XƏBƏRLƏR

ADU-nun rektoru və universitet kollektivi adından Fransa Parlamentinə etiraz məktubu ünvanlanıb

24 noyabr, 2020

Hörmətli cənablar!

Fransa dövlətində bəzi siyasi dairələrin Dağlıq Qarabağ adlı qondarma qurumun müstəqilliyinin tanınmasına istiqamətlənən fəaliyyəti beynəlxalq hüquqa və beynəlxalq təhlükəsizliyə ciddi çağırışlar edir. Bu səbəbdən sizlərə münaqişədə hüquq və ədalətin hansı tərəfdə olmasını izah edən məktub ilə müraciət etmək istəyirik.

Dağlıq Qarabağ və yeddi ətraf rayonun Azərbaycanın tərkib hissəsi olmasını bütün beynəlxalq ictimaiyyət tanıyır. Dağlıq Qarabağ və yeddi ətraf rayonların işğalına dair BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı 4 qətnamə və 7 bəyanatının hamısında Azərbaycanın ərazi bütövlüyü təsdiqlənir və işğal edilmiş ərazilərdən qoşunların qeyd-şərtsiz çıxarılması tələb edilir. Adı çəkilən qətnamələrin hamısına sizin ölkə - Fransa da Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri kimi səs vermişdi. Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan və işğalçı qüvvələri bizim ərazilərdən çıxarmaqdan imtina edən Ermənistan öz işğalçı siyasətini “xalqların özmüqəddəratını təyinetmə” prinsipi ilə əsaslandırmağa çalışır. Lakin adı çəkilən prinsip, yalnız II Dünya müharibəsindən sonra müstəmləkə rejiminin dağılması ilə keçmiş mütəmləkələrin müstəqil dövlət qurma hüquqlarını nəzərdə tutur. Dağlıq Qarabağın Azərbaycan müstəmləkəsi olmaması və Azərbaycanın timsalında xarici hökmranlıq, zorakılıq altında olmaması, habelə müqəddəratı təyinetmənin ölkənin ərazi bütövlüyünü pozmaq şərti ilə keçirilə bilməməsinə dair BMT tələbi Ermənistanın və Fransada bəzi siyasi dairələrin hüquqi arqumentlərini əsassız edir.

Ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi prinsiplərin ATƏT-in Helsinki yekun aktında da əks olunması və Frasanın bu aktı təsdiqləməsi onun üzərinə hüquqi öhdəliklər qoyur. Fransa BMT və ATƏT-in bütün lazımı nizamnamə və sənədlərini təsdiqlədiyinə görə artıq onlara zidd addım ata bilməz. Fransa konstitusiyasının 55-ci maddəsinə görə lazımı qaydada ratifikasiya olunan və ya razılıq alan beynəlxalq müqavilələr və ya razılaşmalar, dərc olunduqları andan qanunlardan daha üstün hüququ qüvvəyə malik olurlar. Bu qəbildən Fransada Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına çalışan bəzi siyasi qüvvələr təkcə beynəlxalq hüquqa deyil, həmçinin Fransa konstitusiyasına da hörmətsizlik edirlər.

1999-cu ildə Venesiya komissiyasının (hüquq vasitəsilə demokratiya uğrunda Avropa komissiyası) “konstitusiya hüququnda öz müqəddəratını təyinetmə və sessiya” adlı araşdırması müəyyən etmişdi ki, dünya ölkələri konstitusiyalarının demək olar ki, hamısında ölkə tərkibindən hər hansı bir ərazinin çıxmasını nəzərdə tutan müddəa yoxdur. Fransa konstitusiyasının 53-cü maddəsinə əsasən, ərazinin heç bir güzəşti, heç bir mübadiləsi, heç bir birləşməsi maraqlı əhalinin razılığı olmadan hüquqi qüvvəyə malik deyil. Dağlıq Qarabağ heç vaxtı tək ermənilərdən ibarət bir region olmayıb. Dağlıq Qarabağ və 7 ətraf işğal olunmuş ərazilərin ümumi azərbaycanlı əhalisi 700,000 nəfərə bərabər idi. Qeyd edək ki, Ermənistanın özünün verdiyi məlumatlara əsasən, Dağlıq Qarabağın ümumi əhalisi 120,000 nəfəri keçmirdi. Bütün bunlardan çıxış edərək, bildiririk ki, Fransada bəzi siyasi dairələrin fəaliyyəti təkcə Azərbaycan konstitusiyasını deyil, həmçinin Fransa Konstitusiyasını da pozur. Fransa Konstitusiyasının 61-ci maddəsinə əsasən, qanunlar və Parlament palatalarının reqlamentləri promulqasiyadan qabaq, konstitusiyaya uyğun olmalarını müəyyən etmək üçün Konstitusiya Şurasına təqdim edilməlidirlər. 62-ci maddəyə görə isə konstitusiyaya zidd sayılan normativ aktlar nə promulqasiya oluna bilər, nə də ki, icra oluna bilər.

Ermənistanın “bir xalq, iki dövlət” anlayışına presedent kimi təqdim etmək istədiyi Kosovo nümunəsi Dağlıq Qarabağ münaqişəsinə heç cür şamil oluna bilməz. Bu məqam ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasie tərəfindən İrəvanda NATO Parlament Assambleyası seminarında da vurğulanıb: “Ermənilər hesab edirlər ki, Kosovo presedenti Dağlıq Qarabağda tətbiq oluna bilər. Amma bu mümkün deyil – Dağlıq Qarabağı heç bir ölkə, o cümlədən Ermənistan  da tanımayıb. ...Kosovo ölkədaxili münaqişədir, Dağlıq Qarabağ münaqişəsi isə iki ölkə - Ermənistan və Azərbaycan arasındadır”.

Avropa Şurası Parlament Assambleyasının 4 oktyabr 2011-ci ildə qəbul etdiyi 1832 saylı qətnaməsinə əsasən “...hətta beynəlxalq hüquqda milli və etnik azlıqların və ya hətta bəzi hallarda milli çoxluqların öz müqəddəratını təyinetmə hüququ təsdiq olunsa idi belə, Assambleya hesab edir ki, belə hüquq, ayrılmaya birbaşa icazə verə bilməz. Öz müqəddəratını təyinetmə ilk növbədə milli azlıqların hüquq müdafiə vasitəsilə həyata keçirilməlidir”. Qeyd edək ki, Azərbaycan və Ermənistanın 2001-ci ildən, Fransanın isə daha əvvəldən Avropa Şurasına üzv olması, yuxarıdakı qətnamənin hər üç ölkənin hüquqi davranışının şərtləndirilməsinə təsir etməlidir.

Fransa həmçinin Avropa İttifaqının üzvüdür. Bu isə onun üzərinə Avropa İttifaqının hüquq və prinsiplərinə tabe olması, Avropa İttifaqı tərəfindən qəbul edilən qətnamə və prinsiplərə əməl edilməsi üzrə öhdəliklər qoyur. Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin 12 iyul 2002-ci il üçüncü iclasının yekun sənədinə görə, “Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünə tam hörmət əsasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin zəruriliyini vurğulayır. ...Hər iki tərəf ərazilərin de-fakto işğal edilməsi prinsipinin (fait accompli) münaqişənin həll edilməsinin əsasını təşkil edə bilmədiyinə razılaşdı və Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində nə hazırkı vəziyyətin, nə də status-kvo vəziyyətinin gücləndirilməsinə yönəldilmiş tədbirlərin qanuni hesab edilə bilmədiyini vurğuladı”. Avropa İttifaqı Parlamentinin “Cənubi Qafqaz üçün Avropa İttifaqının strategiyasına ehtiyac üzrə” 20 may 2010-cu il qətnaməsi isə, bütün erməni qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən geri çəkilməsini tələb edir.

Bütün yuxarıda deyilənləri nəzərə alaraq, Azərbaycanın ərazi bütövlüyünə qarşı istənilən bir addım həm beynəlxalq hüquqa, həm də Fransa Konstitusiyasına zidd addım kimi nəzərdən keçirilib, hüquqi instansiyalarda adekvat fəsadlarla qarşılaşa bilər. Bütün bunlardan savayı unutmaq lazım deyil ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan istənilən bir addım Gürcüstan, Ukrayna, Moldova və digər Avropaya meyl edən ölkələrin ərazi bütövlüyünə hədə yarada biləcək presedentlər formalaşdıra bilər. Bu isə Fransanın və Qərbin uzun illər formalaşdırdığı siyasətin üstündən xətt çəkmək iqtidarındadır. Deyilənləri nəzərə alaraq, sizin haqq və ədalətin tərəfində durub, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcəyinizə ümid edirik.

Hörmətlə,

Bakı Slavyan Universitetinin sabiq rektoru, Azərbaycan Dillər Universitetinin rektoru, Azərbaycanın xalq yazıçısı, Puşkin medalı laureatı, akademik, Fransada nəşr olunan dörd kitabın müəllifi Kamal Abdulla və Azərbaycan Dillər Universitetinin müəllim-tələbə kollektivi