XƏBƏRLƏR

ADU-nun şəhid məzunu - Teymur Osmanlı

25 yanvar, 2021

Vətən, torpaq, millət uğrunda canından keçməyə hazır olan insanların fəth etdiyi ən ali, ən şərəfli zirvədir şəhidlik. Şəhidlər 30 illik torpaq həsrətinə son qoyaraq adları ilə yeni tarix yazdılar, xalqın qəhrəmanına çevrildilər. O xalq qəhrəmanlarından biri də Şəhid Osmanlı Teymur Saday oğludur.

Osmanlı Teymur 31 may 1995-ci ildə İsmayıllı rayonunun Cülyan kəndində doğulub. Təhsilini 2001-2012- ci illərdə İsmayıllı şəhər İ. Həsənov adına 1 saylı tam orta məktəbdə alıb.

Teymur 2012-ci ildə Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinə (Fransız dili ) daxil olub və 2016-cı ildə universiteti bitirib. Məhz Fransız dilinə olan marağı onun yolunu Azərbaycan Dillər Universitetinə gətirmişdi. O, universitet illərində tədbirlərdə fəal iştirak edib. Universiteti bitirdikdən sonra, elə həmin ili Tərtər rayonunun N saylı hərbi hissəsində qulluq edib. Xidməti başa vurduqdan bir müddət sonra Bakıda notariat ofisində baş mütəxəssis vəzifəsində çalışıb. Təhsilə bağlılığı, oxumaq həvəsi onu ikinci təhsil almağa sövq etmişdi. Belə ki, o, 2018-ci ildə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdu.  Onun təhsili qiyabi olduğu üçün həm işləyib, həm təhsil alırdı.

Lakin 2020-ci ildə Vətən müharibəsinin başladığı vaxtda, vətənin dar günündə laqeyd qala bilməyib, könüllü yenidən hərbi xidmətə yollanıb. Teymur oktyabrın 3-də Talış-Suqovuşan yaşayış məntəqələrinin düşməndən azad olunması istiqamətində şəhid olub. Son danışığı oktyabrın 2-də olub. Qardaşı Osmanlı Samir Saday oğlunun dediklərinə görə, evdəkiləri narahat etməmək üçün o heç zaman müharibə barədə danışmazdı. Soruşanda isə “narahat olmayın, hər şey yaxşı olacaq ”- deyərdi. Şəhid Osmanlı Teymur oktyabrın 17-də İsmayıllı rayonunun  Cülyan kənd qəbiristanlığında dəfn olunub.

Teymur hər zaman torpaqlarımızı mənfur düşməndən alacağını, tarixin ondan danışacağını deyirdi. Bəli, torpaqlarımız azad oldu, tarix ondan yazır. Çox təəssüf ki, azadlığı uğrunda canından keçdiyi vətənin bu gününü görmək ona nəsib olmadı.