XƏBƏRLƏR

"Müəllimləri Elvinin xatirəsini yaşadırlar" - şəhid tələbəmizin atası

24 yanvar, 2021

Azərbaycan Dillər Universitetinin Beynəlxalq nünasibətlər və regionşünaslıq fakültəsinin almanşünaslıq üzrə tələbəsi Elvin Bayramov Vətən Müharibəsində şəhid olub.

Universitetin Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyevanın təşəbbüsü ilə Elvin Bayramovun xatirəsinə həsr olunan “Qısa ömrün əbədi dastanı” adlı kitab çap olunub.

Kitab Elvin Bayramovun müəllimlərinin, tələbələrin, şəhidin ailə üzvləri və dostlarının yazılarından ibarətdir.

Şəhid Elvin Bayramovun atası İslam Bayramov oğlu haqqında fikirlərini bizimlə bölüşüb. Onun fikirlərini təqdim edirik.

“Elvin Universiteti bitirdi, hərbi xidmətə getdi. Üç ay karantin müddəti başa çatandan sonra hərbi hissəsini dəyişdilər. Elvin oktyabrın 26-da Füzulidə şəhid olub. Son danışığı oktyabrın 8-də olub. Mənimlə də danışmışdı, anası və xalası ilə də. Deyirdi ki, narahat olmayın, hər şey yaxşıdır. Həmişə zəng edəndə qısa danışırdı, həmin gün zəng edəndə xeyli danışdı. Vətən müharibəsi başlayandan sonra uzun müddət zəng etmədi. Biz Füzuliyə getdik. Xəbər ala bilmədik. Sonra Füzuliyə yenə getdik. Bu dəfə də heç bir xəbər olmadı. Üç gün sonra təkrar getdik. Axtarışımız nəticə vermədi. Səhəri Hərbi Komissarlıqdan zəng vurdular. Getdim komissarlığa. Xəbər verdilər ki, oğlunuz şəhid olub.

Elvinin tələbəliyi yaxşı keçib. Oxuyan tələbə olub. Bizim onun oxumağından heç bir narazılığımız olmayıb. Arzuları çox idi. Əsgər xidmətini başa çatdırandan sonra təhsilini davam etdirmək istəyirdi. Elvin alman dili üzrə regionşünaslıq oxuyurdu. Amma ingilis dilindən də hazırlığa gedirdi. Şəhid olandan sonra Elvinin müəllimləri onun haqqında kitab çap elətdirdilər. Mən bir ata kimi həm müəllimlərə, həm tələbələrə təşəkkür edirəm. Onlar Elvinin xatirəsini yaşadırlar. Mənim oğlum Vətən yolunda şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olsun!”.