XƏBƏRLƏR

Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır

25 fevral, 2021

24.02.2021-ci il tarixində ADU-nun Təhsil-1 və Təhsil-2 fakültələrinin birgə təşkilatçılığı ilə Xocalı soyqrımının 29-cu ildönümünə həsr olunmuş online dəyirmi masa keçirildi.

Tədbirdə ADU-nun rektor məsləhətçisi i.f.d. Anar Osmanlı, Təhsil-1 fakültəsinin dekanı prof. Fikrət Cahangirov, Təhsil-2 fakültəsinin dekanı dos.Salman Nuriyev, fakültələrin professor–müəllim heyəti və tələbələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə Anar Osmanlı açaraq qeyd etdi ki, Xocalı soyqırımı bəşəriyyətin ən sağalmaz yaralarından biri kimi tarixə düşüb. Erməni xislətinin bariz nümunəsi kimi tanınan Xocalı soyqırımı bəşər tarixinə məlum olan bir çox soyqırımlar ilə müqayisə oluna bilər.

Çıxışının davamında A. Osmanlı vurğuladı ki, 2020-ci il Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan bir il oldu. Bu zəfərin memarı Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu hərbi siyasəti nəticəsində illərdir düşmən tapdağı altında qalan torpaqlarımız işğaldan azad edildi.

Növbəti çıxış Təhsil-1 fakültəsinin dekanı prof. Fikrət Cahangirovun oldu. Çıxışında prof. Fikrət Cahangirov bir çox tarixi məqamlara toxundu. O ermənilərin tarixin müxtəlif mərhələlərində törətdikləri qırğınlardan, soyqırımlardan bəhs edərək vurğuladı ki, bu tək Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət və açıq terrordur. Çıxışının sonunda Fikrət Cahangirov vurğuladı ki, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin ruhu qarşısında baş əyir, Uca Allahdan onlara rəhmət diləyirəm.

Tədbirin davamında Təhsil-2 fakültəsinin dekanı dos. Salman Nuriyev Xocalı soyqırımının dünya mətbuatındakı dərgilərindən bəhs edərək bir çox faktları və məqamları tədbir iştirakçılarının nəzərinə çatdırdı. Erməni vandallarının bir çox qəzet və jurnallarda verdiyi ifşaedici müsahibələrdən bəhs edən dos. Salman Nuriyev qeyd etdi ki, hal-hazırda Xocalı soyqırımının bütün dünyaya tanıdılması Azərbaycan xalqının xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir.

Daha sonra Təhsil-1 və Təhsil-2 fakültələrinin nəzdində olan kafedraların müdirləri – Linqvokultrologiya kafedrasının müdiri prof. Məsməxanım Qaziyeva, İngilis dilinin leksikologiyası və üslubiyyatı 1 kafedrasının müdiri dos.Amil Cəfərov, İngilis dilinin fonetikası kafedrasının müdiri prof. Fərman Zeynalov,Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının müdiri dos. Aidə Sobor, Təhsil 2 fakültəsinin nəzdində Xarici dillər kafedrasının baş müəllimləri Afət Həşimi və Südabə Rəcəbova çıxış edərək ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi cinayətlərdən biri olan Xocalı soyqrımının mahiyyəti, faciənin miqyası ilə bağlı bir çox tarixi faktları iclas iştirakçılarının nəzərinə çatdırdılar.

Prof. Məsməxanım Qaziyeva bu cür tədbirlərə tələbələrin, gənclərin cəlb edilməsini təqdirəlayiq hesab etdiyini öz çıxışında xüsusi olaraq vurğuladı. “Unutmamaq və Unutdurmamaq” prinsipini rəhbər tutaraq prof. Məsməxanım Qaziyeva gənclərə vətənpərlik hisslərinin aşılanmasında bu cür tədbirlərin mühüm əhəmiyyətə malik olmasından bəhs etdi. B/m S.Rəcəbova Ulu Öndər Heydər Əliyevin Xocalı qətliamı ilə bağlı tarixi çıxışının qısa xülasəsini videoçarx formasında tədbir iştirakçlarının diqqətinə çatdırdı.

Təhsil-1 və Təhsil -2 fakültələrinin 205b, 215a və 225b qruplarının tələbələrinin çıxışları, Azərbaycan və ingilis dilində söylədikləri şeirlər tədbir iştirakçılarının marağına səbəb oldu.
Tədbir 225 b qrup tələbələrinin Xocalı soyqırımının 29-cu il dönümünə həsr olunmuş videoçarxın nümayişi ilə yekunlaşdırıldı.