XƏBƏRLƏR

“Şuşa Azərbaycan mədəniyyətinin incisi" - Dəyirmi masa

25 fevral, 2021

ADU–nun Azərbaycanşünaslıq ETL və Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi “Şuşa Azərbaycan mədəniyyətinin incisi" adlı dəyirmi masa keçirib.

Regionşünaslıq kafedrasının müdiri dos.Sevdagül Əliyeva tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycanşünaslıq ETL və BM və Regionşünaslıq fakültəsi Novruz bayramı ərəfəsində 4 həftə, hər çərşənbə günü bir tədbir keçirməyi planlaşdırıb. Novruz bayramının ilk çərşənbəsi Şuşanın tarixi və mədəniyyətinə həsr edilib.

Regionşünaslıq kafedrasının müəllimləri - dosent Bəhmən Əliyev Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşa qalasının, məhəllələrinin, evlərin, qala divarlarının tikilməsi, ikinti materialları, qala qapıları və ərazisi, Kəmalə Qurbanlı Şuşada yayılmış sənətkarlıq: dulusçuluq, keçəçilik, dabbaqlıq, miskərlik, silahsazlıq, zərbkarlıq, zərgərlik və xüsusilə də xalçaçılıq və ipəkçilik, b/m, PhD Rəna Rəcəbli Şuşada mövcud olmuş, mollaxana, mədrəsə, yeni məktəb, musiqi məktəbləri və Realnı məktəblərin açılması və fəaliyyəti, Günay Feyziyeva Şuşanın memarlıq abidələrinin quruluşu, bəzəkləri, spesifik xüsusiyyətləri və Aygün Solanzadə Şuşada mövcud olmuş muzeylər haqqında maraqlı və geniş məlumatları iştirakçıların diqqətinə çatdırdılar.

Azərbaycanşünaslıq ETL və Fəlsəfə və İctimai Elmlər kafedrasının professoru Niyazi Mehdi çıxışları təhlil edərək Şuşa fenomeni haqqında maraqlı fikirlər bildirdi.

Tədbirin gedişində Şuşa qalası, məktəbləri, memarlıq abidələri və muzeyləri haqqında maraqlı təqdimatlar və videoyazılar da numayiş etdirildi.