XƏBƏRLƏR

20 Yanvar – Şanlı zəfərin başlanğıcı

21 yanvar, 2021

Yanvarın 20-də Filologiya fakültəsi Virtual jurnalistika kafedrasının təşkilatçılığı ilə “20 Yanvar – şanlı  zəfərin başlanğıcı” adlı onlayn tədbir keçirilib. Tədbirin aparıcısı – Virtual jurnalistika kafedrasının müdiri Nərgiz Qurbanlı giriş nitqində Ümumxalq hüzn gününün qısa tarixindən, azadlıq uğrundakı mübarizəmizdə həmin günün yerindən və rolundan bəhs edib. Nərgiz Qurbanlı 20 Yanvar hadisələrinin canlı şahidi olduğunu, dinc əhaliyə silah qaldıran sovet ordusuna, xalqın azadlıq mübarizəsini boğmağa çalışan qanlı sovet rejiminə etiraz edən soydaşlarımızla bir sırada öz atası və qardaşlarının da dayandığını, bu kimi faktlar əsasında 20 Yanvar faciəsinin hər bir azərbaycanlı ailəsindən keçib getdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Nərgiz Qurbanlı bildirib ki, 1990-cı ildə yanvarın 19-dan 20-ə keçən gecə və ondan sonrakı bir neçə gün ərzində sovet ordusunun soydaşlarımıza qarşı törətdiyi qanlı cinayət əməlləri – 146 nəfərin qətlə yetirilməsi, 744 nəfərin yaralanması, 841 nəfərin qanunsuz həbs olunması xalqımızı qətiyyən qorxutmayıb, əksinə, onun mübarizə əzmini daha da gücləndirib, totalitar rejimə  etiraz 20 Yanvar faciəsindən sonra Azərbaycanda daha geniş miqyas, daha kəskin xarakter alıb. Nərgiz Qurbanlı qeyd edib ki, Azərbaycan Dillər Universitetinin müəllimləri Çərkəz Qurbanlı və Novruz Məmmədov digər məsləkdaşları ilə birlikdə 20 Yanvar hadisələrinə, həmçinin Tiflis, Alma-ata və digər şəhərlərdə azadlıq mübarizəsi aparan dinc əhaliyə divan tutulmasına etiraz əlaməti olaraq, 1990-cı ildə  Bakıdan Tiflisə piyada yürüş ediblər.

Nərgiz Qurbanlı dövlət müstəqilliyimizin əldə edilməsi və ərazi bütövlüyümüzün qorunması uğrundakı mübarizədə xalq iradəsinin 20 Yanvarda qalib gəlməsinin mühüm tarixi rol oynamasını xüsusi olaraq diqqətə çatdırıb. Natiq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müzəffər ordumuzun rəşadətli döyüşü sayəsində, şəhidlərimizin qanı və canı bahasına 44 günlük Qarabağ savaşında şanlı zəfər çalmağımızın da təməlində 20 Yanvar şəhidlərinin iradəsi və qəhrəmanlığı dayanır.

Sonra “20 Yanvar və fotojurnalistikamız” mövzusunda onlayn təqdimat keçirilib. Virtual jurnalistika kafedrasının müəllimi Əhməd Muxtarov 20 Yanvar günü Şəhidlər Xiyabanında çəkdiyi təsirli fotoları, fotojurnalist Əziz Kərimov isə 1990-cı ilin 20 yanvarında çəkilmiş fotoları təqdim ediblər. Sonra Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi, f.f.d. Mehriban Mövlamova “20 Yanvar qəhrəmanları ədəbiyyatımızda”, Virtual jurnalistika kafedrasının müəllimləri Nərgiz Cavadzadə “20 Yanvar hadisələri beynəlxalq mediada”, Aygün Rəhimova “Milli media və 20 Yanvar” mövzularında məruzələrlə çıxış ediblər.

Psixologiya kafedrasının dosenti Əzim Əliyev 20 Yanvar hadisələrinin canlı şahidi və I Qarabağ müharibəsinin iştirakçısı olduğunu  vurğulayaraq xatirələrini paylaşıb.

Filologiya fakültəsinin tələbələri Sənan Cabbarlı “31 il sonra rahatlıq tapan müqəddəs şəhid ruhları” və Fikrət Ağayev “Milli iradəmizin zəfər çaldığı gün” mövzularında çıxış ediblər. Çıxışlarda Azərbaycan Dillər Universitetinin tələbəsi, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin ömür yolu xüsusi olaraq xatırlanıb, onun ibrətamiz şeirlərindən misralar səsləndirilib.

Filologiya fakültəsinin dekanı, professor Şahin Xəlilli, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov tədbirlə bağlı razılıqlarını bildiriblər və Virtual jurnalistika kafedrasına öz fəaliyyətində yeni-yeni uğurlar arzulayıblar.

Tədbir İctimai TV tərəfindən yayımlanmış “Onlar bilirlər, biz gələcəyik. Biz bilirik, onlar gözləyirlər” adlı videoçarx ilə yekunlaşıb.