XƏBƏRLƏR

İgidliyi ilə adını tarixə yazan məzun şəhidimiz – Əzim Həsənov

29 yanvar, 2021

44 gün davam edən Vətən müharibəsi zamanı ordu sıralarında olan soydaşlarımız qələbə üçün döyüşüb, müharibənin tarixinə adlarını yazmağı bacardılar.

O qəhrəmanlardan biri də Şəhid Əzim Həsənov oldu.

Həsənov Əzim Fikrət oğlu 13 iyun 1998-ci ildə Balakən rayonunda doğulub. 2004-cü ilin sentyabrında  müvəqqəti məskunlaşdıqları Mingəçevir şəhərində 19 nömrəli məktəbin birinci sinfinə daxil olub. Ailənin ilk və yeganə oğlu olan Əzim, orta məktəbi 2015-ci ildə əla qiymətlərlə bitirib. Elə həmin ili yüksək balla Azərbaycan Dillər Universitetinə daxil olub.   

Əslən Qarabağlı olan Əzimin ürəyi həmişə vətən həsrəti ilə döyünürdü. Vətən eşqi, Vətənpərvərlik onun qanında var idi.  Elə bu həsrətli sevgi ilə o, təhsil aldığı Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən ADU TGT-nin Vətənpərvərlər klubuna üzv olur. Vaxti ilə işğalda olan torpaqlarımızın anım günləri və digər respublika əhəmiyyətli günlərin qeyd olunduğu tədbirlərin həyata keçirilməsində fəal iştirak edib. Gənclər Fondunun maliyyə yardımı ilə keçirilən və bir neçə Universitetində iştirak etdiyi  "Azərbaycançılıq məfkurəsinin gənclərlə təbliği" layihəsində fəal iştirakına görə təşəkkürnamə ilə təltif olunub. Onları klub olaraq yarışda qalib edən, hazırladıqları Bayraq haqqında flaşmob idi.

Onun digər təşəkkürnaməsi elə üzv olduğu ADU TGT Vətənpərvərlər deprtamenti tərəfindən verilib.

Univesiteti bitirdikdən sonra hərbi xidmətə yollanan Əzimin qəhrəmanlığı da bundan sonra başlayır. Hərbi xidmətinin bitməsinə sayılı vaxt qalmağına baxmayaraq, Paytaxtda xidmət etdiyi hərbi hissədən könüllü olaraq həmlə taborundan döyüşlərə qatılır. Sentyabr ayının 27 -də başlayan döyüşlər zamanı cəbhədə kəşfiyyatçı kimi xidmətini davam edir. Cəbrayıl, Hadrut, Horadiz, Füzuli istiqamətində gedən döyüşlərdə igidliklə mübarizə aparıb. Qızğın döyüş zamanı bir neçə dəfə qəhrəmanlıq göstərərək özünü və əsgər yoldaşlarını mühasirədən çıxara bilib.

"Nə qazimiz, nə şəhidimiz nə olur olsun, düşmən tərəfində qalmasın" - deyirmiş döyüş yoldaşlarına. Bu cümlə son anınadək onun dilində şüara çevrilib.

Sonuncu dəfə Füzulinin Seyidəhmədli kəndi yaxınlığındakı döyüşlərdə  yaralı əsgər yoldaşını xilas edərkən,  düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalır. 30 oktyabr günü  Mingəçevir şəhəri Şəhidlər xiyabanında dəfn edilib.  

"Nədənsə son vaxtlar onun böyük adam olacağı hissi vardı ürəyimdə. Hələ əsgər getməmişdən əvvəl özünə də deyirdim bunu. Oğlumla fəxr edirəm. Bu gün mən bir oğul itirdim, amma tarix daha bir qəhrəman qazandı. Göstərdiyi qəhrəmanlıqla yazılan yeni tarixə onun da töhfəsi oldu. Ölümü adi ölüm olsaydı, yoxluğu ilə barışa bilməzdim. Şəhidlik uca zirvədir. Tək təsəllim də budur" - deyir anası Şəhla Həsənova.

Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Fikrət Həsənov da oğlu haqqında fikirlərini bizimlə bölüşüb. Onun fikirləri:

"Deyirdim, oğul, qocalmışam, torpaqlarımızı, doğma Ağdamımızı qaytarmaq artıq sənə qaldı. Sonuncu dəfə oktyabr ayının 4-ü danışmışdıq. Hər şeyin əla olduğunu, yavaş-yavaş  hədəf doğru irəlilədiklərini deyirdi. Uzun müddət danışa bilmədik. Narahatlıq içindəydik. Axtarmaq üçün Füzuliyə getdik. Xəbər ala bilmədik. Uzun çəkən axtarışdan sonra 22-i şəhid olduğunu öyrəndik. Vətən sağ olsun!"

Heç zaman görmədiyi doğma ata yurdu haqqında atasının danışdığı nağıllarla böyüyən şəhidimiz əzmi, igidliyi sayəsində özü  qəhrəmanlıq dastanı yazdı. Hər kəs kimi onun da arzuları çox idi. Amma ən öndə olanı torpaqları azad edib, ata yurduna qovuşmaq idi. Əzim və Əzim kimi igidlərimizin sayəsində torpaqlarımız azad olundu. Bu gün o, söz verdiyi kimi atasının doğma yurduna qovuşmasına nail oldu. Özü görə bilməsə də...

Məzun şəhidimiz Əzim Həsənov ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.