XƏBƏRLƏR

“Azərbaycan bayrağı – tarixi və bu günü” adlı dəyirmi masa keçirilib

09 noyabr, 2020

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi  “Azərbaycan bayrağı – tarixi və bu günü” adlı dəyirmi masa keçirib.

Tədbiri giriş sözü ilə  Regionşünaslıq kafedrasının müdiri dos.Sevdagül Əliyeva açıb. O, veksillologiya elmi, dövlət, beynəlxalq təşkilatlar, şirkət, regional və yerli əhəmiyyətli bayraqlar, Çində və digər ölkələrdə yaranmış qədim bayraqlarhaqqında məlumat verib. 

Azərbaycan Dövlət Bayrağı Muzeyinin direktoru T.f.d. Könül İmamverdiyeva “Azərbaycan bayrağının tarixi və  Dövlət Bayrağı Müzeyinin fəaliyyəti”  mövzusunda çıxış edib. K.İmamverdiyeva Azərbaycan bayraqlarının tarixindən, muzeydə nümayiş edilən bayraq nümunələri, tarixi bayraqların tədqiqi ilə bağlı aparılan araşdırmalar haqqında  geniş məlumat verib.  

Tədbirin ikinci qonağı AMEA–nın Tarix İnstitutunun aparıcı  elmi işçisi, T.f.d.Kamran İsmayılov  “ADR dövrü Azərbaycan bayrağı” mövzusunda çıxış edib. O, Cümhuriyyət dövründə hazırlanmış Azərbaycan bayrağının mahiyyəti və seçilməsi mexanizmi haqqında geniş məlumat verib. 

Tədbirin daha bir qonağı - Regional İnkişaf İctimai Birliyinin aparıcı mütəxəsisi, xəbərlə.com saytının həmtəsisçisi Elnur Ağayev bayrağın gənc nəslin tərbiyəsi üçün əhəmiyyətindən danışıb.

Regionşünaslıq kafedrasının  b/m Abbasova  Hökümə “Müasir Azərbaycan bayrağı” adlı çıxışında  Azərbaycan Respublikasının bayrağının qanuni əsasları, Bayraq günü haqqında bayrağın əhəmiyyəti, dövlətin və vətəndaşların bayrağa münasibətindən danışıb. 

Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı Dos.İbrahim Kazımbəyli tədbirdə çıxış və iştirak edənlərə təşəkkürünü bildirib, üçrəngli Azərbaycan bayrağının Zəfər bayrağına çevrilməsini qürur hissi ilə tədbir iştirakçılarını diqqətinə çatdırıb.

ADU-nun tədris işləri üzrə prorektoru, professor Sevinc Zeynalova Şuşada dalğalanan Azərbaycan bayrağı münasibəti ilə iştirakçıları təbrik edib, cəbhədə vuruşan əsgərlərimizin tezliklə qələbə ilə geri dönməsi arzusunu səsləndirib. Sevinc Zeynalova xüsusilə vurğulayıb ki,  auditoriyada tələbələrimizə Azərbaycan bayrağını tarixi və bu günü haqqında dərin məlumatlar verilməsi çox vacibdir.

Qafqazşünaslıq kadfedrasının müdiri Qorxmaz Mustafayev, Monitorinq şöbəsinin müdiri Fatma Qurbanova, Mingəçevir Universitetinin baş müəllimi Mətanət Yusifova, Bakı Dövlət Universitetinin Hüququ fakültəsinin dosenti Səkinəxanım Rzayeva və başqaları çıxışları bəyəndikləri haqqında koment və təbriklərini bildiriblər.