdiyi “Sülh laylayı” adlı musiqili əsəri barəsində fikirlər səsləndirilib. Amerikada Xocalı soyqırımına həsr olunmuş tədbirdən fraqmentlər göstərilib, "Sönməz Məşəl" Mədəni əlaqələr ictimai birliyinin ərsəyə gətirdiyi “Xocalıya Amerikadan baxış” adlı film nümayiş olunub.

Xarici ölkələr ədəbiyyatı kafedrasının müdir müavini Gilə Hüseynli çıxış edərək Azərbaycan xalqının keçirdiyi hissləri, yaşanan ağrı-acını qeyd edib. Həmçinin Filologiya fakültəsi üzrə Tələbə Həmkarlar Komitəsi ilə birgə universitet tələbələri arasında keçirilən esse müsabiqəsinin tələbələrin hadisələrə münasibətini öyrənmək üçün çox yaxşı məqam olması nəzərə çatdırılıb. Bununla bağlı Filologiya fakültəsi üzrə Tələbə Həmkarlar Komitəsinin sədri Sənan Cabbarlı "29 il sonra rahatlıq tapmış şəhid ruhları" adlı universitet tələbələri arasında keçirilən esse müsabiqəsi haqqında məlumat verib.

Filologiya fakültəsinin dekanı professor Şahin Xəlilli Xocalı faciəsini xüsusi tədbirlə yad etdiyi üçün Xarici ölkələr ədəbiyyatı kafedrasını təqdir edib, soyqırımın dəhşətlərinin dünyaya tanıdılmasında respublikamızın atdığı addımları vurğulayıb. Tədbir qalib xalq olaraq bu gün həm kədər, həm qürur hissinin yaşanması, qan yaddaşımızın unudulmaması və həqiqətlərin bütün dünyaya çatdırılmasının vacibliyi kimi fikirlər ilə yekunlaşıb.