Elmi-metodik işlərin plagiat ekspertizası uğurla yekunlaşıb
ADU-nun Elm şöbəsi 2020-ci il üzrə kafedralardan toplanan elmi tədqiqat və elmi-metodik işlərin plagiat ekspertizasını uğurla yekunlaşdırmışdır. Yoxlanışda 31 kafedra, 3 Elmi tədqiqat laboratoriyası əməkdaşlarının ETİ-ləri iştirak etmişdir. Müəyyən istisnalar olmaqla, müəllim heyətinin hər biri plan üzrə öz işlərini təqdim etmişdir. Plagiat ekspertizası zamanı 36 müəllimin ETİ-də oxşarlıq əmsallarının faizi limit həddini keçmişdir və bu barədə müəlliflərin hər birinə məlumat verilmişdir. Həmçinin, hesabatın bir nüsxəsi Səlahiyyətli Komissiyaya ötürülmüş və Komissiya sədrinin qərarı ilə rəsmiləşdirilmişdir. Müəyyən edilmiş oxşarlıq limit həddini aşan müəllif Elmi tədqiqat işlərinə lazım olan düzəlişləri yerinə yetirdikdən sonra elmi işin yeni variantını təqdim etməlidir. Bu zaman ETİ-lər antiplagiat sisteminə təkrar yüklənəcəkdir. İlk yoxlamada iş orijinal olmadığına görə, ikinci yoxlamada sərf olunan işarə sayına əsasən müəllif ödəniş etməli olacaqdır.
Yoxlanış zamanı plagiat faktları aşkarlanmayan kafedra və laboratoriyaların siyahısını təqdim edirik:
Azərbaycan ədəbiyyatı
Fransız dilinin fonetikası və qrammatikası kafedrası
Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası
İnformasiya texnologiyaları kafedrası
Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrası
Alman dilinin fonetikası və qrammatikası kafedrası
German dilinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası
Roman dillərinin tərcümə nəzəriyyəsi kafedrası
Xarici dillər (Təhsil-1 fakültəsinin nəzdində)
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrası
İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrası (Filologiya fakültəsinin nəzdində)
Mülki müdafiə və tibbi biliklər kafedrası
Psixologiya kafedrası
Xarici ölkələr ədəbiyyatı kafedrası
Ümumi dilçilik kafedrası
Azərbaycanşünaslıq ETL
Multikulturalizm ETL
Rusiyaşünaslıq ETL
Qeyd etmək istərdik ki, yoxlanışlar ölkəmizdə, eləcə də dünyada fəaliyyət göstərən müfəssəl Plagiat.pl şirkətinin StrikePlagiarism.com sistemi ilə aparılır. Plagiat.pl şirkəti 2002-ci ildə Varşavada yaradılmışdır və 20-dən çox ölkənin (Polşa, Rumıniya, Ukrayna, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Belorusiya və s.) 700-dən çox universiteti, yüzlərlə nəşriyyatı və məktəbi ilə əməkdaşlıq etməkdədir. StrikePlagiarism.com sistemi Plagiat.pl şirkətinin məhsullarından biridir və dünya üzrə 2.000.000 aktiv istifadəçilər tərəfindən mütəmadi olaraq istifadə olunan müəllif hüquqlarının müdafiəsi üzrə effektiv sistemdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası da plagiat ekspertizasını məhz bu sistem vasitəsilə həyata keçirir. Sistem aşağıdakı məlumatlar bazasını indeksləşdirir:
Universitetin yerli məlumat bazasını;
Tərəfdaş universitetilərin məlumat bazasını;
Refbooks– Elmi məlumatlar bazaları, həmçinin COPUS, Web of Science, Springer, Oxford, EBSCO və s. kimi aparıcı nəşriyyat evləri tərəfindən indeksləşdirilən elmi jurnalları bazasını.
Sistem həmçinin 20 milyarddan artıq internet səhifələrində çoxdilli axtarış həyata keçirir.
Plagiat ekspertizası yoxlamaları bu nəticəyə gəlməyə əsas verir ki, müəllimlərin əksəriyyəti antiplagiat sisteminin işləmə mexanizmi barədə çox az məlumatlıdırlar və bu da narazılıqlara səbəb olur. Hər bir əməkdaş nəzərə almalıdır ki, müəllifi olduğu dissertasiya, monoqrafiya, məqalə və s. artıq məlumat bazasında yerləşdirildiyi üçün, təkrarən istifadə edilməsi düzgün deyil və yolverilməzdir, əks halda plagiat faktı ilə qarşılaşması labüddür. Bəzi hallarda isə, müəllif tədris materialından götürdüyü bütöv mətni yerləşdirərək onun üzərində öz fikir və mülahizələrini aparır, bu isə öz növbəsində oxşarlıq faizi əmsalının yüksək olmasına gətirib çıxarır.
Bu və digər xoşagəlməz halların gələcəkdə təkrarlanmaması üçün, ADU-nun Elm şöbəsi plagiat şirkəti ilə birgə müəllimlər üçün antiplagiat sistemi üzrə qayda və təlimatları əks etdirən onlayn seminarların təşkil edilməsini və öyrədici treninqlərin saytda yerləşdirilməsini nəzərdə tutmuşdur.