XƏBƏRLƏR

ADU-nun gənc tədqiqatçısı Beynəlxalq onlayn konfransda iştirak edib

26 oktyabr, 2020

ADU-nun Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Xarici dillər kafedrasının müəllimi Ülviyyə Xəlilova Elm şöbəsinin Corctaun Universiteti ilə qurduğu əlaqələr nəticəsində V Amerika Türk Dilləri Müəllimləri Assosiasiyasının onlayn konfransında iştirak edib. Onun virtual formada təqdim etdiyi elmi tədqiqat işi maraqla qarşılanıb və sertifikata layiq görülüb.

Konfrans “XXI əsrdə dil öyrənmənin standartları və kurikulumun tərtibatı” mövzusuna həsr edilib. Sayca beşinci dəfə keçirilən bu konfransa Türkiyəşünaslıq İnstitutu, ABŞ-ın Pensilvaniya Universiteti, Miçiqan Universiteti, Teksas Universiteti, İndiana Universiteti, Prinston Universiteti, Kornel Universiteti, Arizona Universiteti, həmçinin Nazarbayev Universiteti tərəfindən maddi və texniki dəstək göstərilib.

Müəllifin “Azərbaycanda gənclər arasında materialist arzuların inkişafında sosial şəbəkələrdən istifadənin təsirləri” adlı tədqiqat işi azərbaycanlı gənclər arasında materialist dəyərlərin formalaşması və inkişafında sosial şəbəkələrin roluna həsr olunub. Ölkədə və xaricdə ali təhsil müəssisələrində təhsil alan tələbələr də daxil olmaqla 18-30 yaş arası 100 nəfər gənc arasında materialist arzuların formalaşması və inkişafında sosial şəbəkələrin rolu və təsirinə dair onlayn sorğu keçirilib. Sorğuya özünə hörmət hissini ölçmək üçün Rosenberq şkalası, materializm və sosial şəbəkələrin təsirləri mövzusunda suallar daxil edilib.