XƏBƏRLƏR

ADU-nun əməkdaşının yazısı İndoneziya mətbuatında

19 oktyabr, 2020

Azərbaycan Dillər Universitetinin İndoneziya araşdırmaları mərkəzinin direktoru Laura Zərbəliyevanın İndoneziyanın böyük oxucu kütləsinə malik “Radar Boqor” qəzetində “Qarabağ Azərbaycanın əzəli torpağıdır” adlı məqaləsi dərc edilib.

Məqalədə Qarabağ həqiqətləri və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında məlumat öz əksini tapır.

L.Zərbəliyeva məqaləsində Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğuna və bununla bağlı tarixi faktlara diqqəti çəkib.

Məqalədə 90-cı illərdə Dağlıq Qarabağ və ətrafyanı şəhərlərin Ermənistan tərəfindən işğalı və bunun Azərbaycan xalqı üçün yaratdığı ağır nəticələr haqqında məlumat verilib. Aradan keçən zaman çərçivəsində Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə çalışmasına baxmayaraq, 27 sentyabr 2020-ci ildə yenidən başlayan döyüşlərdə Ermənistanın dinc əhaliyə qarşı törətdiyi təxribatlardan bəhs edilib.

10 oktyabr 2020-ci ildə atəşkəs barədə razılığa məhəl qoymadan müharibə zonasından uzaq məsafələrdə yerləşən Gəncə, Mingəçevir, Xızı və Abşerona olunan hücumlar və bundan əziyyət çəkən, itki verən sivil insanlardan söz açılıb.