XƏBƏRLƏR

16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür

15 noyabr, 2020

16 noyabr Beynəlxalq Tolerantlıq günüdür! Bu tarix 1995–ci ildən UNESCO səviyyəsində dünyanın bir çox ölkələrində Beynəlxalq Tolerantlıq günü kimi qeyd olunur. Əsrlər boyu Azərbaycanda müxtəlif xalqların nümayəndələri sülh, qarşılıqlı hörmət və etimad şəraitində yaşayıblar. Ölkəmiz müasir dünyada nümunəvi tolerantlıq məkanı olmuş və multikulturalizm mərkəzlərindən biri kimi şöhrət qazanmışdır.

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dünyada multikulturalizmin və tolerantlığın ən mükəmməl modelini yaradıb.

Ölkəmiz  əsrlər boyu ərazisində mövcud olan bütün dinlərə, mədəniyyətlərə hörmətlə yanaşıb. Ölkəmizdə mövcud olan yüksək multikultural dəyərlər, tolerantlıq, bütün dünyəvi dinlərin sərbəst şəkildə fəaliyyət göstərməsi buna misaldır. Azərbaycanda  dini və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımız bərabərhüquqlu və öz inancına görə azaddır.

Tolerantlıq irqçiliyi, dini dözümsüzlüyü, terror və ekstremizmi birmənalı şəkildə qətiyyətlə rədd edir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir.

Azərbaycanda  təkcə kilsələr və sineqoqlar deyil, həm də çoxsaylı xristian və yəhudi  ibadət evləri fəaliyyət göstərir. Azərbaycan dünyanın azsaylı ölkələrindəndir ki, ərazisində müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayır.

Azərbaycan torpaqlarında – Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycanın müxtəlif bölgələrindən olan azsaylı xalqların nümayəndələri də Vətən qarşısında öz borclarını yerinə yetirmişlər. Azərbaycanda minlərlə ləzgi, avar, talış, yəhudi, rus, saxur və digər azsaylı xalqlar yaşayır. Onlar doğma torpaqlarımızın qaytarılması  uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşmuşlar.

Digər millətləri ölkəsindən didərgin salan Ermənistandan fərqli olaraq, Azərbaycan öz ərazisində müxtəlif xalqlar üçün qardaşlıq məkanı olmuşdur.

Azərbaycanda yaşayan azsaylı xalqlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan-Ermənistan sərhədindəki nizamlama mövqeyini qətiyyətlə dəstəkləyirlər.