XƏBƏRLƏR

“Bayrağımız andımız, qürurumuzdur!” adlı onlayn konfrans keçirilib

10 noyabr, 2020

9 Noyabr Dövlət Bayrağı Günü münasibəti ilə Azərbaycan Dillər Universitetinin filologiya fakültəsinin təşkilatçılığı və Akademik Muxtar İmanovun moderatorluğu ilə “Bayrağımız andımız, qürurumuzdur!” adlı onlayın konfrans keçirilib. Konfransı giriş sözü ilə Universitetin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, AMEA Folklor İnsititutunun direktoru, akademik Muxtar İmanov açıb. O, tədbir iştirakçılarını bu şanlı bayram və 28 ildən sonra Qarabağın incisi olan Şuşanın işğaldan azad olunması münasibəti ilə təbrik edib.

Akademik dövlət rəmzi sayılan bayrağımızın tarixindən söhbət açıb, M.Ə.Rəsulzadənin “Bir kərə yüksələn bayraq,bir daha enməz” şüarının mənəvi dəyərindən danışıb. Bildirib ki, 1918-ci il may ayının 28-də Azərbaycan ərazisində Demokratik Respublika (ADR) elan edilib və göy, qırmızı, yaşıl zolaqlardan ibarət ay-ulduzlu bayraq Azərbaycan Xalq Cümhuriyyətinin əsas dövlət rəmzi kimi qəbul edilib. Bu şanlı bayrağın rəngləri türk milli mədəniyyətini, müasir Avropanın demokratik əsaslarını və İslam sivilizasiyasını özündə ifadə edib.
Moderator Ali Baş Komandanın rəhbərliyilə ordumuzun Azərbaycanın ərazi bütovlüyünü tam təmin edəcəyi günün uzaqda olmadığını və Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayrağın tezliklə bütün işğal olunmuş ərazilərimizdə dalğalanacağını bildirib.

Daha sonra konfransda ADU-nun İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, fil.f.d., dosent Aytən Hacıyevanın “Milli Bayraq Günü” (ingilis dilində), Xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti fil.f.d. Şəhla Nağıyevanın “Bayrağımız qələbə rəmzimiz”, Azərbaycan dilçiliyi kafedrasının müəllimi Günel Ələkbərovanın “Bayraq mənliyimdir, bayraq kimliyim!” və filologiya fakültəsinin tələbələri olan Aysel Əlibabanlının, Səbinə Əsgərovanın, Sənan Cabbarlının, Nigar Hətəmovanın və Elşən Hüseynlinin Azərbaycan, ingilis, fransız, alman, ispan dillərində olan məruzələri dinlənilib.

Bundan başqa, fakültənin dekanı, professor Şahin Xəlilli mövzu ilə bağlı fikirlərini konfrans iştirakçıları ilə bölüşüb. O bildirib ki, bayraq namusumuzdur, qeyrətimizdir, bizi irəliyə səsləyən, gələcəyə aparan, Vətənimizin tarixini yaşadan atributdur. Bu atributa hörmətlə yanaşmalı, onu göz bəbəyi kimi qorumalı və onunla qürur duymalıyıq.
Akademik Muxtar İmanov məruzələri və səslənən fikirləri ümumiləşdirərək konfransı yekunlaşdırıb.