XƏBƏRLƏR

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin nəzərinə

15 oktyabr, 2020

Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2020/2021-ci tədris ilinin birinci (payız) semestr üçün sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi məqsədi ilə 15 oktyabr 2020-ci il tarixindən https://e-telebe.edu.az elektron portalı vasitəsi ilə müraciətlərin qəbulunu aktivləşdirəcəkdir.

2019/2020-ci tədris ilinin yaz semestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilməsi həyata keçirilən yuxarı kurs tələbələrinin 2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı  https://e-telebe.edu.az elektron portalına müraciət etmələri tələb olunmur. Belə ki, həmin tələbələrin (məzunlar istisna olmaqla) 2019/2020-ci tədris ilinin yaz semestri üçün sistemdəki müraciətləri 2020/2021-ci tədris ilinin payız semestri (yarımili)  üçün əsas götürülərək onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu informasiya sistemi tərəfindən avtomatik rejimdə müəyyən ediləcəkdir.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq ilin birinci yarısında sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://e-telebe.edu.az elektron portalına müraciət etməlidirlər.