XƏBƏRLƏR

ADU-da Xocalı soyqırımı bölgə məktəbləri ilə birgə qeyd edilib

26 fevral, 2021

Azərbaycan Dillər Universitetində Əlavə təhsil və təcrübə fakültəsinin  təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı: soyqırımdan qələbəyə” adlı  onlayn formatında  xatirə tədbiri keçirilmişdir. Tədbirdə ADU-nun rektor məsləhətçisi i.f.d. Anar Osmanlı, yazıçı Elxan Elatlı, Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya fakültəsinin əməkdaşı dosent Məlahət Babayeva, Şamaxı Sabir qəsəbə məktəbinin direktoru f.f.d. Gülnurə Babaşova, Bərdədə yerləşən Ağdam 1 saylı orta məktəbin direktoru Çimnaz Kərimova, Mingəçevirdə yerləşən Ağdam 47 saylı orta məktəbin direktoru Zülfiyyə Əliyeva, Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd orta məktəbinin müəllimi Esmira Orucova, Leksikologiya və üslubiyyat kafedrasının müdiri, dosent Amil Cəfərov, Psixologiya kafedrasının dosenti Əzim Əliyev, Xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti Nəsir Xankişiyev, fakültənin əməkdaş və tələbələri, eləcə də qeyd edilən məktəblərin müəllim və şagirdləri iştirak etmişlər.                                                

Tədbirdə “Xocalı soyqırımının milli yaddaşda yeri və əhəmiyyəti”, ”Xocalı soyqırımı gələcək müəllimin gözü ilə”, ”Xocalı soyqırımı Azərbaycan ədəbiyyatında”, ”Xocalı soyqırımı təlim-tərbiyə prosesində”, ”Xocalı şahidi”, ”Xocalı soyqırımı Böyük qələbə yolunda”, ”Xocalı soyqırımı və qisas” və digər bu kimi mövzular ətrafında iştirakçılar tərəfindən çıxışlar səsləndirilmişdir. 

Tədbirə giriş sözü ilə başlayan Əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məmməd İsmayılov iştirakçılarını Xocalı soyqırımının milli yaddaşımızdakı yeri və əhəmiyyətindən söhbət açdı, bu faciənin yaratdığı kədər məhfumunun Azərbaycan milli kimliyinin və birliyinin formalaşmasında aparıcı amillərdən biri olduğunu qeyd etdi və bunun 44 günlük Vətən müharibəsindəki qələbəyə böyük töhfə verdiyini bildirdi. M. İsmayılov ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində tarixi rolundan və bu gün bun işin Azərbaycan dövləti, eləcə də Heydər Əliyev Fondu tərəfindən çox uğurla aparılmasından danışdı.

Daha sonra o, sözü romanları ilə  oxucuların sevimlisinə çevrilmiş yazıçı Elxan Elatlıya verdi. Yazıçı Xocalı faciəsi haqqında geniş məlumat verərək ona ilk siyasi qiymətin ümummilli liderimiz, Ulu Öndər Heydər Əliyev tərəfindən verilməsinin tarixi əhəmiyyətindən danışdı.

Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya fakültəsinin əməkdaşı dosent Məlahət Babayeva “Xocalı soyqırımı Azərbaycan ədəbiyyatında” mövzusu üzrə çıxış edərək bu qanlı hadisənin çağdaş Azərbaycan ədəbiyyatında 29 il müddətində gündəmdə olduğu, müxtəlif janrlarda əsərlər yazıldığı və hələ də yazılmaqda olduğunu vurğulayaraq çıxışında həmin əsərlər haqqında qısa məlumat verdi.

Psixologiya kafedrasının dosenti Əzim Əliyev I Qarabağ müharibəsindəki döyüş yolundan  danışaraq bu döyüşlərdə həlak olan şəhidlərimizə rəhmət dilədi və Xocalı soyqırımının II Qarabağ müharibəsində döyüşçülərimizə böyük qisas stimulu verdiyini vurğuladı.

Leksikologiya və üslubiyyat kafedrasının müdiri dosent Amil Cəfərov ermənilərin Çar Rusiyası dövründən başlayaraq sovet dövründə də biz azərbaycanlılara qarşı dəfələrlə soyqırımlar törətdiklərini və bunun heç bir məsuliyyətini daşımadıqlarını tədbir  iştirakçılarının diqqətinə çatdırdı.

Şamaxı Sabir qəsəbə məktəbinin direktoru f.f.d. Gülnurə Babaşova “Xocalı soyqırımı təlim-tərbiyə prosesində” mövzusu üzrə çıxış etdi. O, “Xocalı soyqırımı” gününün məktəblərində hər il qeyd edildiyini, bu mövzu üzrə bütün siniflərdə mütamadi iş aparıldığını, inşalar yazıldığını, dəyirmi masalar keçirildiyini qeyd etdi.

Xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti Nəsir Xankişiyev “Xocalı soyqırımı və qisas” mövzusu üzrə çıxış etdi. O, qisasın birinci mərhələsinin 44 günlük müharibə ilə bitdiyini, ikinci mərhələsinin isə Qayıdış projesinin həyata keçirilməsi ilə başlanmasını bildirdi “Biz inkişaf edərək elə yüksəkliklərə qalxmalıyıq ki,düşmən həsədindən için-için əriyərək gözlərimiz önündə məhv olsun. Bax onda, biz əsil qisasımızı almış olacağıq”-deyərək o çıxışını bitirdi.

Tədbir zamanı fakültədə yendənhazırlanma təhsili alan Səbinə Muradlı, Xocalı şahidi -Bərdədə yerləşən Ağdam 1 saylı məktəbin direktoru Çimnaz Kərimova, Mingəçevirdə yerləşən Ağdam 47 saylı məktəbin direktoru Zülfiyyə Əliyeva, Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məktəbinin müəllim və şagirdləri də çıxışlar edib, Xocalıya həsr olunmuş şeirlər söylədilər.

Sonda ADU-nun rektorun məsləhətçisi i.f.d. Anar Osmanlı tədbirdə orta məktəblərin də iştirak etməsinin əhəmiyyətindən danışaraq Xocalı faciəsinin dünya tarixində ən dəhşətli soyqırım olduğunu qeyd etdi. O, həmçinin tədbirin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun parlaq Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindəki qələbə ruhunda təşkil olunmasının vacibliyini bildirdi.