ADU-nun prorektoru Sevinc Zeynalova beynəlxalq vebinarda çıxış edib
Türkiyə Respublikasının Dokuz Eylül Universitetinin təşkilatçılığı ilə “Liderlərin toplantısı: Distant təhsil və COVID-19 pandemiyasının elm və ali təhsilə təsiri” adlı beynəlxalq vebinar keçirilib.
AMEA və ölkə ali təhsil müəssisələrinin struktur rəhbərilərinin iştirakı ilə keçirilən tədbiri Dokuz Eylül Universitetinin rektoru Prof. Dr. Nükhet Hotar açıb.
Görüşdə Azərbaycan Dillər Universitetin tədris məsələləri üzrə prorektoru, fil.e.d., dos. Sevinc Zeynalova “Covid-19 pandemiyası və məsafədən təhsil müddətində xarici dillərin tədrisi - nə dəyişdi?” mövzusunda çıxış edib.
Çıxışında S.Zeynalova xarici dillərin tədrisində məsafədən təhsilin digər sahələrdən daha öncə tətbiq edildiyini vurğulayıb. O, xarici dillərə olan kütləvi marağını və əcnəbi dillərin öyrənilməsinə dair elektron resursların zənginliyini distant təhsilin tətbiq edilməsində başlıca səbəblərdən biri olaraq qeyd edib. Professor S.Zeynalova çıxışı zamanı, həmçinin, ADU-da mövcud vəziyyətdə onlayn tədrisin təşkili, bu istiqamətdə əldə olunan təcrübə, uğurla həyata keçirilmiş təlimlər və vebinarlar, eləcə də Dil və mədəniyyət mərkəzlərinin fəaliyyəti haqqında da ətraflı məlumat verib.
O, həmçinin Azərbaycan Dillər Universitetində tədrisin onlayn təşkilindən bəhs edərkən bildirib ki, Təlimdə innovasiyalar və Xarici dillərin tədrisi metodikası kafedralarının mövcudluğu bu işdə innovativ metodlarla çalışmağımıza, dəyişikliklərə çevik uyğunlaşmağımıza birbaşa köməklik göstərir. Koronavirus pandemiyasının təhsil sahələrinə də təsir göstərərək distant təhsilin əhəmiyyətini bir daha ortaya qoyduğunu və bu təhsil formasının inkişafının davam etdirilməsinə ehtiyac olduğunu xüsusi ilə vurğulayıb. S.Zeynalova çıxışı zamanı bildirib ki, universitetlər özləri üçün onlayn təhsil sistemlərini yaratmağın mümkün olmaması səbəbindən, artıq mövcud olan platformalarla əməkdaşlığa başlayaraq bu boşluğu müvəqqəti doldurublar. Bir çox təhsil ocağı imtahanların onlayn təşkilində çətinliklərlə üzləşdi. Bütün bunları nəzərə alaraq, artıq bütün təhsil ocaqları özlərinin müvafiq sistemlərini qurmaqla rəqəmsallaşmaya keçidi sürətləndirməyə dair işlər aparmalıdırlar:
“Evdə qal, təhsildən qalma” şüarı ilə Azərbaycan Dillər Universitetinin xarici dil müəllimləri olaraq biz də üzərimizə düşən məsuliyyəti anlayaraq əlimizdən gələni etməyə çalışırıq”.
Sonra digər ali təhsil müəssisələrinin nümayəndələrinin mövzu ilə bağlı çıxışları dinlənilib.