XƏBƏRLƏR

ADU-nun Elmi Şurasının növbəti onlayn iclası keçirilib

29 yanvar, 2021

Azərbaycan Dillər Univeristetinin (ADU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.

İclası giriş sözü ilə açan ADU-nun rektoru akademik, Xalq yazıçısı Kamal Abdulla xatırladıb ki, universitetin Qafqazşünaslıq kafedrasının erməni dili üzrə əməkdaşı Aydın Eyvazov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.

Rektor bildirib ki, bu, şərəfli zəhmətin bəhrəsidir:

“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qazandığı möhtəşəm qələbə haqqında həmişə danışılacaq və bu qələbə heç vaxt unudulmayacaq. Aydın Eyvazovun “Azərbaycan bayrağı” ordeni ilə təltif edilməsi şərəfli zəhmətin bəhrəsidir. Biz universitet adından ona böyük təşəkkür və minnətdarlığımızı bildiririk. Bu mükafatlandırma onu göstərir ki, erməni dilinin öyrənilməsi və tədrisi ilə bağlı gördüyümüz işlərin mühüm əhəmiyyəti var”.

2020-2021-ci tədris ilinin 2-ci yarısında ADU-nun kollektivi qarşısında duran əsas vəzifələr haqqında danışan Kamal Abdulla deyib ki, yeni şərait, koronovirus pandemiyası dövrü və ondan sonrakı mərhələ yeni baxışlar, yeni yanaşma tələb edir: “İndiki mərhələdə və post-pandemiya dövründə nəyi necə etmək yüksək şəxsi məsuliyyət tələb edən məsələdir. Pandemiya dövründə biz təhsilə yeni yanaşmanın şahidi olduq, bu artıq başqa mərhələ, başqa mədəniyyətdir. Biz bu dövrdə tələbələrlə işləməyin yeni xüsusiyyətlərini tapdıq və bu iş sürətlə davam, inkişaf etdirilməlidir. Şəxsi məsuliyyət isə xüsusi vacib amildir”.

“Müstəqillik dövründə ingilisdilli, fransızdilli, almandilli kütləvi informasiya vasitələrində Azərbaycan obrazı” kitabının hazırlanması haqqında danışan rektor qeyd edib ki, bu iş Azərbaycan ictimaiyyəti, elmi, diplomatiyası üçün vacibdir. Üç hissədən ibarət layihənin artıq birinci mərhələsi başa çatmaq üzrədir. 

Ali təhsil ocağının rəhbəri vurğulayıb ki, Qarabağ məktəbləri ilə bağlı aparılan əvvəlki işlər hər gün artan templə davam etdirilməlidir: “Əvvəllər biz buna qaçqın məktəbləri deyirdik. İndi Azərbaycanda qaçqın anlayışı yoxdur. Biz Qarabağdakı məktəblərlə öz işimizi sıx və ciddi quracağıq. Bizim qaçqın məktəbləri ilə ünsiyyətimiz çox böyük maraqla qarşılandı və şagirdlər üçün faydalı oldu. Elə əvvəllərdə olduğu kimi, indi də o məktəblərdə dərs deməklə işimizi bitmiş hesab etməməliyik. O məktəblərə mədəni, elmi axın olmalıdır. Necə ki əvvəlki illərdə biz bunu etmişik. Bundan sonra bu istiqamətdə səylərimizi və gücümüzü daha da artırmalıyıq”.

Daha sonra ADU-nun 2021-ci il üçün struktur və kadr islahatları haqqında Struktur və kadr islahatına dair komissiyanın sədri, Elmi işlər üzrə prorektor, professor Novruz Məmmədov çıxış edib. Novruz Məmmədov Elmi-Tədqiqat Mərkəzinin yaradılmasının, uyğun kafedraların işinin daha səmərəli təşkil olunmasının, Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin yaradılmasının vacibliyindən danışıb.

ADU-nun Strateji inkişaf planı haqqında danışan tədris işləri üzrə prorektor, professor Sevinc Zeynalova bildirib ki, universitetin yeni inkişaf planının hazırlanması məqsədilə açıq işçi qrup yaradılıb, qrup öz fəaliyyətini səmərəli şəkildə qura bilib və yaxın zamanlarda yeni inkişaf planı ADU kollektivinə təqdim ediləcək. İşçi qrup bütün təklifləri qiymətləndirməyə və müzakirəyə açıqdır.

2020-2021-ci tədris ilinin qış imtahan sessiyasının haqqında Biliyin qiymətləndirilməsi, monitorinq və keyfiyyətin təminatı şöbəsinin müdiri Fatma Qurbanzadə çıxış edib. Fatma Qurbanzadə qeyd edib ki, hazırkı qış imtahan sessiyasında tələbələrin 99 faizi iştirak edib. Qeyri-kafi alan tələbə yoxdur. İmtahanlara univeristetin məsul şəxsləri birbaşa nəzarət edir, indiyədək hər hansı pozuntuya rast gəlinməyib. İmtahanların gedişinə nəzarət məqsədilə Operativ Qərargah fəaliyyət göstərir, indiyədək qərargaha hər hansı şikayət daxil olmayıb. Əvvəlki imtahan sessiyaları vaxtı kəsiri yaranmış tələblərin təkrar imtahan verməsinə şərait yaradılır.

ADU-nun beynəlxalq əlaqələri və ikili diplomlar haqqında məruzə ilə çıxış edən beynəlxalq əlaqələr üzrə prorektor, professor Jalə Qəribova bu istiqamətdə univeristetin əldə etdiyi uğurlardan danışıb, xatırladıb ki, məhz bu sahədə ADU Azərbaycanda bir sıra yeniliklərə imza atıb. Bununla belə təkcə bu uğurlarla kifayətlənmək olmaz, yeni uğurların qazanılması üçün müzakirələrə və əlavə tədbirlərə müəyyən ehtiyac var.